“Gör səni nə günə qoydular, Qadın?!”

21-12-2014, 18:04   
“Gör səni nə günə qoydular, Qadın?!”
Mədəniyyət insanın maddi və mənəvi fəaliyyəti nəticəsində yaranır. Mədəniyyətin konkret fəaliyyəti nə qədər individuallaşdırılsa da, mədəniyyət xalq, millət, cəmiyyət tərəfindən yaradılır. Ümumiyyətlə, mədəniyyətin individual və ya kollektiv tərəfindən yaradılmasından asılı olmayaraq, o ictimai fəaliyyətin məhsuludur. K.Marksın fikrinə görə, mədəniyyət bütün dövrlər üçün qüvvədə olan ümumtarixi kateqoriyadır. Müxtəlif dövrlərə görə insanların yaşam tərzi də müxtəlif olmuşdur. Buna uyğun olaraq insanların özləri də dəyişmişdir. İnsanların tarixi inkşafı və cəmiyyətdə baş verən dəyişikliklərin xarakteri ilə şərtlənən fərqlər, öz təcəssümünü mədəniyyətdə tapmışıdır.

Bəs, bu gün? Cəmiyyətdə baş verən dəyişikliklər mədəniyyətə necə təsir edir? Onu necə formalaşdırır? Özəlliklə də, Azərbaycan cəmiyyətinə nəzər yetirək. Bu gün Azərbaycandakı vəziyyəti araşdırdığımız zaman, əfsuslar olsun ki, ürəkaçan mənzərə ilə qarşılaşmırıq. Səbəblərini müəyyən müqayisələrlə qeyd edəcəm.

Hələ XX əsrin 40-50-ci illərində Almaniyada mədəniyyət, xüsusilə də, mədəniyyət sənayesi özünə qarşı müəyyən qrup insanlar tərəfindən tənqidi konsept formalaşdırmışdı. Həmin insanlar mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşdülər. Bir çoxları tənqidi baxışlarına görə dövlət tərəfindən basqılara məruz qaldıqlarından Almaniyanı tərk edərək Birləşmiş Ştatlara köçmək məcburiyyətində qalmışdılar. Həmin dövrdə media, əyləncə mədəniyyəti və kapitalizm Birləşmiş Ştatlarda sürətlə böyüməkdə idi. Hər il yeni sənayelər açılır, yeni filmlər, çizgi filmlər, mahnılar və digər mədəniyyət məhsulları ortaya çıxmaqda idi. Dəyişiklikləri müşahidə edənlər sırasında görkəmli alman filosofları Horkheimer və Adorno bu məsələyə özlərinə məxsus prizmadan baxmağa qərar verərək o günə kimi heç kimin üzə çıxarmadığı mənfi tendensiyanı yaratmağı bacarmışdırlar.

Horkheimer və Adorno kapitalizmin beşiyi sayıla biləcək yerlərdən biri olan ABŞ-da medianın, kapitalizmə xas xüsusiyyətləri özünə götürdüyünü irəli sürürdülər. Kapitalizmin əsas xüsusiyyəti qazanc, təminat, tələbat və yalnız maddiyyatı düşünməkdir. Məhz bu amil mediaya da siraət edərək medianın korlanmasına və əsl mədəniyyətdən daha çox maddi amillərə üstünlük verməsinə gətirib çıxarır. Örnək olaraq, əgər qeyri-etik səhnələrlə dolu bir film mənalı, öyrədici bir filmdəm daha çox reytinq qazanırsa, o film media tərəfindən daha da seviləcək və daha çox təbliğ ediləcək. Nəticədə isə, əsas məsələ yaxşı və yaxud pis mədəniyyət deyil, gəlirli və gəlirsiz mədəniyyət ideologiyası formalaşacaq. Bu gəliri görən dominant sosial sinif isə mediadan istifadə edərək öz gəlirlərini daha da artırmağa və eyni zamanda cəmiyyəti də idarə etmək istəyəcəklər. Bu istəyi reallığa çevirmək üçün isə müxtəlif üsullara əl atılır. Başlıca üsul əyləncəyə disproporsional dərəcədə üstünlük verilməsidir. Əyləncə proqramları geniş şəkildə yayımlanır və bu da insanları əyləncəyə meyilli edir. Dominant sinif insanları tənqidi düşünməkdən uzaqlaşdırmaq üçün acı gerçəklikləri üzə çıxardan, siyasi, iqtisadi və sosial problemləri çox qabardan media məhsullarını dəstəkləmir və buna görə də bu səpkili verilişlər çox az həcmdə yayımlanır. Bu yolla insanlar tənqidi düşüncədən uzaqlaşaraq müti insana çevrilirlər. Onlara təqdim edilən nə varsa onu qəbul etdikləri üçün heç bir vəchlə dominant sosial sinfin çirkin əməllərini görə bilmir və nəticədə də cəmiyyətdəki bərabərsizlik pozulmur. Digər mühüm məsələ isə mənəvi məfhumlardan və dəyərlərdən qazanc mənbəyi kimi istifadə etməkdir.

Bunlar hələ XX əsrə aid olanlardır… Sanki indiki Azərbaycanı təsvir edərək çıxış ediblər. Bu gün Azərbaycan televiziyası eynilə bu vəziyətdədir. Əbəs yerə yazını “mədəniyyət” anlayışı ilə başlamadım ki?! Bu gün mədəniyyət demək olar ki, cəmiyyətə televiziyadan ötürülür. Bu prosesin özünü də insan reallaşdırır. Amma qeyd olunduğu kimi, düşünülmüş şəkildə. Gerçəkdən də, çox acınacaqlı vəziyyətdəyik. Hazırda hamı Azərbaycan efirindəki özbaşınalıqdan gileylənir, hamı da bir-birini qınayır. Deyirlər ki, kimə baxırsan şikayət edir. Kimdir şikayət edən? Çox az bir qism… Məsul qurum da öz işini layiqincə yerinə yetirmir. Hətta, Milli Teleradio Şurası belə söyləyir ki, qınaqlar çox olsa, biz bu halların aradan qaldırılması üçün tədbir görə bilərik. Dəhşət budur! Biganəlik… Əslində, onlara bunu söyləməyi məcbur edən bilirsiz nədir? Bəziləri deyirlər ki, istəmirsizsə, baxmayın, kanalı dəyişin. Niyə? Bura məgər yad bir ölkədir ki, biganə qalaq? Söhbət Azərbaycan teleməkanından gedir. Niyə biganə qalmalıyıq ki? Şəxsən zamanım olmur televiziyanı izləməyə. Lazım olan, keyfiyyətli proqramları “Youtube”-dan tapıb izləyirəm. O ki qaldı saytlara… Açırsan ki, baxasan bu gün Azərbaycanda nə baş verir… Şou ayıb bir şey deyil, amma bizim aparıcılarımız iyrəndirirlər adamı. Efirdə hamı bacardığını etdiyi üçün Azərbaycan TV məkanı hazırda süqut dövrünü yaşayır. Elə bir çağda yaşayırıq ki, insanların “idarəsi” artıq televiziyanın əlindədir. Planlaşdırılmış şəkildə cəmiyyət uçuruma yuvarlanır.

Başlıca məqam odur ki, tamaşaçılar passivdir. Bizim tamaşaçılar onlara təqdim edilən bütün media məhsullarını düşünmədən dərk və qəbul edir. Doğrudur, reallıq budur ki, insanlar yalnız TV mediadan məlumat almırlar. Məlumat mənbəyi çoxdur (internet, qəzet, gündəlik həyat, sosial media). Bütün bunlar TV medianın dominantlığına qarşı gələn faktorlardır. Əgər hər hansı media məhsulu məşhurdursavə uzun müddət yayımda qalırsa, deməli, tamaşaçılar, həqiqətən, onu sevir. Lakin unutmamalıyıq ki, media kapitalistlərin əlindədir və kapitalist sistemində media məhsullarının insanlar tərəfindən sevilib-sevilməməsi elə də önəmli deyil, əsas olan məhsulu elit sinfin hökmranlığına xidmət edib-etməməsi və gəlir gətirib-gətirməməsidir.

Hər şeyi sistemin üzərinə atıb məsuliyyətdən qaçmamalıyıq. Axı, bu sistemə xidmət edənlər az deyil. Maraqlıdır, görəsən, onların mənlikləri necə icazə verir sistemin qurbanı olmağa? Məsələn, şou aparacısısan, diqqət çəkmək, reytinq üçün hər şey edə bilərsən. O da düşünür ki, efirdə “şpaqat” açsam bir neçə saatın içində “Azərbaycanı tanıdacam”, hamı məndən danışacaq… Bacardı da! Onun bu hərəkəti birmənalı qarşılanmasa da, “uğurlu oldu”. Növbəti dəfə başqa biri təkrarladı, daha sonra yeni biri müxtəlif yollarla eyni məqsədə xidmət etdi. Beləcə, bir müddət sonra bu da adiləşəcək və hamı qəbullanacaq. Amma düşünəndə ki, bunu edən Azərbaycan xanımıdır… Bu yerdə Ramiz Rövşənin şeirindən bir misra gəlir adamın ağlına: “Gör səni nə günə qoydular, Qadın?!” Əslində isə qadını “bu günə” qoyan elə onun özüdür.

Kimsə aparıcılara demir ki, efirdə özünü alçalt… Demir ki, atanı, qardaşını, ərini, oğlunu camaata söydür! Demir! Hamısını özü edir… Yaxşını da, pisi də. Yaxud, kimsə cəsarətli Azərbaycan kişisinə efirdə cılızlaş demir ki… Bunu sistem tələb etsə belə, heç bir insana mənliyindən üstün anlayış olmamalıdır. Tək təsəllim odur ki, kimsə məni bu şəxslərin, yəni “şou aparıcılarının”- efir bəzəklərimizin damarlarında axan qanın Türk qanı olduğuna inandıra bilməz. Nə onlar, nə onları müdafiə edənlər, nə də ki susub müşahidə edənlər əsilli-soylu Türkdən törəyə bilməzlər! Mütləq bir yerdə qarışıqlıq olub…. Mütləq!

Son mənzilin haradır, Azərbaycan?!

Aysel Araz Həsənli

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.