Rusiya kimin üstünə yıxılacaq?

25-12-2014, 11:17   
Rusiya kimin üstünə yıxılacaq?
Bu, asılı olacaq həmin an kimin ona ən yaxın “məsafə”də durmasından; bataqlığa gedəni yalnız daha güclü qüvvə qurtara bilər, yerdə qalanlar, o cümlədən Ermənistan isə onunla birgə gedəcək...
Rusiyanın, daha doğrusu, Putinin durumu ruscadır. Və belə görünür, bu durum Kreml başçısının vəd elədiyi kimi, heç yaxın iki ildə də düzəlməyəcək. Hər halda, Rusiya ətrafında cərəyan edən proseslər və Putinin son mətbuat konfransında söylədiyi hədə xarakterli mesajlar belə qənaət formalaşdırır.

Bir şey dəqiqdir ki, Qərb, özəlliklə ABŞ Kremldən minimum istədiyinə almayınca, rusların vəziyyəti pisləşməkdə davam edəcək. Minimum tələb isə Moskvanı beynəlxalq hüquqa sayğılı olmağa vadar eləmək, 2008-ci ildə Gürcüstanın, 2014-cü ildə isə Ukraynanın başına açdığı oyunlara görə üzr istədib, geri addıma sövq etdirmək, kəsəsi, Putinə qulaqburması verməkdir.

Rusiyanın bəxti isə bir şeydə də gətirməyib. O da onun Azərbaycan kimi qeyri-neft sektoru inkişaf etməyən, inkişaf etdirilməyən ölkə olmasıdır. Belə xammal ölkələri isə dünya xammal bazarlarından xeyli dərəcədə asılı olur. Çünki büdcəsi əsasən onun hesabına formalaşır. O üzdən neftin qiyməti düşən kimi (təbii ki, Amerikanın taktikası nəticəsində) rubl da kəllə-mayallaq oldu, Rusiyanın iqtisadi-bank sistemi də.




Amma cəmi bir neçə ay öncə Putinin ayağı yer tutmurdu. Kreml rəhbərinin hazırkı ümidsiz durumunu isə ABŞ prezidenti Barak Obama bir neçə gün öncə çox gözəl xarakterizə edib. Sitat: “Deyirdilər, guya Putin hamımıza kələk gəlib, Qərbi aldadıb və qalib gəlib. Hanı bəs? Pitin indi çökməkdə olan rublla, iqtisadi böhranla üzbəüzdür. O, əsla qalibə oxşamır”.
Bu, doğrudan da belədir. Putinin üzündəki “çekist” təbəssümü, davranışındakı qalib ədası artıq yox olub gedib. Bununla belə, Rusiya prezidenti yola gələnə də oxşamır. Odur ki, indi analitikləri ən çox bir sual ciddi şəkildə düşündürür. Bu da ondan ibarətdir ki, görəsən, çökməkdə olan Şər imperiyası son anda kimin üstünə “yıxılacaq” - Ukraynanın, Çinin, yoxsa Güney Qafqazın (Azərbaycanla Gürcüstanın) üzərinə?

Məntiqlə bu, asılı olacaq həmin an kimin ona ən yaxın “məsafə”də durmasından. Demək, indilikdə və yaxın illərdə bu və ya başqa taktiki maraqlar naminə Rusiyanın yanında, yaxınında dayanmaq, bundan da betəri - onun dərdlərini və problemlərini bölüşüb Rusiyaya görə sinəni qabağa vermək çox təhlükəli olacaq.



Əlbəttə ki, Rusiya düşdüyü bataqlıqdan çıxmağa sonadək can atacaq. Lakin ən kritik məqamda o, ona kömək əli uzatmaq istəyən ölkələri də istəməsə belə, özü ilə dartıb bataqlığa çəkə bilər. Rusiyanın xilası isə ilk növbədə öz əlindədir. Yolu bəlli: Putin “soyuq müharibə”dən sonra formalaşmış dünya düzəninə qarşı tutduğu yanlış, beynəlxalq hüquqa meydan oxuyan mövqedən çəkilməlidir. Başqa yol yoxdur.

Başqa yol Rusiyadan daha güclü qüvvənin (misal üçün, ABŞ, Avropa timsalında) əl uzadıb onu böhrandan çəkib çıxarmasıdır. Bu rola isə heç Türkiyə də uyğun gəlmir, o ki ola - Azərbaycan. Deməli, yerdə qalanlar Rusiya ilə birgə bataqlığın dibinə gedəcək. Bu xüsusda ən əvvəl Rusiya ilə həmsərhəd postsovet dövlətləri diqqətli olmalıdır. Bilə-bilə özünü fəlakətə atmağın anlamı nə? “Cəhənnəmə hazırlaşan”a Ermənistan kimi yol yoldaşı olmağa dəyərmi?

Yeri gəlmişkən, Rusiyanın düşdüyü vəziyyətin ən güclü küləyi onunla “çaşka-lojka” olan işğalçı ölkəyə dəyəcək. Ayrı cür mümkün deyil. İrəvan bilməli idi ki, Qarabağın işğalına Rusiyanın dəstəyi əsla təmənnasız deyil və zaman gələcək rusun maşası olmağa görə cavab verməli olacaq. Artıq “səfaya görə cəfa çəkmək” zamanı yetişir.



O ki qaldı Rusiyanın konkret kimin üstünə yıxılacağına, bircə imperiya şərini bizdən rədd eləsin, yetər. Ancaq bundan ötrü rəsmi Bakının diqqətli olması da lazım. Onsuz da Rusiyanın lap yaxınlığında olsaq da, olmasaq da, həmsərhəd ölkə kimi çöküşün tozanağı Azərbaycanın da üstünə qonacaq. Ancaq tozanaqdan çıxmaq mümkündürsə, imperiya dağıntıları altından qurtulmaq mümkün olmaya bilər.

Onu da gərək unutmayaq ki, bizim Dağlıq Qarabağ problemimiz var. Elə olmasın ki, çökən imperiyaya görə Qərblə əməlli-başlı düşmən olaq və bununla həm Ermənistanı xarabalıqlar altından xilas edək, həm də üstəlik, onun çörəyinin üzərinə “yağ” sürtək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.