Dekabrın 13-ü Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində müxalif partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilib. Görüşdə iqtidarı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, müxalifəti ADP sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və başqaları təmsil edib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Media forum” saytının bu görüş və iqtidar-müxalifət dialoqu imkanları ilə bağlı suallarını cavablandırıb.
- Dekabrın 13-də keçirilən görüşü iqtidar-müxalifət dialoqunun başlanğıcı saymaq olarmı?
- Həm hakimiyyət təmsilçiləri, həm də partiyalar 13 dekabr tədbirini Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla bir qrup siyasi partiyanın görüşü adlandırıblar. Ən doğru yanaşma budur. Düzdür, ekspertlər, jurnalistlər bunu iqtidar-müxalifət dialoqu kimi qiymətləndirir, amma mən bunu doğru saymıram. Dekabrın 13-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir qrup siyasi partiya təmsilçisi ilə görüşüb.
- Əgər 13 dekabrda keçirilən tədbiri iqtidar-müxalifət dialoqu saymırsınızsa, onda dialoq hansı formatda və necə olmalıdır?
- Siyasi partiyaların baş verən proseslərin əsas subyekti və iştirakçısına çevrilməsinə nail olmaq lazımdır. Demokratiya və İnsan Haqları Mərkəzində son bir neçə ayda yürütdüyümüz siyasi kurs buna xidmət edirdi. Dekabrın 13-də keçirilən görüşü bir mərhələ saymaq olar. Həmin tədbirin müəyyən əhəmiyyəti var. Amma iqtidar-müxalifət dialoqu bundan fərqli məsələdir. Bunun üçün dialoq mühitinin yaradılmasına ehtiyac var. Dekabrın 13-də keçirilən görüş dialoq mühitinin formalaşdırılmasına kömək edə bilər. Lakin burada bir məqam da var. İqtidar belə tədbirləri dialoq imitasiyasına çevirir. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Əgər bu, Azərbaycan üçün taleyüklü bir məsələ olmasaydı, hakimiyyətin bundan öz maraqları uyğun formada istifadə etməsinə təbii baxmaq olardı. Amma indi bütün dünya, o cümlədən Azərbaycan çətin, gərgin dönəm yaşayır.
İqtidar-müxalifət dialoqunun əhəmiyyətli və effektiv olması üçün dialoq mühiti yaradılmalıdır və bu işdə əsas məsələlər hakimiyyətdən asılıdır. Dialoq mühitinin yaradılması üçün ən effektiv yollardan biri siyasi məhbusların azadlığa buraxılması istiqamətində addım atılması olar. Bu da iqtidardan asılıdır. Əgər siyasi məhbuslar azadlığa buraxılsa, ölkədə dialoq üçün fərqli mühit yaranar.
Həqiqi və effektiv dialoq üçün əsas müxalifət təşkilatları olan Müsavat və AXCP prosesdə iştirak etməlidir. Müsavat və AXCP-nin qatılmadığı hər hansı tədbiri iqtidar-müxalifət dialoqu adlandırmaq mümkün deyil.
QHT-lərin də dialoqda iştirak etməsi vacibdir. Hakimiyyətin siyasətinə qarşı müxalif mövqedə dayanan vətəndaş cəmiyyətinin, gənclik hərəkatının nüfuzlu liderlərinin dialoq prosesində iştirak etməsi mümkündür.
Nəhayət, sonuncu prezident seçkisində müxalifətin vahid namizədi olmuş professor Cəmil Həsənlinin dialoqda yer alması faydalı olardı.
- Sizin dediyiniz formada dialoqun olması ölkəyə nə qazandırar?
- Dialoqun başlaması ciddi hadisə olar, Azərbaycanda siyasi durumu dəyişdirər, gərginliyi, qarşıdurmanı aradan qaldırar, ölkənin imicini yaxşılaşdırar, nüfuzunu yüksəldər. Eyni zamanda konkret məsələlər üzrə irəliləyiş əldə olunar. Məsələn, biz xeyli vaxtdır ümumxalq Qarabağ toplantısının keçirilməsini təklif edirik. Orada cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə məsələ müzakirə olunar, ümummilli mövqe ortaya qoyular, vahid konsepsiya hazırlanar.
Azərbaycanın inkişafı, islahatların aparılması üçün konseptual təkliflər var. 2015-ci ildə parlament seçkisi keçiriləcək. Bununla bağlı Seçki Məcəlləsində dəyişikliklər etmək, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi vacibdir. İqtidar-müxalifət dialoqu zamanı bunlar müzakirə edilə bilər.
Əgər hakimiyyətin də hansısa təklifləri varsa, müxalifət bunu müzakirə etməyə hazırdır.
Dialoq istiqamətində yavaş-yavaş addım atılmalıdır. Biz bilirik ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu sahədə hakimiyyətin əsas məmurudur. Amma prosesi yalnız onunla aparmağı yetərli saymaq olmaz. Prezident səviyyəsində məsələyə münasibət bildirilməsi vacibdir. Belə bir münasibət siyasi mühitin aydınlaşmasına təsir edər. Azərbaycan müxalifəti ciddi dialoqa hazırdır. Əsl müxalifət qüvvələrini kimlərin təmsil etdiyini isə yuxarıda qeyd etdim.
- Mətbuatda yazılanlara görə, iqtidar-müxalifət dialoqunun əsas təşəbbüskarlarından biri də siz olmusunuz. Yenə də təşəbbüs göstərəcəksinizmi?
- İqtidar-müxalifət dialoqunun başlaması mənim təşəbbüsüm deyil. Xeyli müddətdir hamı iqtidar-müxalifət dialoqunun vacibliyindən danışır, təkliflər verilir, arzular ifadə olunur. Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyaların sentyabr ayında ümumrespublika müşavirəsi keçirildi. Yekun qətnaməyə ölkədə dialoq mühitinin yaradılması üçün mümkün olan addımların atılması məsələsi də daxil edildi. Çıxış yolu kimi bu istiqamətdə hansısa addımların atılması məsələsini müzakirə etmək üçün Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyaların Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşməsi ideyası irəli sürülmüşdü. Əli Həsənovla görüşmək məsələsi də mənim ideyam deyildi. İdeya Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyalara məxsus idi. Mən ümumi şəkildə qəbul olunmuş fikri səsləndirmişəm, bu məsələdə rolum və iştirakım bundan ibarət olub.
Sonradan isə görüşdə iştirak edəcək partiyaların çərçivəsi genişləndi, əvvəldən nəzərdə tutulan formadan kənara çıxıldı, yayğın forma aldı. 13 dekabr tədbirində belə qərara gəlinib ki, qarşıdakı iki ayda qeydiyyatdan keçmiş bütün siyasi partiyaların iştirakı ilə növbəti tədbir keçirilsin. Yəni Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla daha geniş tərkibdə görüş olsun. Yəni təşəbbüs artıq Əli Həsənova verilib. Amma belə geniş tərkibli görüşün iqtidar-müxalifət münasibətlərinə müsbət töhfə verəcəyinə inanmıram. Əksinə, bu, iqtidar-müxalifət dialoquna mane olacaq. Çünki geniş tərkibli görüş həqiqi dialoqdan çox imitasiyaya çevrilir.