Türkiyə-Rusiya ittifaqı: Ermənistan siyasi təlatümlərin astanasındadır...

19-12-2014, 22:39   
Türkiyə-Rusiya ittifaqı: Ermənistan siyasi təlatümlərin astanasındadır...
Krım hadisələrindən sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Moskvanın iqtisadi məngənədə sıxılması və rublun kəskin dərəcədə dəyərdən düşməsi ilə yanaşı, Ankara üçün sözün əsl mənasında fürsət oldu.

ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına məhəl qoymayan Ankara rəsmiləri Moskva ilə iqtisadi əməkdaşlığı davam etdirəcəklərini açıqladılar.

Tərəflər arasında “Türk axını” qaz layihəsinin inşası ilə bağlı müzakirələrdə qaranlıq məqamlar olsa da, onların bu layihəni reallaşdırmaqda israrlı olduğunu görmək olar.

Bu gün regionda baş verən bir çox siyasi hadisələr, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, Avropa İttifaqının Türkiyəyə qarşı münasibəti onu söyləməyə əsas verir ki, bir vaxtlar xəyal olan Moskva-Ankara ittifaqı qaçılmazdır. Bu ittifaq Moskva üçün zərurət olduğu halda, Ankara üçün iqtisadi maraqların reallaşması ilə yanaşı, “insan haqları” və “fikir azadlığı” düşüncəsi ilə süslənən Avropaya sərt cavabdır.

Əslində Moskva ilə Ankara arasındakı tarixi fürsət hesab edilən yaxınlaşma regiona da öz ciddi təsirini göstərə bilər. Hətta ötən gün Rusiya prezidenti ilin yekunları ilə keçirdiyi mətbuat konfransında Ankara və Moskva arasında oxşar maraqların az olmadığını bildirdi. Putin Rusiya və Türkiyənin üst-üstə düşən xeyli regional maraqları olduğunu və Türkiyənin iştirakı olmadan bu məsələləri həll etməyin mümkün olmadığını bildirdi.

Əslində Putinin bu sözləri Moskva üçün “ümid qapısı” hesab edilən Ankaranın regiondakı artan nüfuzunun göstəricisidir. Regionda isə həll olunmalı məsələlərdən ən başlıcası təbii ki, Dağlıq Qarabağ münaqişəsidir.

Ankara-Moskva ittifaqının möhkəmlənməsinin regiona ciddi təsir edəcəyi və maraqların dəyişəcəyi ehtimalı var. Belə ki, saxta soyqırımın 100 illiyini qeyd etməyə çalışan Ermənistanın Rusiya ilə müttəfiqliyi Moskva üçün əvvəlki illərdə olduğu kimi birinci deyil, arxa plana keçəcək.

Ankara-Moskva yaxınlaşmasından ciddi narahat olan Yerevan isə himayədar sorağında üzünü Qərb və ABŞ-a çevirməli olacaq. Dolayısilə, Ankara-Moskva iqtisadi müttəfiqliyi fonunda Yerevan ciddi siyasi təlatümlərin astanasındadır.

Məhz bu səbəbdən də Cənubi Qafqazdakı siyasi proseslərə, güclənməkdə olan Moskva-Ankara əlaqələrinə nəzər saldıqda, uduzan tərəfin əsasən bölgənin ən zəif oyunçusu olan Ermənistan olduğunu görmək olar.

Əslində rəsmi Moskva da yaxşı bilir ki, uçurumun kənarında olan iqtisadiyyatı Ermənistanla müttəfiqlik əsla xilas edə bilməz. Digər tərəfdən, Rusiya iqtisadiyyatında böhranın başlaması ilk növbədə Ermənistan üçün “qiyamət gününün əlamətidir”.

Rusiyadakı iqtisadi böhran isə Türkiyə bazarına dolayı yolla təsir edə bilər, lakin bu, Ankara üçün bir o qədər də təhlükəli deyil.

Bu gün güclənməkdə olan Ankara-Moskva və arxa plana keçməkdə olan Moskva-Yerevan münasibətləri ilə yanaşı, Bakı-Ankara münasibətlərinin yüksək səviyyədə olması danılmazdır.

Dağlıq Qarabağ münaqişəsinin regionun rifahına və iqtisadi yüksəlişinə təsir edən başlıca amil olduğu nəzər alınsa, baş verən hadisələrin fonunda bu problemin həlli prioritet mələsə olaraq qalır.

Hər zaman Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyən Türkiyənin Ankara və Moskvanın yaxınlaşması fonunda Azərbaycanın maraqlarına zidd addım atacağı inandırıcı deyil. Ən azından ona görə ki, Daqlıq Qarabağ münaqişəsi Türkiyə üçün milli məsələ olmaqla yanaşı, regionda sabitliyə mane olan ən başlıca amildir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.