Xalq artisti, sevimli aktrisa Nuriyyə Əhmədova ən böyük arzusunu dilə gətirib. O bu haqda Milli.Az-a danışıb:
“Allah heç bir valideynin balasını ona çox görməsin. Hal-hazırda ən böyük arzum oğlum Faiqlə bağlıdır. İstərdim ki, o mənim sənətimi davam etdirsin. Əgər onda bu sənətə qarşı sevgi olmasaydı, heç incəsənətdə olmağını istəməzdim. Çox müasir uşaqdır, dünyanın hər yerindən xəbər verir. Onu hələ uşaq olarkən rəqsə qoydum. Xalq artisti Təranə Muradova onun çox böyük gələcəyinin olduğunu bildirmişdi. Faiq bir neçə dildə danışır. Onu da deyim ki, o həm rejissor, həm aktyor, həm də ssenarist ola bilər. Mən onu bu sənətlərdə görürəm. Mən istərdim ki, o bu sənətilə məni yaşatsın”.
Xalq artisti böyük oğlunun vaxtsız ölümü ilə barışa bilmir.
“Böyük oğlum rəhmətə gedəndən sonra bütün meylimi kiçik oğlum Faiqə salmışam. Mən heç inanmırdım ki, 2-ci itkiyə dözə bilərəm. Dərdi verən Allah dərman da verir. Həqiqətən də bu itki mənim üçün gözlənilməz oldu. Mənə bu çətin günlərdə kömək olan bütün dostlarıma, sənətçilərə təşəkkür edirəm. Həqiqətən də dost dar gündə tanınır. Onlar məni bu çətinlikdən çıxardılar. Fikrimin, diqqətimin yayınması üçün hal-hazırda rəfiqəmin bağındayam. Amma övlad acısını ana unuda bilmir. Bəzən yadıma düşür, kövrəlirəm. Telefonuna zəng edirəm, görürəm ki, zəng çatmır (ağlayır). Efirlərə də dəvət edirlər, hələ özümdə güc toplayıb gedə bilmirəm”, deyə xalq artisti bildirib.