İlham Əliyevə qarşı sanksiya qərarı hazırdır

22-12-2014, 10:04   
İlham Əliyevə qarşı sanksiya qərarı hazırdır

ABŞ yaxın vaxtlarda qərarın icrasını elan edə bilər

Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar artıq qətiləşib. Bu barədə “Azadlıq”a məlumat diplomatik mənbələrdən daxil olub. Məlumatda deyilir ki, Azərbaycan hakimiyyətinin anti-ABŞ isterikasının səbəbi də budur. Yəni, artıq YAP iqtidarı da sanksiya ilə bağlı qərar verilməsindən xəbərdardır.

Mənbə bildirib ki, Vaşinqtonda Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların müzakirəsindən sonra ABŞ dövlət katibinin sabiq köməkçisi David Kramerin açıqlamasına diqqət yetirmək kifayətdir ki, Azərbaycan hakimiyyətini nələrin gözlədiyi barədə təsəvvür yaransın. Qeyd edək ki, David Kramer müzakirələrdən sonra “Amerikanın səsi”nə bildirib ki, ABŞ Azərbaycandakı repressiv siyasətdən narahatdır. Onun fikrincə, ABŞ Konqressi yanvar ayında fasilədən qayıtdıqdan sonra orada Azərbaycanla bağlı dinləmələr olacaq. “ABŞ-ın təzyiqləri artacaq və Bakıya səfərlər zamanı insan haqları məsələsi başlıca yer tutacaq”, - deyə Kramer əlavə edib.

Sanksiyalara gəlincə, David Kramer bu barədə əminliklə danışıb. O, deyib ki, sanksiyalar ünvanlıdır və insan haqlarını pozulmasında məsul olan məmurlara tətbiq olunacaq. Bura viza qadağası və bank hesablarınının dondurulması daxildir. “İnanıram ki, bu sanksiyalar Bakıda insanların dliqqətini cəlb edəcək”, - deyə Kramer bildirib.


ABŞ dövlət katibinin keçmiş köməkçisinin açıqlamalarından belə aydın olub ki, Azərbaycan hakimiyyətinə sanksiyalar təkcə “Maqnitski aktı” ilə məhdudlaşmayacaq. David Kramer bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına qarşı kampaniya təşkil olunmalıdır. Kramerin fikrincə, 100-dən çox siyasi məhbusu olan bir ölkəyə Avropa öz komandalarını göndərə bilməz. Kramer deyib ki, dünya siyasi lilderlərinin bu oyunlarda iştirakının qarşısı alınmalıdır. “Biz elə etməliyik ki, bu olimpiya Avropa liderləri ilə əhatə olunmuş İlham Əliyev üçün nəhəng təntənəyə çevrilməsin”,- deyə Kramer vurğulayıb.

Bundan başqa mənbə ABŞ dövlət katibinin köməkçisi Tom Malinovskinin açıqlamalarına da diqqət çəkib. Qeyd edək ki, Tom Malinovski “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye Vremya” televiziya proqramına müsahibə verib. Malinovski müsahibədə Azərbaycandakı repressiv vəziyyətə, o cümlədən jurnalist Xədicə İsmayılın həbsi barədə də suallara cavab verib. “Vətəndaş cəmiyyətini boğmaq ABŞ-la münasibətləri təhlükə altında qoyur”, - deyə dövlət katibinin yardımçısı bildirib. O, daha sonra əlavə edib ki, ABŞ tərəfdən növbəti addımın necə olacağı Azərbaycan hakimiyyətinin əlindədir.

Tom Malinovksi diktatorlara qarşı sərt addımların atılmasının tərəfdarı kimi tanınır. O, hələ ABŞ administrasiyasında post tutmayanda Ilham Əliyevə sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı.

Beləliklə, qaynağımız deyir ki, bu açıqlamalar əslində Əliyev hakimiyyətinə sanksiyalar tətbiq olunması barədə qərarın verilməsi barədə xəbərdarlıq idi. Hər şey hakimiyyətinin bundan sonrakı davranışlarından asılı idi. Hakimiyyət isə siyasi məhbusları azad etmək əvəzinə ABŞ-a qarşı hücumları davam etdirir. Bu baxımdan mümkündür ki, Vaşinqton yaxın vaxtlarda sanksiya qərarının icrasını elan etsin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.