“Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlər

17-12-2014, 09:09   
“Milyarderlər İttifaqı”nı darmadağın etmək planı işə salındı - sənədlərAbbas Abbasovun “AzerRos”dakı adamına qarşı şok ittiham; Qurum prezidenti - RATİ üzvü Asif Məhərrəmova etimadsızlıq göstərildi və növbədənkənar qurultay çağırıldı; Söyün Sadıqovun varisi yarıtmaz fəaliyyətdə və “təşkilatı polis izolyatoruna çevirməkdə” suçlanılır...

Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində dərin parçalanma yaranıb. Əldə elədiyimiz etibarlı məlumatlara görə, bu parçalanma son həftələrdə daha da güclənərək qurumun hazırkı prezidenti Asif Məhərrəmova qarşı tam etimadsızlığın irəli sürülməsi ilə nəticələnib.

Ondan başlayaq ki, noyabrın 14-də Moskvada “AzerRos”un Federasiya Şurasının 7-ci iclası keçirilib. İclasda 43 Şura üzvlündən 30-u iştirak edib. Toplantıda prezident Asif Məhərrəmovun, eləcə də İcra Aparatının 2013-cü ilin yanvarından 2014-cü ilin noyabrınadək olan dövrdə fəaliyyəti müzakirə olunub. Xüsusi olaraq qeyd edilib ki, Rusiyadakı azərbaycanlıların və təşkilatın regional bölmələrinin narazılığı ona gətirib çıxarıb ki, təşkilatdakı parçalanmalara və regional qurumlarla prezident arasında ortaq qarşılıqlı əlaqələrin olmamasına dözmək daha mümkünsüz görünür.

Çıxışlarda Məhərrəmova qarşı konkret iradlar əksini tapıb. Bildirilib ki, regional təşkilatların nümayəndələri və azərbaycanlılar “AzerRos” prezidentinin mərkəzi ofisinə yaxın düşə bilmirlər, “Məhərrəmov isə praktik olaraq qurumu polis izolyatoruna çevirib” (Buradaca xatırladaq ki, Asif Məhərrəmov Rusiya Daxili İşlər Nazirliyinin zabiti olub).
Çıxışlardan belə qənaət hasil olur ki, təşkilatın Federasiya Şurası məhz Rusiyada, vilayət və regionlarda yaşayan azərbaycanlıların iradlarını əsas götürərək prezidentlə neqativ münasibəti müzakirə eləmək və normal iş şəraitinə nail olmaq istəyib. “Lakin bizim müraciətlərimizi qulaqardı edən prezident Federasiya Şurasının iclasına qatılmaqdan imtina elədi. Bu səbəbdən də ”AzerRos"un növbədənkənar 5-ci hesabat-seçki qurultayını çağırmaq məsələsi qoyuldu", - deyə 14 noyabr iclaslının çıxardığı, yekdilliklə qəbul edilən qərarda qeyd olunur.



Vurğulayaq ki, gələn il yanvarın 17-nə nəzərdə tutulan növbədənkənar qurultayın keçirilməsi üçün T.Hacıyevin başçılığı ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Regional bölmələrə həmin müddətədək qurultaya özlərinin nümayəndələrini, “Federasiya Şurasına və prezidentliyə ən layiqli namizədlərini” müəyyən eləmək tapşırılıb.

Təşkilat Komitəsi həmçinin yeni prezidentin aşağıdakı xüsusiyyətlərə və tələblərə cavab verməli olduğunu xüsusi qeyd edib: “Yeni namizəd Rusiya vətəndaşı və ali təhsilli olmalıdır, məhkumluğu olmamalıdır, ictimai-siyasi təşkilatlarda 5 ildən az olmayan iş stajına malik olmalıdır, regional təşkilatlardan müsbət xarakteristika almalıdır, rus və Azərbaycan dillərində sərbəst danışmalıdır”.

İclasın protokolunda Təşkilat Komitəsinin işinə “AzerRos” rəhbərliyi tərəfindən yaradılan əngəllərlə bağlı aşağıdakı qeydlər də əksini tapıb: “Belə vəziyyətdə aktiv və destruktiv rol məhz indiki prezident Asif Məhərrəmova və qurumun Federasiya Şurasının sədri M. Sadıqovaya məxsusdur. Məhz onlar növbədənkənar qurultayın baş tutmamasına yönəlik mövqe sərgiləyirlər. Belə ki, təşkilat komitəsinin iclasını pozmaq üçün dekabrın 5-də, saat 15:00-da mərkəzi ofisdə Məhərrəmov görüş zamanı Federasiya Şurasının - Təşkilat Komitəsinin üzvləri ilə salamlaşmayıb və bununla da açıq şəkildə onlara hörmətsizlik və gözügötürməzlik nümayiş etdirib. Həmçinin o, Komitə üzvlərini mərkəzi ofisə buraxılmasına, onlara buraxılış vəsiqəsi verilməsinə qadağa qoyub. Təşkilat Komitəsinin üzvləri ofisə yalnız binanın inzibatçısı dəyişəndən sonra və təzə inzibatçı qadağadan bixəbər olduğu üçün girə biliblər”.

* * * * *



Göründüyü kimi, “AzerRos”un hazırkı rəhbərinə - Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun adamı sayılan və Söyün Sadıqovun varisi Asif Məhərrəmova qurumun Federasiya Şurası faktiki surətdə etimadsızlıq göstərib. Bu etimadsızlığın kökündə, doğrudan da indiki prezidentin yarıtmaz fəaliyyətinin durduğu, yoxsa deyilməyən başqa arqumentlərin dayandığını söyləmək hələlik çətindir.
Bir şey dəqiqdir ki, “AzerRos”a rəhbərlik uğrunda növbəti mübarizə başlayıb. Şübhə yox ki, bu mübarizənin necə yekunlaşacağında Abbas Abbasovun müdaxiləsi, təsiri də az rol oynamayacaq. Onu da qeyd edək ki, Abbas Abbasov və Söyün Sadıqov kimi Asif Məhərrəmov “Milyarderlər ittifaqı”nda (RATİ) təmsil olunur.



Bəzi ehtimallara görə, “AzerRos”da son yaşananlar, Məhərrəmova qarşı başladılan etimadsızlıq 2013-cü ildə yaradılan RATİ-ni zəiflətmək planının tərkib hissəsi də ola bilər. Bəllidir ki, son prezident seçkiləri zamanı RATİ, o sırada onun fəal üzvləri olan Abbas Abbasov və Söyün Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yarada bildilər. İstisna deyil ki, “AzerRos” rəhbərliyində gedən proseslər həm də “Milyarderlər ittifaqı”nı gələnilki parlament seçkilərinədək zəiflədib təsirsiz hala gətirmək planının tərkib hissəsidir.
*****



Arayış üçün əlavə edək ki, Asif Məhərrəmov 1953-cü ildə Azərbaycanın Goranboy rayonunda doğulub. Əmək fəaliyyətinə 1970-ci ildə Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən mexanika zavodunda başlayıb. 1971-73-cü illərdə sovet ordusunun sıralarında Sevostopol şəhərində xidmət edib. Hərbi xidməti rota komandirinin müavini vəzifəsində başa vurub.

1973-cü ildə komsomol təşkilatının göndərişi ilə Daxili İşlər Nazirliyi sisteminə yönləndirilib. Əvvəlcə Minsk şəhərində yerləşən SSRİ DİN-in Milis Məktəbini fərqləndirmə ilə bitirib. 1976-1983-cü illərdə Kalininqrad Şəhər Birləşmiş Milis Diviziyasının komandiri, baş əməliyyat müvəkkili işləyib. 1983-də SSRİ DİN-in Akademiyasını bitirib. 1984-1994-cü illərdə SSRİ DİN-in operativ işlər üzrə şöbəsində rəhbər postda çalışıb. 1994-2004-cü illərdə Rusiya Daxili İşlər Nazirliyinin yüksək çinli zabiti kimi müxtəlif idarələrə rəhbərlik edib. 2009-cu ildən indiyədək “Roskosmos” dövlət qurumunun baş direktorunun müavini vəzifəsində işləyir. 2013-cü il yanvarın 25-də “AzerRos”un yeni prezidenti seçilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.