Jan-Klod Van Damm: “Məni Bakıya dəvət etsələr, həyəcanlanaram...”

16-12-2014, 14:37   
Jan-Klod Van Damm: “Məni Bakıya dəvət etsələr, həyəcanlanaram...”Məşhur amerikalı aktyor, rejissor, ssenarist, döyüş səhnələrinin mahir qurucusu, habelə döyüş sənəti ustası Jan-Klod Van Dammı xüsusi təqdim etməyə ehtiyac yoxdur.

Van Damm 90-cı illərin əvvəllərindən başlayaraq bütün dünyada, o cümlədən postsovet məkanı ölkələrində haradasa kulta çevrilmişdi. İstedadlı aktyor və döyüş sənəti ustasının çəkildiyi filmləri on milyonlarla tamaşaçı izləyirdi.

J.-K.Van Damm bir neçə il qabaq Bakıda da olub. Məşhur döyüşçü-aktyor indi də gələn ilin yayında Azərbaycan paytaxtında keçiriləcək I Avropa Oyunlarına qatılmaq üçün Bakıdan gələcək dəvəti məmnuniyyətlə qəbul etməyə hazırdır.

Haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev Avropaya səfəri zamanı dünyaca məşhur idmançı-aktyorla görüşərək ona bir neçə sual ünvanlayıb.

Beləliklə, Jan-Klod Van Dammın virtualaz.org saytına eksklüziv müsahibəsini təqdim edirik:

- Jan-Klod Van Dammın adı çox məşhurdur. Bu ad Arnold Şvartsnegger, Silvester Stallone, Bryus Li və digər məşhurlarla yanaşı çəkilir. Sizin iştirakınızla çəkilən filmlər on milyonlarla insanın ürəyinə yol tapıb. Azərbaycanda da çox populyar olmağınızdan xəbəriniz varmı?

- Yox, Azərbaycanda bu qədər məşhur olduğumu, tanındığımı bilmirdim. İndi sizin dediklərinizdən öyrəndim. Ona görə də Azərbaycandakı pərəstişkarlarıma minnətdaram. Onlara mənə inandıqlarına və sevdiklərinə görə təşəkkür edirəm.

- 1990-cı illərin sonlarından başlayaraq döyüş janrındakı filmlərə maraq azalmağa başlayıb. Bu, sizin karyeranıza hansısa formada təsir edibmi? Bu keçid dövrünü necə yaşadınız?

- Yox, marağın azalmasının mənim karyerama, fəaliyyətimə heç bir təsiri olmayıb.

- Sizin “Tam məhəbbət” filminiz 2010-cu ildə Kann kinofestivalında qapalı baxışda nümayiş olundu. Ona münasibət birmənalı deyildi, film hətta müəyyən tənqidlərə də məruz qaldı. Sizsə bu film üzərində işləməkdə davam etdiniz. İndi vəziyyət necədir? Filmin taleyi necə olacaq, o, geniş ekranlara çıxacaqmı?

- Bu film artıq hazırdır. Ona fərqli reaksiyalara gəlincə isə bu tənqidlər də filmin hələ tam başa çatdırılmaması ilə izah olunurdu. Biz o filmi Kannda haradasa bir reklam kimi göstərməyi qərara almışdıq. Məqsədimiz auditoriyanın reaksiyasını öyrənmək idi. Bəli, mən o filmi geniş ekranlara çıxarmaq istəyirəm.

- Bu gün dünya kinematoqrafiyasında hansı tendensiyalar müşahidə olunur? Yəni hansı janrda olan filmlərə daha böyük tələbat var?

- Bu gün triller, elmi fantastika və döyüş filmləri janrında olan ekran əsərlərinə daha çox maraq var.

- Əvvəlcə videopiratlıq geniş yayılmışdı. Daha sonra internet və smartfonlar erası gəldi. Bu texnoloji yeniliklər kinoprokatla məşğul olanların, şəxsən sizin özünüzün büdcənizə necə təsir edir?

- Bunların mənə təsiri olmadı. Çünki mən daha yüksək səviyyədə çalışıram. Çalışıram ki, belə şeylərin mənə mənfi təsiri olmasın. Öz filmlərim üzərində həddən artıq işləyirəm. Amma sizin dediklərinizdə həqiqət var. Videopiratlıq dünyanın hər yerində yayılıb və kino sənayesinə dəyəri milyonlarla ölçülən ziyan vurur.

- Azərbaycana qayıdaq. Bu ölkə haqqında hansı məlumatınız var? Bir neçə il qabaq Azərbaycana səfər etmişdiniz. Yaxın gələcəkdə yenidən Bakıya getməyi planlaşdırırsınızmı?

- Əlbəttə, yenidən Bakıda olmaq istəyərdim. Sizin ölkənizdə olanda orada doğrudan da çox isti qarşılandım, mehribanlıq və səmimi münasibət gördüm. Bakı şəhəri çox xoşuma gəldi. Əminliklə deyirəm ki, Bakı artıq Avropa miqyasında, Avropa səviyyəsində bir şəhərdir. Sahilboyu ərazilər, bulvar və şəhərin mərkəzini xüsusilə bəyənmişdim. Ağlıma da gəlməzdi ki, keçmiş SSRİ-nin hansısa bir şəhəri belə inkişaf səviyyəsinə gəlib çata bilər. Bakıda olanda mənə dedilər ki, bu inkişafa sizin ölkənizin prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri sayəsində nail olunub. Mən Sinqapurda tez-tez oluram. Bu unikal ölkənin sosial-iqtisadi inkişafının miqyası məni valeh edir. Bakıda eşitdim ki, sizin prezident də islahatlarına görə ikinci Li Kuan Yudur.

- 2015-ci ilin yayında Bakıda I Avropa Oyunları keçiriləcək. Sizi bu idman tədbirinə dəvət etsələr, reaksiyanız necə olar?

- Əgər məni Bakıya dəvət etsələr, buna yalnız şad olaram və keçən dəfə olduğu kimi fanatlarım qədər həyəcanlanaram. Özü də nəzərə alaq ki, bu, tarixdə ilk Avropa Oyunlarıdır. Azərbaycan xalqını bu möhtəşəm idman tədbiri münasibətilə bəri başdan təbrik edirəm.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.