Zəfər Quliyev: “Rusiya bu cür ehtiyat kartları xərcləməyərək əlində saxlayır”
Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərindən əvvəl ciddi siyasi proseslərin əsas qoyuldu. Bu proses ənənəvi olaraq daxildə siyasi qüvvələrin fəallığı ilə deyil, Rusiya paytaxtında cərəyan edən hadisələrin təsiri altında baş verirdi.
Hər şey ondan başladı ki, 2012-ci ilin sentyabr ayının 28-də Moskvada məşhur hotellərdən birində Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlı qurum təsis edildi. Azərbaycanın Rusiyada diaspor təşkilatlarının sayı son illərdə çoxalsa da, bu formatına görə əvvəlkilərdən xeyli fərqlənirdi. 2013-cü ilin prezident seçkilərinə bir il qalmış Moskvada qurulmuş təşkilatda sürpriz isimlər və ən əsası Rusiyada yaşayan ən varlı və nüfuzlu azərbaycanlılar vardı.
Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, “AzerRos” prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov, milyarder iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılovun daxil olduğu yeni təşkilat tezliklə üzvlüyündəki varlı azərbaycanlılara görə “Milyarderlər ittifaqı” adlandırılmağa başladı. İttifaqın sədri isə Rusiya hakimiyyətinə yaxın olan Abbas Abbasov idi.
Çox tezliklə məlum oldu ki, “Milyarderlər ittifaqı” Azərbaycandakı siyasi proseslərə qarışmaqda qərarlıdır.
Qurumun liderləri Azərbaycan hakimiyyətini tənqid edən, seçkilərə hesablanmış açıqlamalar verdi. Daha sonra qurumun üzvü R.İbrahimbəyov Azərbaycanda yaradılan Milli Şuranın sədri seçildi. Cəmiyyətdə isə bu projenin Rusiya hakimiyyəti tərəfindən dəstəkləndiyi və Putinin Azərbaycanda hakimiyyət dəyişikliyini dəstəklədiyi haqda məlumatlar yayıldı. Xüsusən də işə Rusiyada yaşayan milyarderlərin də cəlb olunması haqda xəbərlər prosesə xeyli dərəcədə ciddi siyasi rəng qatırdı. Ancaq sonradan Putinin Bakıya səfəri baş verdi və açıq şəkildə prezident İlham Əliyevi dəstəklədiyi mesajlarından sonra “Milyarderlər ittifaqı” layihəsi tədricən gündəmdən çıxdı.
Gələn il Azərbaycanda böyük əhəmiyyət daşıyan parlament seçkiləri keçiriləcək. Hazırda isə formal da olsa “Milyarderlər ittifaqı” mövcudluğunu qoruyub saxlayır. Bundan başqa, Rusiya ətrafında proseslər xeyli dərəcədə gərginləşib. Əcəba, indiki situasiyada Moskvanın Bakıya təsir etmək üçün “Milyarderlər ittifaqı” kartından yenidən istifadə etməsi nə qədər realdır?
Mövzunu “Yeni Müsavat” üçün şərh edən politoloq Zəfər Quliyev deyir ki, hazırkı şəraitdə Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün səbəb yoxdur: “Rusiya hakimiyyətinin qarşıdan gələn seçkilər ilində Azərbaycan hakimiyyətinə təzyiq etmək niyyəti olmasına inanmıram. Ona görə ki, biz son dövrlərdə Rusiyanın Azərbaycanla münasibətləri yaxşılığa doğru inkişaf etdirməkdə maraqlı olduğunu görürük. Bu tendensiya əslində Moskva üçün də çox vacibdir. Rusiya postsovet məkanında Azərbaycanın geosiyasi əhəmiyyətini nəzərə alaraq, eləcə də Ukraynada Moskva heç nəyə nail olmadığı üçün Azərbaycan istiqamətində müsbət tendensiyaları göstərmək istəyir. Hətta nəzərə alsaq ki, Rusiya-Türkiyə münasibətləri də son dövrlərdə inkişafa doğru çox sürətlə gedir, bu kontekstdə Moskvada da Azərbaycanın Türkiyə ilə ən yaxın müttəfiq olduğunu nəzərə alır. Bütün bu amilləri nəzərə alsaq, indiki vəziyyətdə Azərbaycana siyasi təzyiq göstərmək Rusiyanın maraqlarına cavab vermir”.
Lakin eyni zamanda politoloq qarşıdakı 10 ayda situasiyanın dəyişəcəyini də istisna etmir. Z.Quliyevin fikrincə, əgər siyasi vəziyyət dəyişsə, “Milyarderlər ittifaqı” məsələsi yenidən gündəmə gələ bilər: “Bu versiyanı tamamilə istisna etmək olmaz. Rusiyada sanksiyaların təsiri ilə ciddi bir böhranlı vəziyyət yarana bilər. Ardıcıl sanksiyalar, neftin qiymətlərinin sürətlə düşməsinin Rusiyada siyasi vəziyyətə hansı təsiri göstərəcəyini hələ bilmirik. Eyni zamanda Rusiya-Azərbaycan münasibətləri də o qədər də stabil deyil ki, biz gələcəklə bağlı birmənalı proqnoz verə bilək. Azərbaycan eyni zamanda Qərblə də körpüləri yandırmayıb və yandırmaqda maraqlı deyil. Nəzərə alsaq ki, son dövrlərdə Amerika-Azərbaycan münasibətlərində son dərədəcə ciddi bir gərginlik var.
Həm Azərbaycan, həm də ABŞ bu gərginliyi götürməkdə maraqlıdır. Burda geosiyasi maraq var. Qərb istəmir ki, Azərbaycan da Ermənistan kimi tamamilə Rusiyanın yanında olsun. Ona görə də proseslər çox dinamik davam edir. Mümkündür ki, seçkilərə qədər Azərbaycan yenidən qərbyönlü siyasi xəttə qayıtsın. Belə bir vəziyyətdə gözləmək olar ki, Rusiyadan buna qarşı hansısa cavab zərbəsi olsun”.
Politoloq deyir ki, “Milyarderlər ittifaqı” Rusiyanın ehtiyat kartlarından biridir və Moskva bu cür kartları postsovet respublikalarına qarşı hazır saxlayır: “Rusiya daima bu cür ehtiyat kartları xərcləməyərək əlində saxlayır. Necə ki, Qarabağ münaqişəsini xərcləməyərək əlində saxlayır, hər an Azərbaycana qarşı istifadə edə bilər. O cümlədən Rusiyadakı Azərbaycan lobbisi, oradakı nüfuzlu şəxslər Azərbaycana təsir imkanları baxımından Rusiyanın əlindəki ehtiyat kartlardır. Doğrudur, son dövrlərdə ”Milyarderlər ittifaqı"nın fəaliyyəti gözə dəymir, ancaq istənilən halda o, bir kartdır".
Z.Quliyevin fikrincə, hətta yenidən gündəmə gətirilsə belə, “Milyarderlər ittifaqı” layihəsi əvvəlki effekti verməyəcək: “Ancaq bir məqam da var ki, Rusiyanın ”Milyarderlər ittifaqı" kartı Azərbaycan ictimaiyyəti üçün artıq açılıb. Yeni yarananda bu qurum Azərbaycanın daxilində də cəlbedici görünürdü. Bəziləri hesab edirdilər ki, bu qurum Azərbaycanın daxilindəki proseslərdə müsbət şəkildə iştirak edə bilər. Ancaq indi düşünürəm ki, “Milyarderlər ittifaqı”nın Azərbaycanın daxilindəki situasiyaya təsir etmək imkanları xeyli dərəcədə azalıb. Hətta Moskva bu kartdan istifadə etməyə çalışsa da, əvvəlki effekti olmayacaq və səmərəli istifadə etmək alınmayacaq".
KƏNAN