Nils Mujnieks: «Azərbaycanda siyasi fəal və tənqidçi jurnalist deyilsənsə, o halda, yaxşı yaşaya bilərsən»
«The Guardian»ın əməkdaşı Bakıda qarşılaşdığı acınacaqlı mənzərədən geniş material hazırlayıb
Böyük Britaniyanın dünyaca məşhur “The Guardian” qəzetinin əməkdaşı Owen Gibson Bakıya səfər edərək, burada baş verənlər haqda “Qara qızılın idman parıltısına çevrilməsi” adlı iri həcmli məqalə hazırlayıb. Gələn ilin yayında Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları fonunda ölkədə demokratiya və insan haqlarının acınacaqlı durumundan bəhs olunan məqalənin tərcüməsini qısa ixtisarla təqdim edirik:
***
Heydər Əliyev adına hava limanından çıxanda üstündə “Bakı-2015" yazılmış London tipli taksilərdən birinə əyləşən kimi, Azərbaycan paytaxtında aldadıcı mənzərənin şahidi olursan.
Şosse ilə irəliləyib, demək olar ki, tikintisi başa çatmaqda olan 65 min azarkeş tutumlu “Allians Arena” stadionunun yanından keçəndə bu hissiyyat daha da güclənir. Bütün bunlar gələn ilin iyununda keçiriləcək Avropa Olimpiya Oyunlarına görədir. Avropanın müxtəlif ölkələrindən 6000-dən artıq (o cümlədən təxminən 175 nəfər Böyük Britaniyadan olacaq) idmançının Olimpiadada iştirakı nəzərdə tutulub. Onlar idmanın 20 növü üzrə yarışacaqlar.
Bu ölkədə olarkən siz elə düşünə bilərsiz ki, dünyanın ən böyük idman hadisəsi burada keçiriləcək. 2003-cü ildə hakimiyyəti atasından miras almış Ilham Əliyev eyni zamanda, Milli Olimpiya Komitəsinin prezidentidir. O, bu turnirə ölkəsini idman xəritəsinə yerləşdirmək baxımından bir fürsət kimi baxır.
Bu yaxınlara qədər bu ölkə üçün idmanda ən böyük uğur Tofiq Bəhramovun hakimliyi sayılırdı. 1966-cı ildə dünya çempionatının final oyununda Ceyf Herstin vurduğu və qapı xəttinin üstünə düşən ikinci qol məhz onun sayəsində qeydə alınmışdı.
Uzun müddətdir gənclər və idman naziri olan Azad Rəhimov qara qızılın idman parıltısına çevrilməsinin səbəbləri barədə sanki anlayışsızdır.
Bir sıra tənqidçilər hesab edir ki, ilk dəfə keçiriləcək bu Avropa Olimpiya Oyunları həm təşkilatçılar, həm də turnirə ev sahibliyi edənlər üçün mənasız layihədir. Turnirin təşkili üçün büdcənin 400 milyon funtdan artıq olduğu deyilir. Amma məlumat var ki, infrastruktur xərclərinə 6,5 milyard funt xərclənir. Amma hökumət bu rəqəmi təkzib edir.
Avropa Olimpiya Oyunları hələ başlanğıcdır. 2016-dcı ildə “Formula-1" yarışları da Bakıda keçiriləcək.
Eyni zamanda, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyuna da Bakıdakı yeni stadionda baş tutacaq.
Əliyev - despotik rejimin başçısı
Bakı boz post-sovet şəhəri deyil. Ingilis yazıçı JD hələ 1905-ci ildə yazırdı ki, “Neft kraldısa, Bakı onun tacıdır”. Azərbaycan xalqı qonaqpərvərdir, bu şəhərin enli küçələri tarixin özüdür. Bununla belə, parıltı və idman qlamuru arxasında bu ölkədə ifadə azadlığına dəhşətli hücumun nəticəsi olaraq, 90-dan artıq fəal saxta ittihamlarla həbsdədir. Avqustda hazırlanan son siyahıya görə, bu cür məhbusların sayı 98 nəfərdir. Onlardan dördü azadlığa buraxılsa da, əvəzinə daha çox adam həbsxanaya göndərilib.
Xədicə Ismayıl uzun müddətdir ki, korrupsiya və insan haqları sahəsindəki pozuntular barədə hazırladığı materiallarla hökumətə başağrısı yaradırdı. Bu ay o, mübahisəli ittihamla - həmkarını özünü öldürmə həddinə çatdırma ittihamıyla həbs olundu. Onun həbsi Azərbaycan hökumətinə qarşı yeni hiddət dalğasının yaranmasına səbəb oldu. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı ona qarşı irəli sürülmüş ittihamın siyasi motivli olduğunu vurğulayaraq, bu həbsi Xədicəni susdurmaq, onun jurnalist fəaliyyətinə son qoymaq kimi dəyərləndirdi.
Həbsindən iki gün əvvəl Xədicə Ismayıl bildirmişdi ki, daim hökumət tərəfindən təqib olunur. Onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Ismayıl bildirir ki, bir müddət əvvəl hökumət onun mənzilində yataq otağına gizli kamera yerləşdirərək, sonradan onu şantaj edib.
Bu cür işlərə çıxan vəkillər özlərini təhlükə altında qoyurlar. Ismayıl deyir ki, bu cür idman turnirləri xalq olaraq, bizlər üçün itki ilə nəticələnir: “Yaxın tariximizdə bu tipli hadisələr nəticəsində biz çox şey itirmişik. ”Eurovision" musiqi yarışması, Olimpiya oyunları kimi turnirlər bizdə qələbə illüziyası yaradır. Bu cür tədbirlər həm də hakimiyyətdəkilərə çoxlu pul qazanmaq fürsəti yaradır. Bu turnirlər lazım olan obyektlərin inşası, yolların çəkilişi, konsert zalları, otellərdən gələn gəlirlər prezidentin və başqa nazir-oliqarxlara çatır".
Londonda yerləşən “Articl 19" hüquq-müdafiə təşkilatı Əliyevi Azərbaycanda vətəndaş cəmiyyətinə, xüsusən siyasi məhbuslardan danışanlara qarşı qəddar hücuma keçmiş despotik rejimin başçısı adlandırıb.
“Biz sistemin dəyişməsini istəyirik”
Azərbaycan müstəqillik qazanandan sonra bir neçə seçki keçirsə də, “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının siyahısında “azad olmayan ölkələr” kateqoriyasına daxil edilib. Bu ölkədə mətbuat azad deyil, internet isə qismən azaddır.
“REAL” hərəkatının həmtəsisçisi, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları zülm altındadır: “Azərbaycan hakimiyyət atadan oğula ötürülüb. Ölkədə 90-dan artıq siyasi məhbus var. Azərbaycanda azad seçki yoxdur. Bizim məqsədimiz təkcə bir adamdan xilas olmaq deyil, biz sistemin dəyişməyini istəyirik”.
Hərəkatın sədri Ilqar Məmmədov 20 aydan artıqdır ki, həbsdədir. O, tənqidi bloquna görə həbs olunub. Onun həbsi Avropa Insan Haqları Məhkəməsi tərəfindən də tənqid olunub.
“Mən Azərbaycanda irimiqyaslı idman turnirləri keçirilməsinin əleyhinə deyiləm. Lakin bizim hökumətin yanaşması səhvdir. Azərbaycan hökuməti Azərbaycan hökuməti bu cür tədbirlər keçirmək istəyir, amma eyni zamanda, ölkədəki problemlərin qaldırılmasını istəmir”.
Əliyev Olimpiadaya qədər müxalifəti və azad mətbuatı sıradan çıxarmaq istəyir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkənin kədərli mənzərəsini təsvir edir, müxalifət təşkilatı kimi ayaqda qalmağın əzablarından danışır. Bildirir ki, hazırkı prezidentin atası 1993-cü ildə hakimiyyətə gəlmişdi. Onların hakimiyyətdə olduğu bu müddət ərzində ölkədə 2000-dən artıq siyasi məhbus olub. Əli Kərimli Avropa Parlamentindəki çıxışında ölkədəki hazırkı rejimi tənqid edəndən sonra 9 ildir ki, onun ölkədən çıxışına qadağa qoyulub. Rəhbərlik etdiyi partiyanın qərargahı yoxdur. Çünki hər dəfə partiyanı yerləşdiyi qərargahdan çıxarılıb.
“Bunlar Azərbaycanın müasir, inkişaf etmiş ölkə obrazını yaratmaq istəyir. Istəyirlər ki, avropalı qonaqları bu təəssürat altında ölkədəki başqa siyasi problemlərə toxunmasınlar. Eyni zamanda, Olimpiya oyunlarına qədər müxalifəti və azad mətbuatı sıradan çıxarmağa çalışırlar”, - deyə Əli Kərimli bildirib.
Hökumət gələcək nəsillərin pullarını şübhəli şəkildə xərcləyir
Tomas de Vaal öz kitabında yazır ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra demokratiyanı sınaqdan çıxarmaqdansa, yeni yarım-avtoritar dövlət yaratmağa üstünlük verdi. Ölkədə yaranan demokratik institutlar sərt nəzarət altına götürüldü: “Onun oğlunun gücləndirdiyi nə isə varsa da, bu yalnız nəzarətdir”.
Bakı qədim arxitektura, müasir tikililər və sovet dövrünün qalıqlarının birləşdiyi sürprizlər şəhəridir. Neft bumu bu ölkəyə lüks brendlərin ayaq açmasına gətirib çıxartdı. “Rolls Royce” maşın salonları, prestijli ticarət mərkəzləri, “Gucci”, “Lacoste” kimi brend mağazalar Bakının küçələrini bəzəyir. Elitada təmsil olunanların uşaqları Harvard, Oksford, Kembric kimi universitetlərdə təhsil alırlar. Ölkə əhalisi əsasən müsəlmanlardan ibarətdir. Amma Azərbaycan dünyəvi dövlətdir.
Sözlə və ya real hərəkətlə hökumətə qarşı çıxanlar dərhal bunun cavabını alırlar. Əsasən gənclərdən ibarət olan “NIDA” Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər son dövrlərdə dostları ilə yalnız həbsxanada görüşə bilir. NIDA 2011-ci ildə qeyri-zorakı yolla demokratikləşməyə nail olmaq məqsədilə yaradılıb. Qurumun üzvlərindən ən azı 9-u saxta ittihamlarla həbs olunub. Onların həbsinin əsl səbəbi kimi, Bakıda təşkil etdikləri və 6000-ə qədər insanın qatıldığı dinc etiraz aksiyası olub.
Turqut Qəmbər deyir ki, burada idman tədbirlərinin keçirilməsinin bir müsbət tərəfi də var ki, ölkədəki qaranlıqlara işıq salmaq imkanı yaranır: “Bu həm də ölkədə baş verənlərə, insan haqları sahəsindəki problemlərə diqqət yetirilməsi baxımından bir fürsətdir. Amma digər tərəfdən də bu pullar bizimdir və onların necə xərclənməsilə bağlı ciddi şübhələr var. Bizdə neftdən gələn gəlirlərin toplanması və gələcək nəsillərə ötürülməsi üçün fond var. Ancaq həmin fondun pulları ”Alov Qüllələri", “Eurovision”, Avropa Olimpiya Oyunları kimi layihələrə xərclənir".
Sentyabr ayında “Avro-2020"nin 4 oyununun Bakıda keçirilməsinə dair qərar veriləndə UEFA prezidenti Mişel Platiniyə verilən ilk sual belə olmuşdu ki, Azərbaycana ”ev sahibliyi" həvalə olunanda bu ölkədə insan haqlarının vəziyyəti haqda düşünmüşdünüzmü?
“Əliyev rejimi idman turnirlərindən öz dözümsüzlüyünü ört-basdır etmək üçün yararlanır”
19 yaşlı Nəcmin Kamilsoyun atası Intiqam Əliyev ölkədə tanınmış hüquq müdafiəçisidir. Avropa Məhkəməsinə göndərilən 300-dən artıq şikayət üzrə ərizəçilərin vəkili olan Intiqam Əliyev bu ilin yayında həbs olunub. Onun səhhəti günü-gündən pisləşir və Nəcmin də bununla bağlı dərin narahatlığını gizlətmir: “Onun səhhətində çox ciddi problemlər var. O, ayaqlarını itirməmək üçün mütləq müalicə olunmalıdır. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb. Bu gülməlidir”.
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun təsisçisi Emin Hüseynov avqustdan bəri itkindir. Ondan heç bir xəbər yoxdur. Təşkilatın həmsədri Günay Ismayılova deyir ki, hüquq-mühafizə orqanları onların ofisində axtarış aparıb, ardınca da qapını möhürləyib: “Ofisdəki bütün avadanlıqları, sənədləri apardılar. Bizim bank hesabımız dondurulub. Ölkədən çıxışa qadağa qoyulub. Bu, 2006-cı ildə yaranandan bəri təşkilatın düşdüyü ən pis vəziyyətdir. Hökumət istəmir ki, kimsə ölkədəki problemləri dilə gətirsin. Azərbaycanda mətbuat azadlığının vəziyyəti son illərdə kəskin şəkildə pisləşib. Hökumət beynəlxalq aləm qarşısında mətbuat azadlığını təmin etmək barədə öhdəlik götürsə də, bu ölkədə tənqidçilər təqiblərə məruz qalır, həbs olunur, mətbuatın azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir. Qeyri-hökumət təşkilatları ilə bağlı qanuna mürtəce dəyişikliklər edilərək, onların fəaliyyəti son dərəcə məhdudlaşdırılıb”.
Günay Ismayılovanın yaxın dostu, “Eurovision” ərəfəsində etiraz kampaniyası təşkil edən Rəsul Cəfərov da həbsdədir.
Həmçinin ölkədə tanınmış təşkilatlardan olan Sülh və Demokratiya Institutuna uzun illərdir rəhbərlik edən Leyla Yunus da həyat yoldaşı Arif Yunusla birlikdə bu ilin iyulunda həbs olunub. Onlara qarşı irəli sürülən ittihamlar da şübhəlidir. Leyla Yunus eyni zamanda, səhhətindəki kəskin problemlərdən əziyyət çəkir.
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks deyir ki, əgər Azərbaycanda siyasi fəal və tənqidçi jurnalist deyilsənsə, o zaman yaxşı yaşaya bilərsən: “Lakin ölkədəki rejimi tənqid edirsənsə, yox”.
“Index on Cencorship” bildirir ki, Əliyev rejimi bu cür idman turnirlərindən azad sözə dözümsüzlüyünü ört-basdır etmək məqsədilə yararlanır. Xədicə Ismayılın həbsilə əlaqədar “Article 19" təşkilatı Avropa Şurası ilə əlaqə saxlayaraq, Azərbaycanı dayandırmağa çağırıb.
Tənqidçi jurnalistlər risk altındadır
“Mən boykotun tərəfdarı deyiləm. Lakin mən ölkənin nə etmək istədiyinə və bu cür tədbirlərdən hansı məqsədlə istifadə etdiyinə diqqət yetirilməsinin tərəfdarıyam. Idmançılar, media və təşkilatçılar bu məsələləri diqqətdə saxlamalıdır. Kimsə Şimali Koreyada belə tədbir təşkil edərmi? Mən Azərbaycanı Şimali Koreya ilə müqayisə etmək istəməzdim. Amma belə tədbirlər keçirilərkən ölkədəki siyasi və sosial vəziyyət nəzərə alınmaya bilməz. Əgər onlar özlərini yaxşı mənada göstərmək istəyirlərsə, bu zaman təkcə infrastruktur və qonaqpərvərlik yox, bütövlükdə ölkədə yaşananlar baxımından özlərini müsbət mənada nümayiş etdirməlidilər”.
Həbsindən əvvəl Xədicə Ismayıl bildirmişdi ki, onun getdiyi yolu davam etdirməkdən başqa seçimi yox idi: “Mən və həmkarlarım korrupsiya ilə bağlı araşdırmalar aparırdıq. Lakin şəxsən mənim təqib olunmağım, həyatımın təhlükə altına düşməsi, eyni zamanda, təlim keçdiyim jurnalist həmkarlarıma qarşı risklər məni insan haqlarının müdafiəsilə məşğul olmağa vadar etdi. Mən özümü hüquq müdafiəçisi kimi o qədər rahat hiss eləmirəm. Mən məcburən bu işlə məşğul oldum”.
“Mənim ən yaxın dostlarım həbsdədir. Əgər mən geri çəkilsəm, dostlarıma xəyanət etmiş olaram. Bu həm də ona görə vacibdir ki, geri çəkilsəm, hakimiyyət təzyiqlərinin nəticə verdiyini düşünəcək” deyən 25 yaşlı Günay Ismayılova da hesab edir ki, milyardlar sərf olunan bu idman turnirinin müsbət tərəfi əcnəbi media nümayəndələri, idmançılar və digər şəxslərin bura gələrək, baş verənlər barədə məlumatları dünyaya çatdırması olacaq.