“Azərbaycan”dan Amerikaya qarşı sensasion ittihamlar; Rəsmi dövlət qəzeti: “Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi”
Rəsmi dövlət qəzeti olan “Azərbaycan”da “ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr” adlı sensasion iddiaların yer aldığı yazı dərc olunub. Yazıda ABŞ-a yönəlik xeyli ittihamlar var. Şübhəsiz ki, hakimiyyət rəhbərliyinin razılığı olmadan rəsmi dövlət qəzetində belə bir yazı dərc edilə bilməzdi. Bu isə onun göstəricisidir ki, ABŞ-Azərbaycan münasibətləri ən kritik həddə gəlib çatıb.
Məqalədə Amerikanın bölgədə yalnız öz geosiyasi maraqlarını güddüyü, Azərbaycana qarşı müntəzəm olaraq ikili standartlarla yanaşdığı xüsusi vurğulanır. “ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir” - deyə, qeyd edilir: “...Bu, tamamilə yanlış düşüncə tərzidir...”
Yazıda həmçinin bir sıra QHT-lərə və bəzi şəxslərə ümumilikdə milyonlarla manat qrant ayırdığı qeyd olunur. Bu vəsaitlər hesabına işlər görənlər isə “Amerika agenti” kimi təqdim edilir.
Məqalədə Azərbaycanın daim ABŞ-la əməkdaşlıqda maraqlı olduğu, İraqda, Əfqanıstandakı əməliyyatlar zamanı koalisiya qüvvələrinə dəstək verdiyi xatırladılır: “...Azərbaycan ABŞ və Qərb dövlətləri ilə münasibətlərində həmişə səmimi olub, müxtəlif istiqamətlərdən yönəlmiş təzyiq və təhdidlərə baxmayaraq, əməkdaşlıq əlaqələrini inkişaf etdirib və ümumi işə öz töhfəsini verib. Bəs, bunun qarşılığında nə alıb? Qərb də Azərbaycanla münasibətlərində səmimi olmağı bacarıbmı? Cavab birmənalıdır: YOX!”...
Yazıda bir məqam diqqəti xüsusi cəlb edir: “...1990-cı illərin ikinci yarısından etibarən ABŞ-ın müəyyən dairələri Azərbaycanla bağlı müxtəlif bədbin ssenarilər hazırlamağa və həyata keçirməyə başladılar. İnsan haqları məsələsinin süni şəkildə qabardılması, seçki prosesinin gözdən salınması, korrupsiya haqqında miflərin yaradılması və digər bu kimi əsassız ittihamların başlıca məqsədi böyük iradə və əzmkarlıq göstərərək uğurla inkişaf edən, qısa zamanda beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən, zəngin enerji potensialını öz xalqının rifahına yönəltməyə çalışan bir müsəlman ölkəsini sarsıtmaq, onu milli dövlət quruculuğundan, ümummilli problemlərinin həllindən yayındırmaq, dünya ictimaiyyəti qarşısında imicini korlamaq idi. Artıq ümummilli lider Heydər Əliyevin vəfat etdiyi 2003-cü ildə bu ssenarinin ilk konturları özünü açıq şəkildə büruzə verməyə başladı. Qeyd edək ki, həmin illərdə əvvəlcə Serbiyada, sonra isə Ukrayna, Gürcüstan və Qırğızıstanda rəngli inqilablar vasitəsilə hakimiyyət çevrilişləri həyata keçirildi. 2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı.
Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və ”hakimiyyətdaxili müxalifət" olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu.
Aradan bir neçə il keçdikdən sonra hakimiyyət çevrilişləri və inqilabların yeni ssenarisi ərəb dünyasını titrətdi. Bu dəfə proses “ərəb baharı” adını aldı... Həmin dövrdə baş vermiş bəzi hadisələr “ərəb baharı”nın mexaniki şəkildə Azərbaycana köçürülməsi məqsədini güdüb. 2012-ci ilin martında Quba və 2013-cü ilin yanvarında İsmayıllıda təşkil edilmiş iğtişaşlar dünyaya “xalq üsyanları” adı altında sırındı, radikal müxalifət və “5-ci kolon” təşəbbüsü ələ almağa və prosesləri idarə etməyə çalışdılar....
Ekspertlər hesab edirlər ki, 2013-cü ilin yanvarında radikal müxalifət partiyalarının fəalları olan bir qrup başıpozuq gəncin “əsgər ölümünə etiraz” aksiyaları və “molotov kokteyli inqilabı” da Ukraynadan əvvəl Azərbaycanda sınanmış və iflasa uğramış ssenari olub.... Bu aksiyaların əsas təşkilatçısı olan ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevs isə hesabından çıxardığı 2 milyon dolların hansı məqsədlərə xərcələndiyinə dair heç bir izahat verə bilməyərək, biabırçı şəkildə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Hesab etmək olar ki, bundan bir az sonra səfir Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində Azərbaycana “od püskürməsi” və ölkəni “inqilabla” hədələməsi məşhur bir film qəhrəmanının “nevinovataya ya” hayqıraraq öz rəhbərliyi qarşısında məsuliyyəti üzərindən atmaq cəhdi idi. Hər halda, Morninqstarı təlimatlandıranlar gərək ahıl yaşlı diplomata R.Harnişin aqibətini rəva görməyəydilər və ona şərəflə missiyasını başa çatdırıb öz ölkəsinə qayıtmasına şərait yaradaydılar. Yeri gəlmişkən, deyilənə görə, bu şəxslər indiyə kimi də işsizdirlər... Ümid edirik ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekura bu həqiqətdən və sələflərinin aqibətindən düzgün nəticə çıxaracaq...".
Görünür, bu qeyd həm də yeni səfirə “gözü çıxmış qardaşdan dərs götür” mesajıdır...
Yazıda ABŞ-ın Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün dəridən-qabıqdan çıxmaqda, bunun üçün külli miqdarda vəsait ayırmaqda da suçlanır.
Nəhayət, məqalənin sonunda yazılır: “ABŞ Azərbaycanla münasibətləri pisləşdirmək üçün özü çoxdan bəlli prinsipləri pozub və ”qırmızı xəttə" çox yaxınlaşıb. Bu isə ritorik bir sual üçün ciddi əsas yaradır: ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi varmı? Bu haqda düşünməyə dəyər".