"Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət özünütəcrid siyasətidir"
Gültəkin Hacıbəyli: "Bu cür addımların nə ilə nəticələndiyini Rusiyanın timsalında görmək mümkündür"
Azərbaycan hakimiyyətinin yürütdüyü aqressiv daxili siyasət, repressiyaları gücləndirməsi beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olsa da, rejim siyasətinə dəyişiklik etmək niyyətində deyil. “Washington Post”dan sonra Israil mətbuatı Əliyev rejiminin Qərblə münasibətləri korlayıb Rusiyanın yanında yer alması faktının Azərbaycanla münasibətlərə təsirini təhlil edib.
“Haaretz” hesab edir ki, Əliyevin bu cür siyasətinin Israillə Azərbaycan arasındakı münasibətlərə mənfi təsiri qaçılmazdır.ÿBir daha Əliyev hakimiyyətinin atdığı addımlar Putin iqtidarının yürütdüyü siyasətlə müqayisə olunub. Amma beynəlxalq aləmdə Azərbaycan hakimiyyətinə qarşı sərgilənən bu münasibətə iqtidarın reaksiyası maraq doğurur. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun son açıqlaması bir daha hakimiyyətin yürütdüyü siyasi xəttə aydınlıq gətirir. Ə.Həsənovun açıqlamasında dolayısı ilə ona işarə vurulub ki, Azərbaycan hakimiyyəti yürütdüyü siyasətə korrektələr etmək niyyətində deyil: “Biz hazırda ABŞ-la, Qərb institutları ilə xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz də bizə o qədər lazımsınız. Bizə dərs verirlər. Bizi öyrədirlər. Biz artıq o öyrənmək, dərs almaq mərhələsini keçmişik”.
Bununla hakimiyyət bir daha Qərb dairələrinə bəyan edir ki, ona olan təzyiqlərə baxmayaraq siyasətləri dəyişməyəcək və rejim islah olunmayacaq. Amma ekspertlər hesab edir ki, Qərbin Azərbaycan hakimiyyətini Rusiya ilə eyni sıraya qoyması ciddi bir nəticədir və Azərbaycan hakimiyyətinin atdığı addımlar da bunu nəzərə almalıdır. Əks təqdirdə Azərbaycan hakimiyyəti hazırda yürütdüyü siyasətə görə özünütəcridi yaşayan Rusiyanın aqibətini bölüşə bilər.
Bəs yürüdülən bu siyasət hakimiyyətə nə vəd edir? Beynəlxalq aləmlə qarşıdurmanı bu səviyyədə dərinləşdirmək, edilən tövsiyələri qulaqardına vurmaq Azərbaycan üçün hansı fəsadları yarada bilər?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət özünütəcrid siyasətidir və bu cür addımların nə ilə nəticələndiyini Rusiyanın timsalında görmək mümkündür: “Rusiya hakimiyyətinin yürütdüyü siyasət özünütəcridə, ölkənin dünya birliyinə getdikcə qapanmasına gətirib çıxarır. Eyni zamanda ölkədə iqtisadi problemlər də daha qabarıq formada baş qaldırır. Siyasi təcridin güclənməsi ölkədəki fəsadların da sayını artırır. Belə bir siyasətdən heç bir dövlət qazanmayıb. Ona görə atılan oxşar addımlara görə nəticələr nə Rusiya üçün, nə də Azərbaycan üçün istisna olmayacaq”.