Ötən həftə Könül Kərimova mətbuatda xeyli tənqid olundu. Əvvəlcə Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev kimi klassikləri tanımadığına görə qınaq obyekti oldu. Ardınca isə bir veriliş üçün evində çəkilişə icazə verməsi söz-söhbət yaratdı. “Həftəbecər”in dünənki sayında sənətçi barədə yazılan iki cümlə isə onun redaksiyamıza zəng vurmasına səbəb oldu. Əvvəlcə incidiyini desə də, sonra özünü də günahkar bildi, yaradıcılığından, yenicə hərbi xidmətə yola saldığı oğlundan danışdı.
Milli.Az publika.az-a istinadən Könül Kərimovanın cavablarını təqdim edirik.
- Könül xanım, niyə inciksiniz?
- Hərdən küsürəm. İstərdim ki, bizim hörmət etdiyimiz jurnalistlər gördüklərini əməlli-başlı arayıb-araşdırsınlar.
- Əvvəlcə ondan başlayaq ki, sizin evinizi öz icazənizlə çəkmişdilərmi?
- Evdə çəkiliş olub. Ağlıma gəlməzdi ki, fotolar yayılacaq. O çəkilişlərin əksəriyyətinə istəmədən, narahatlıqla, narazılıqla icazə vermişəm. Çünki sonluğun belə olacağını görürdüm.
- Bilirdiniz ki, sonluq belə olacaq - sizi tənqid edəcəklər, mənfi rəylər bildiriləcək. Bəs niyə razılıq verirdiniz?
- Bəs nə edim? Çox verilişlərdən gəlib çəkmək istəyirlər. Deyirlər ki, siz bizə niyə evdə çəkiliş aparmağa imkan vermirsiniz?
-Yayılan fotolar çəkilişdəndir. O görüntülərin efirə getməyi ilə saytlarda yayımlanmasının nə fərqi var?
- Çəkilişdə mənə söz verirlər ki, evin yalnız bir guşəsi çəkiləcək, ümumi görüntülər olmayacaq. Mən də inanıram. Deyirəm elə bilin ki, hansısa ikiotaqlı evə girmisiniz, orada çəkiliş aparırsınız. Düzdür?..
- Bəli.
- Nə vacibdir ki, bütün otaqları çəkəsiniz? Yəni hər dəfə yanılıram. Söz verirlər, amma əməl etmirlər.
- Sizin 15 yaşınız yoxdur ki, 45 yaşınız var. Özü də səhnə adamısınız, yetərincə təcrübəlisiniz. Hər dəfə aldanırsınızsa, niyə növbəti dəfə çəkilişə icazə verirsiniz?
- Hər dəfə inandığımdan belə olur. Deyirlər ki, filankəsi çəkdik, üzüyünün qaşı düşdü? Axırda üzüm gəlmir, yaxud da dost münasibətinə görə birinə razılıq verirəm.
- Deməli, siz jurnalistlər arasında ayrı-seçkilik qoyursunuz da. Dostunuza icazə verirsiniz, dostunuz olmayana yox...
-Yox, ayrı-seçkilik qoymuram. Səhəri gün çəkilişə icazə vermədiyim zəng edib, deyir ki, incidim. Onlar bizdən artıqdır, niyə onlara icazə verdiniz, bizə yox?
- Məncə, o iradı bildirən jurnalist haqlıdır.
- Ona görə də düşürəm tora.
- Onda ya hamıya icazə verin, ya da heç kimə icazə verməyin ki, belə problemlər yaranmasın.
- Artıq yoruldum. Yəqin ki, bundan sonra başqa cür olacaq...
- Könül xanım, qəzet, kitab oxuyursunuz?
- Oxuyuram.
- Sizdən soruşmuşdular ki, Cəfər Cabbarlı kimdir, bilməmişdiniz...
- Bax indi onu sənə açıqlayım. O məsələ mənə çox pis təsir etmişdi. Əgər məndən soruşsaydılar ki, Cəfər Cabbarlı kimdir, onu bilməsəydim, bu, mənim üçün ayıb olardı. Amma kənardan şəkil göstərirlər. Şəkili bir anlıq çaşdırmaq olar da, insanıq.
- Amma səhv etmirəmsə, şəkili göstərib, adını da deyiblər.
- Yox, yox elə şey olmayıb. Göstərdilər, dedilər ki, kimdir? Şəkili görəndə duruxdum, çaşdım. Çünki bir anlıq fikrim getdi musiqi tərəfə. Beynimə Qara Qarayev, Fikrət Əmirov gəldi. Əgər Qara Qarayevi, Fikrət Əmirovu, Cahangir Cahangirovu tanıyıramsa, ola bilərmi ki, Cəfər Cabbarlını tanımayım? Mən orta məktəbdə oxuyanda “İstedadlar axtarırıq” adlı bir müsabiqə keçirilirdi. Orada ilk oxuduğum əsər “Ölkəm” olub. Həmin əsərin də sözləri Cəfər Cabbarlının, musiqisi Asəf Zeynallınındır. Yəni, mən bunu səhv sala bilmərəm. İncidiyim odur ki, bu məsələni çox qloballaşdırdılar. Könülün illərlə oxuduğunu, illərlə qazandığı uğurları heç edib, vurdular yerə.
- İndi sizə bir sual verəcəyəm. Əgər bu sualı bilsəniz, inanacağam ki, o təsadüf olub. Nəcəf bəy Vəzirov kimdir?
- Yazıçıdır, publisistdir. Bunu bilməmək olarmı? Mən demirəm ki, professoram. Amma o dərəcədə savadsız da deyiləm.
- Sizcə, niyə bizim müğənnilər tez-tez belə hallarla üzləşirlər? Məsələn, xalq artisti himnimizi bilmir, əməkdar artist Qara Qarayevi tanımır və deyir ki, rus məktəbini oxumuşam...
- Səmimi etiraf etmək lazımdır ki, bu, xoşagələn hal deyil. Çünki maraqlanmırlar. Ona görə də belə şeylərlə üzləşirlər. Mən həmişə demişəm ki, hansı sahədə olursan ol, heç olmasa, öz sahəni oxuyub bilməlisən.
- Məhərrəmlikdə kitab, qəzet oxudunuz, yoxsa növbəti toy mövsümünün qrafikini tutmaqla məşğul idiniz?
- Desəm, onsuz da inanmayacaqlar.
- Deyin, inanacaqlar.
- Hərdən mənə deyirlər ki, sənin işin-gücün yoxdur? Niyə başqa sahələrlə maraqlanırsan. Deyirəm ki, bütün ili öz sahəmlə maraqlanıram. Heç olmasa, məhərrəmlikdə bir insanı, bir yetimi sevindirək.
- Yəni xeyriyyə işləri görmüsünüz?
- Bəli, hamını sevindirmək lazımdır. Bu, hamının borcudur. Kasıb da, varlı da olanından kömək etməlidir.
- Bir də evinizdə çəkilişə icazə verəcəksiniz?
- (gülür) Yoox... Amma belə səmimi söhbət edirik, sabah sən də desən, məcbur olub icazə verəcəyəm.
- Narahat olmayın, mən heç vaxt evi çəkmirəm.
- Belə səmimi ünsiyyət olanda mən çox acizləşirəm. Dilim gəlmir ki, yox deyim, icazə verməyim. Sizə bir əhvalat danışım. Deməli, bir nəfər maşınıyla başqa bir maşını vurur, pis günə qoyur. Görür ki, o biri maşından 4-5 nəfər düşüb gəlir bunu döyməyə. Bu da içəridə oturub, yerindən tərpənmir. Onu döymək istəyənlərə deyir ki, sizi and verirəm Allaha, mənə dəyməyin, özüm öləcəyəm. Yəni, demək istədiyim odur ki, mətbuat belə məsələlərin üstünə gedəndə, heç olmasa, xidmətlərimizi də nəzərə alsın. Onsuz da belə məqamlarda özüm utanıram. İnanın, yandım-yaxıldım ki, gör, mən nəyin qurbanı oldum.
- Ən çox nəyə görə pis oldunuz?
- Cəfər Cabbarlıya görə. Küsdüyüm odur ki, bir az fərq qoyun da. İllərlə qram-qram yığdığımız hörməti niyə heç edirsiniz? İnsanlara da bir him lazımdır. Tamaşaçı çox etibarsızdır e.
- Bunu da yazacağam ha.
- Elə bil ki gözəllikdə çirkinlik axtarırlar, çirkinlikdə gözəllik axtarmırlar.
- Bildiyimə görə, oğlunuz yenicə hərbi xidmətə gedib...
- Bəli, artıq iki aydır. Ona görə bu aralar beynim çox qarışıqdır. İndi özümə gəlirəm. Özümdə deyildim, çox pis idim. İndi bir az babatam.
- Harada xidmət edir?
- Lənkəranda. Yeni il gəlir. Çalışacağam ki, özümü ələ alım. İlk dəfə Yeni ili oğlumdan ayrı keçirəcəyəm.
- Yaradıcılıqda nə var, nə yox?
- Bir az fərqli yaradıcılığa başlamaq istəyirəm. Düşünürəm ki, retro mahnılara müraciət edim. Bir neçə əsərlər var ki, vaxtında ifa etmişəm və sənətkarlar tərəfindən yüksək qiymətləndirilib. Həmin əsərləri yenidən oxuyacağam.
- Soruşsam ki, oğlunuz üçün çox darıxırsınızmı, yersiz sual olacaq. Amma düşüncələrinizi bilmək maraqlıdır...
- Darıxmaqdan əlavə, çox narahatam. Övladlarıma dəhşət dərəcədə bağlıyam. Ötən ay lap pis idim, indi bir az özümə gəlmişəm. Allah bütün balaları qorusun.