“Zaman” qəzeti “azad”, “Samanyolu” “həbs” edildi; Bilal Ərdoğan Soner Yalçını məhkəməyə verdi; 17 dekabr əməliyyatında müsadirə edilən pullar üzərinə faiz əlavə edilməklə sahiblərinə qaytarılacaq; CHP-nin “Rüşvətə yox” həftəsi polis basqınları ilə sonuclandı
“Zaman” qəzetinin baş redaktoru Ekrem Dumanlı haqqında həbs qəti imkan tədbiri dəyişdirilib. Dekabrın 19-da İstanbul məhkəməsi baş redaktoru ölkədən xaricə çıxmamaq şərtilə həbsdən azad edib.
“Samanyolu” Yayın Qrupunun başqanı Hidayət Karaca isə həbsdə qalıb. Məhkəmə onun haqqında terror hörgütü qurmaq və idarə etmək ilə bağlı ciddi dəlillər olduğu səbəbi ilə həbs-qətimkan tədbirini dəyişməyib.
Məhkəmə saxlanılan 12 nəfərdən daha 8-ni həbsdən azad edib. Ekrem Dumanlı ilə digər 3 nəfər qanunsuz silahlı dəstə yaratmaqda şübhəli şəxs olaraq istintaq müddətini təcridxanada keçirəcək.
İddianamədə İstanbul Terrorla Mübarizə İdarəsinin keçmiş müdiri Tufan Ergüder, Asayiş şöbəsinin müdiri Ertan Erçıklı, həmin şöbənin əməkdaşı Mustafa Kılıçarslanın Hideyet Karacanın qurduğu qanunsuz silahlı dəstənin üzvləri olduğu bildirilir.
Proses davam edən saatlarda minlərlə camaat üzvü dəstək ifadə etmək üçün İstanbul məhkəməsinin qarşısına toplaşıb. Qələbəlik Ekrem Dumanlının həbsdən azad edilməsi xəbərini böyük coşqu ilə qarşılayıb.
Dekabrın 14-də saxlanan 12 nəfərlə bağlı istintaqı İstanbul Prokurorluğu aparır. Saxlanan şəxslərə qarşı dövlətin təməllərini ələ keçirmə, şantaj, basqı, təhdid yolu ilə çoxsaylı şəxslərin azadlığını məhdudlaşdırma, eləcə də dövlət əhəmiyyətli sənədlərin saxtalaşdırılması maddələri üzrə ittiham irəli sürülüb.
Prezident Ərdoğanın oğlu Bilal Ərdoğan isə Türkiyənin ünlü qəzetçilərindən olan Soner Yalçının həbs edilməsi tələbi ilə məhkəmə iddiası qaldırılıb. Bilal Ərdoğan iddia edir ki, “İtkin sicilləmə - Ərdoğanın oğurlanan dosyesi” adlı kitabında Soner Yalçın ona həqarət edib. Bilal Ərdoğanla bərabər prokuror Emin Aydınç da qəzetçi haqqında eyni iddianı qaldırıb. Şikayət üzrə ilk məhkəmə prosesi 2015-ci martın 3-də İstanbulda keçiriləcək.
İddiaçılar Soner Yalçının kitabındakı bu parçanın Bilal Ərdoğana həqarət olduğunu düşünür: “Bu ölkədə əxlaq iqtidar olsun. Kirliliyə bulaşmamış təmiz insanlar qalib gəlsin... Gəzi dirənişində öldürülən Əli İsmayıl Qorxmazlar, Berkin Elvanlar qalib olsun. Bu gün Türkiyədə iki simvol var. Biri Berkin, biri Bilal. Bu, bizə, hamımıza iki Türkiyəni göstərir. Berkin böyük bir yaxşılığın adıdır, Bilal sıradan zalım bir pisliyin adı. Berkin məsumiyyətin, cəsarətin, gözəlliyin təmsilçisidir, Bilal gücün, harınlığın, yalançılığın təmsilçisi. Bilal zülmün adı, Bilal kirli Türkiyənin simvolu, Bilal hiyləgərliyin adı, Bilal etibarsızlığın adı, Bilal zülmün adıdır”.
Tərəfdarlarının həbsinə etiraz edən Fətullah Gülən camaatı baş verənləri AKP iqtidarının və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın onlara qarşı kampaniyası hesab edir. Ötən gecə camaatın xeyli tərəfdarı İstanbul küçələrində həbslərə etirazlarını bildirib, hakimiyyəti rəqibləri ilə zor yox, qanun dili ilə danışmağa çağırıb. Camaata yaxın media yazır ki, kampaniyanın başlanması ilə bağlı qərarı prezident Ərdoğan Milli Təhlükəsizlik Şurasının 30 oktyabr toplantısında verib. Prezident bildirib ki, leqal görünən bütün illeqal qurumlar ləğv edilməlidir. Bundan sonra son aylarda camaata yaxınlığı ilə tanınan bütün qurumların toplantıları videonəzarətə götürülüb. Ancaq hədəfdə yalnız Gülən camaatı deyil.
Dekabrın 14-də İstanbulda İsmailağa Camaatına yaxın Mevlana Ahmet Ziyaüddin Gümüşhanevi Derneğinin toplantısında şəxsiyyəti toplantı təşkilatçılarına və iştirakçılarına bəlli olmayan 2 şəxs video-çəkiliş aparıb. Yığıncağa gələn 400 nəfər bu şəxslərin kimliyi ilə dəfələrlə maraqlansa da konkret cavab ala bilməyiblər. Onların Milli İstihbarat Təşkilatının görəvliləri olduğu ehtimal edilir. Toplantıda gərginlik yaşanmaması üçün camaat liderləri çəkilişə mane olmamaq göstərişi verib.
Camaat liderləri rəsmi Ankaraya da seminarın hansı məqsədlə çəkilməsi haqqında sorğu göndərib. Hələlik bu sorğu da cavabsızdır. Müstəqil araşdırmalar zamanı isə bəlli olub ki, noyabrın ilk günlərində bütün dini qurumlar xüsusi nəzarət altındadır.
Türkiyə mediası AKP-Camaat davasının ilk açıq toqquşmasının - 17 dekabr Böyük Rüşvət Əməliyyatının bir illiyi ilə bağlı yazıların dərcini davam etdirir. “Radikal” qəzeti yazır ki, 17 dekabrda həbs edilən bütün şəxslər azad edildikdən, açılan cinayət işləri bağlandıqdan sonra hökumət “zərərçəkənlərin” hüquqlarının müdafiəsi mərhələsinə başlayıb. Məhkəmənin qərarı ilə 17 dekabr əməliyyatından sonra vəzifəsindən getmək məcburiyyətində qalan keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərlə Xalq Bankın baş direktoru Süleyman Aslanın evindən tapılan pullar faizləri ilə bir yerdə sahiblərinə qaytarılacaq.
İndiyə qədər Barış Gülərin evində tapılan 400 min türk lirəsi, 300 min avro, 100 min dollar, Süleyman Aslanın evində olan 2,5 milyon dollar, 1.5 milyon avro əmanət olaraq saxlanırdı. Məhkəmənin qərarı ilə pul Türkiyənin bank sektorundakı əmanətlərinin ortalama faizi ilə bir yerdə Barış Gülər və Süleyman Aslana qaytarılacaq. Süleyman Aslan 17 dekabr əməliyyatı zamanı evindəki ayaqqabı qutularından tapılan pulların ianə olduğunu, Makedoniyada Balkan Universitetinin, Osmancıkda İmam Hatip məktəbinin tikintisinə xərclənəcəyini demişdi. Türkiyə qanunlarına görə, bank ianə toplanması ilə məşğul ola bilməz. S.Aslana qarşı Cinayət Məcəlləsinin uyğun maddəsi ilə cinayət işi qaldırılsa da bir neçə ay sonra işə xitam verilib.
Türkiyə mediasının yaydığı xəbərlərdən o da bəlli olur ki, AKP-nin hədəfində müxalif siyasi partiyalar da var. Ötən 2 gündə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının bir neçə şəhərdəki qərargahına polis basqını olub. Polislər CHP binalarına 17 dekabr Böyük Rüşvət Əməliyyatı ilə bağlı asılan posterlərin çıxarılmasını tələb edib. Posterlərin üzərində adı rüşvət iddialarında hallanan prezident Ərdoğanın oğlu Bilal Ərdoğanın, eləcə də rüşvət iddialarına görə vəzifədən gedən 4 keçmiş nazirin şəkilləri var. 17 dekabrın ildönümündə CHP “Rüşvətə yox” kampaniyası çərçivəsində adı qara pulların yuyulmasında çəkilən keçmiş hökumət üzvlərinin və Bilal Ərdoğanın şəkillərindən ibarət kollaj posterlər hazırlatmışdı. Posterlər Türkiyə Böyük Millət Məclisinin 17 dekabrda keçirilən toplantısında da göstərilmiş və AKP təmsilçilərinin sərt etirazlarına səbəb olmuşdu. Bir neçə AKP-li millət vəkili partiyanın nüfuzunu ləkələməsi iddiası ilə CHP üvlərindən məhkəməyə şikayət edib.