Şair Ramiz Qusarçaylıdan şedevr şeir - "Bank"

18-12-2014, 20:39   
Şair Ramiz Qusarçaylıdan şedevr şeir - "Bank"
Qubada yaşayan istedadlı şair Ramiz Qusarçaylı ölkənin maliyyə sektorunda tüğyan edən borclanma, faizə pul götürmə, banklardan asılılıq probleminə özünəməxsus şəkildə, satirik planda yanaşıb və ortaya gələcəkdə dəsrliklərə düşəsi yaradıcılıq bəhrəsi qoyub. Şairin satirik olduğu qədər, acı, acı olduğu qədər də gerçəkçi olan "Bank" adlı şeirini oxucularıma təqdim edirik:


Bank

Döngədə bank, dalanda bank, tində bank,
Tövlədə bank, fermada bank, hində bank,
İblisdə bank, şeytanda bank, cində bank,
Hərif satır, nökər satır, qul satır,-
Bu adamlar adamlara pul satır...

Faiz-faiz ucuzlaşır adamlar,
Sələm-sələm acizləşir adamlar,
Harınlaşır, quduzlaşır adamlar,
Yetim satır, talaq satır, dul satır,-
Bu adamlar adamlara pul satır...

Saray-saray əskinazlı oyunlar,
Qoltuqlara özü gəlir boyunlar,
At oynadır ortalıqda qoyunlar
Naxır satır, ilxı satır, çul satır,-
Bu adamlar adamlara pul satır...

Bir tələdi, bir ovçudu, bir ovdu,
Hər bir kişi öz evində girovdu,
Buz ürəklər, donuq gözlər...qırovdu
“Çərlə!” satır, “Sürün!” satır, “Öl!” satır,-
Bu adamlar adamlara pul satır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.