Dəyərdən düşən rublun Azərbaycanın bank sektoruna təsiri açıqlandı

20-12-2014, 12:19   
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına, o cümlədən nağd valyuta bazarına heç bir limit və məhdudiyyət tətbiq etməyi planlaşdırmır. Bunu Trend-ə AMB-dən Bakıda valyutadəyişmə məntəqələrində dollar kütləsinin çatışmazlığı məsələsini şərh edərkən deyiblər.

Mərkəzi Bankdan bildiriblər ki, bankların heç bir məhdudiyyət olmadan bütün bazarın tələbatını təmin etmək üçün kifayət qədər valyuta həcmləri var.

Azərbaycan Banklar Assosiasiyasının sədri Eldar İsmayılov rus rublu ilə bağlı vəziyyətə görə Belarusun təcili valyuta nəzarətini tətbiq etməsi məsələsini şərh edərkən Trend-ə deyib ki, Azərbaycanda Rusiyadakı vəziyyətlə əlaqədar valyuta nəzarətini tətbiq etməyə hələ ehtiyac yoxdur: "Düşünürəm ki, Mərkəzi Bank Rusiya və MDB ölkələrində baş verən bütün proseslərə olduqca həssas reaksiya verir. Fikrimcə, valyuta nəzarətini tətbiq etməyə hələ heç bir ehtiyac yoxdur".

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı ardıcıl artım tendensiyasını möhkəmləndirib: "İqtisadiyyatımız artaraq möhkəmlənib, buna görə də rubl tərəfindən ona təsir təhlükəsi gözlənilmir. Üstəlik, Azərbaycanda spekulyativ meyillər görünmür. Zənnimcə, hər şey düz gedir, çünki iş adamları və pulları idarə edən səlahiyyətlilər prosesə dəqiq nəzarət edir".

E.İsmayılov qeyd edib ki, Bakı Fond Birjasında USD/RUR cütlüyü üzrə sövdələşmələrin məhdudlaşdırılması düzgün qərardır: "Rusiya rublu ilə bağlı qabaqcadan nəyisə proqnozlaşdırmaq olmur. Məhz buna görə də ona münasibətdə riskləri minimuma endirməyə yönəldilmiş müəyyən addımlar atmaq lazımdır. Bununla əlaqədar, Bakı birjasında sövdələşmələrin məhdudlaşdırılması birmənalı olaraq düzgün qərardır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.