Hakimiyyət İsraili hədələdi

25-12-2014, 11:25   
Hakimiyyət İsraili hədələdi
Zahid Oruc: «Alt qatda daha mötəbər məlumatlar var. Onların bir hissəsi, sadəcə, mətbuat katibinin dilindən ictimailəşdi»

İsrailin məşhur “Haaretz” və “Yerusalem Post” qəzetlərində Azərbaycan hakimiyyətilə bağlı tənqidi materialların yer alması Bakı və Tel-Əviv arasında münasibətlərin soyumasına səbəb olub. Prezidentin mətbuat katibi Azər Qasımov “Hareetz” və “Yerusalem Post”da yazılanlara münasibət bildirərkən Israili açıq şəkildə ittiham edib. Lakin hakimiyyət bununla kifayətlənmək istəmir. Indi də iqtidaryönlü deputatların dililə Israilə qarşı ittihamlar səsləndirilir.

Məsələn, deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında “Haaretz” və “Yerusalem Post” qəzetlərində dərc olunan materialları şərh edərkən bildirib ki, Azərbaycanla münasibətləri gərginləşdirmək Israilin ziyanına olardı: “Zaman etibarilə iki dövlət arasındakı münasibətləri, üstəlik, bura yəhudi lobbi birliklərini də əlavə etsək, onlarla Azərbaycanın yaxşı təmasları bir model olaraq digər müsəlman ölkələrinə nümunə kimi ortaya qoyulurdu. Israil bununla öyünürdü. O göstərirdi ki, bütün müsəlman ölkələrini özünə düşmən etməyib. Azərbaycanla münasibətlər Israilin hətta Türkiyə ilə əlaqələrinə də yaxşı təsir göstərirdi. Biz bilirik ki, Ərdoğan hakimiyyəti dövründə iki ölkənin münasibətləri kifayət qədər gərginləşib. Fələstin məsələsində Türkiyə açıq-aşkar tələblərlə və Fələstin elitasının mövqeyi ilə silahlanaraq Israilin qabağına çıxır. Ona görə də Azərbaycanla münasibətlər həm Islam aləmi üçün, həm də Türkiyə ilə əməkdaşlıqda ötürücü naqil rolunda, həm də balansedici və tənzimləmə funksiyasında çıxış edirdi. Onu itirmək Israilin ziyanına olardı”.

Deputat daha sonra Israili hədələyib. O, deyib ki, Israil öz düşmənlərini sevindirmək istəmirsə, Azərbaycana qarşı olan bu təbliğatdan daşınmalıdır. “Biz bilirik ki, o tezislər hansı kabinetlərdə verilir. Azərbaycanın Prezident Administrasiyasından məsələyə rəsmi reaksiyanın verilməsi də sübut edir ki, hələ ictimailəşə bilən mövqe budur, yəqin alt qatda daha mötəbər məlumatlar var. Onların bir hissəsi, sadəcə, mətbuat katibinin dilindən ictimailəşdi. Qalan məsələlərə yer verilmədi”,- deyə Zahid Oruc vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.