Fərhad Əliyevin dövlət çevirilişi ittihamına cavabı

21-12-2014, 16:55   
Fərhad Əliyevin dövlət çevirilişi ittihamına cavabı
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev “Azərbaycan” qəzetində adının dövlət çevrilişinə cəhddə hallandığı məqaləyə münasibət bildirib.

Dekabrın 19-da rəsmi dövlət qəzeti “Azərbaycan” ABŞ-Azərbaycan münasibətlərinə dair məqalə yayıb. Məqalədə iddia olunur ki, 2005-ci ildə də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərilib: “Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar.

Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu”.

Fərhad Əliyev “Media forum” saytına danışaraq məqalənin bu məqamına münasibət bildirib.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Fərhad Əliyev bunları deyib:

- Son günlər ABŞ-Azərbaycan əlaqələri təhlil edilərkən haqqımda deyilənlərə aydınlıq gətirməyi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə olan dəyişməz münasibətimi ifadə etməyi özümə mənəvi borc hesab edirəm. Öncə keçən il məni əfv etdiyinə görə cənab prezidentə bir daha öz minnətdarlığımı bildirirəm.

2005-ci ilin oktyabrında baş verən hadisələrlə əlaqədar Azərbaycanın müvafiq hüquq mühafizə orqanları bir il yarım ərzində istintaq-təhqiqat işləri aparıb. Son 10 il ərzində yerli və xarici mətbuat isə vaxtaşırı olaraq bu hadisələri çox geniş şəkildə işıqlandırıb. Hazırda yeni bir şey baş vermədiyinə görə özümü müdafiə etmək niyyətindən uzağam.

Mən hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmıram. Eyni zamanda dünyanın hər yerində lazım gələndə ən xırda məsələlərə münasibət bildirən Amerika kimi nəhəng dövlətin Azərbaycanda dövlət çevrilişi etmək istəyi barədə ittihamlara da cavab verməməsi təəccüb doğurur. Digər tərəfdən cənab prezidentin ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərin, daima mümkün olanın ən yaxşısını etməyə çalışmasının şahidi olduğumdan düşünürəm ki, ABŞ ölkəmizlə münasibətlərə diqqətlə yanaşmalıdır.

Hazırda xaricdə yaşayıram. Bu səbəbdən haqqımda düşünülən, danışılan və yazılan məlumatların çoxundan xəbərim olmur. Lakin zaman bizə keçmişdən dərs çıxarmağı, arxayınçılıqdan uzaq olmağı, mövqeyimizi çox dəqiq və vaxtında ortaya qoymağı öyrədib. Hamının bilməsini istərdim ki, hazırda və gələcəkdə siyasətlə məşğul olmaq niyyətim yoxdur. Özümə mənəvi ata hesab etdiyim ulu öndər Heydər Əliyevin vəsiyyətinə daima sadiqəm. Harada yaşamağımdan və məşğuliyyətimdən asılı olmayaraq prezident İlham Əliyevlə aydın münasibətlərin olması mənim üçün daha çox əhəmiyyətə malikdir.

Həmişə olduğu kimi prezident İlham Əliyev öz intellektinə, bacarığına, dünyagörüşünə, yüksək idarəetmə qabiliyyətinə görə Azərbaycanın alternativsiz lideridir. İndiyədək keçirilən seçkilər dediklərimin əyani sübutudur. Bu mövqeyimə inanıram və sona qədər öz əqidəmə sadiq qalacağam.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.