Hakimiyyətlə ABŞ arasında qarşıdurma sərtləşdi

29-12-2014, 10:28   
Hakimiyyətlə ABŞ arasında qarşıdurma sərtləşdi



"Azadlıq" radiosuna təzyiqlər daha da gücləndi; Vaşinqtondan və Avropadan sərt cavablar gəldi


Dünən səhər saatlarında “Azadlıq” radiosunun demək olar ki, bütün əməkdaşlarının evinə polis və mülki geyimlilər gələrək, onları zorla Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə aparıblar. Baxmayaraq ki, radionun bütün əməkdaşları əvvəlcədən yeni həftənin ilk iş günü - dekabrın 29-da vəkillə müqavilə bağlayıb, prokurorluqda ifadə verməyə razılaşmışdılar. Amma dünən istirahət günü olmasına baxmayaraq, səhər tezdən radionun əməkdaşlarının evinə polislər göndərilib. Polislərin bir qismi mənzilə gələrək, jurnalistləri onlarla birlikdə getməyə dəvət edərkən özlərini etik çərçivəni aşmayıblar.

Jurnalistin evində polis zorakılığı

Lakin radio əməkdaşlarının arxasınca göndərilənlər arasında elələri olub ki, mənzilə əməlli-başlı basqın edib, jurnalistə qarşı zorakılığa yol verib. Məsələn, “Azadlıq” radiosunda həftə içi hər gün yayımlanan “Işdən sonra” proqramının aparıcısı Kamran Mahmudova, hətta üst-geyimi və ayaqqabılarını da geyinməyə imkan verməyiblər. Bu barədə radioya onun həyat yoldaşı Lətifə xanım məlumat verərək bildirib ki, səhər saatlarında evlərinə 2 polis zabiti gəlib, onlar zorla mənzilə giriblər. Həmin vaxt baş verənlərdən qorxuya düşüb ağlayan uşaqların gözü qarşısında Kamran Mahmudova heç paltarını dəyişməyə imkan vermədən zorla götürüb aparıblar.



Prokurorluqda dindirildikdən sonra “Meydan TV”yə açıqlama verən Kamran Mahmudov özü də deyilənləri təsdiqləyib. Bildirib ki, müstəntiq onu QHT-lərlə bağlı açılmış cinayət işi üzrə sorğu-sual edib, həmçinin “Azadlıq” radiosu ilə bağlı dindirib. Kamran Mahmudov iltizama qol çəkdiyinə görə dindirmə barədə ətraflı məlumat verməsə də, mənzilində baş verən polis zorakılığı barədə danışıb: “Sahə müvəkkili məni ayaqyalın, yataq paltarında dindirməyə apardı. Bu barədə müstəntiqə iradımı bildirdim. Onlar da təəccübləndi ki, məni bu vəziyyətdə gətiriblər”.

Prokurorluq radionun xadiməsini də dindirib


Radionun Bakı bürosunun xadiməsi Mətanət Abdinova, radionun əməkdaşı Vüsalə Mehdiyeva da mənzilindən əvvəlcə polis məntəqəsinə, oradan da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə aparılıb.



“Azadlıq” radiosunun rus dilində saytının redkatoru Çingiz Sultansoyun mənzilinə gələn polislər ona deyib ki, Yasamal Rayon Polis Idarəsinin rəisi onunla görüşmək istəyir. Buna inanaraq vəkilsiz gedən Çingiz Sultansoy yolda öyrənib ki, onu prokurorluğa aparırlar. Müdafiəçisiz ifadə verməyin əleyhinə olan jurnalist sonradan prosesi uzatmamaq üçün vəkilin iştirakı olmadan dindirilməyə razılaşıb. Çingiz Sultansoy dindirmə zamanı təzyiqə məruz qalmadığını bildirib: “Rəftar nəzakətli idi. Amma cinayət işinin özü mənə qəribə gəlir”.
Dünən ümumilikdə radionun iyirmiyə yaxın əməkdaşı dindirilib.

“Jurnalistin işi gizlətmək yox, açıqlamaqdır”



“Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Zeynal Məmmədli əməkdaşların bu şəkildə prokurorluğa aparılıb dindirilməsinə münasibət bildirib.
“Belə bir qəribə hay-küylə, xof yaratmaqla, çağırış olmadan, vəkil xidmətindən yararlanmaqlarına imkan verilmədən çağırıldılar. Biz jurnalist işimizi görürük. Jurnalistin də işi hər şeyi gizlətmək yox, hər şeyi açıqlamaqdır”, - deyə o, qeyd edib.
Zeynal Məmmədli deyib ki, əməkdaşların taleyindən nigarandır: “Onların əməkhaqqı alması, dolanışığı narahatlıq yaradır, kimisinin ipoteka krediti var, onun ödənilməsi əlavə cərimələr gətirə bilər. Belə məişət səviyyəsində də narahatlıq var”.
Zeynal Məmmədli radionun möhürlənən ofisinin açılması ilə bağlı məsələnin gündəlikdə olmadığını deyib: “Hərçənd, axtarışa başlayanda dedilər ki, disklər, sənədlər götürüləcək. Sizin fəaliyyətinizə heç bir maneə olmayacaq. Amma sonradan möhürləndi və hazırda ofisin açılmasından söhbət getmir”.
Onun sözlərinə görə, seyfin qapısı sındırılaraq əsasən maliyyə sənədləri, kompüterlərin yaddaş diskləri götürülüb: “Əməkdaşlar nəyin əsasında dindirilir - QHT-lərlə bağlı. Məsələn, mən ”Azadlıq" radiosu ilə QHT bağlantısını tapa bilmirəm. Özümü inandırmağa çalışıram ki, yəqin, burada xarici ölkələrin nümayəndəlikləri də QHT statusunda qavranılır".
Zeynal Məmmədli onu da əlavə edib ki, əməkdaşlar dekabrın 29-da vəkillə görüşüb, müqavilə bağlamağı planlaşdırırdılar. Çünki onlar prokurorluqda hüquqi nümayəndə ilə dindirilməlidir. Lakin onların bazar günü qəfildən prokurorluğa aparılması jurnalistləri faktiki qanuni müdafiəsiz qoyub.

Usubov radionun vəkilini də işdən uzaqlaşdırdı



Bu arada, “Azadlıq” radiosunun vəkili Yalçın Imanov da müdafiə prosesindən kənarlaşdırılıb. Bu haqda Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov qərar verib. Usubov Yalçın Imanova 2011-ci ildə “Azadlıq” radiosundan ödəniş olunmasını əsas gətirərək, onun vəkil kimi işdən uzaqlaşdırılması və şahid qismində dindirməyə cəlb olunması haqda qərar imzalayıb. Sözügedən qərar əsasında Yalçın Imanov prokurorluqda dindirilib. Vəkil həm işdən uzaqlaşdırılmasının, həm də “Azadlıq” radiosu ətrafında baş verənlərin, o cümlədən radionun ofisində axtarış aparılması və ofisin möhürlənməsi, əməkdaşlara qarşı təzyiqlər, hədə-qorxu və xof yaradılması kimi əməllərin qanunsuz olduğunu, QHT-lər adı altında aparılan istintaqla bağlılığı olmadığı üçün şahid qismində cəlb olunmasının əsassızlığını hüquq-mühafizə orqanlarının da diqqətinə çatdırılıb.

Jurnalist Əfqan Muxtarlı da bu gün “Azadlıq” radiosu ilə bağlı ifadə verəcək. O, “Meydan TV”yə açıqlamasında deyib ki, dünən polis zəng edərək, bu gün saat 10:00-a Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırıb.
ABŞ-dan reaksiya: “Bu, özünə inamı olmayan, korrupsioner hökumətlər və liderlərin davranışıdır”

***

Son bir neçə gündə “Azadlıq” radiosunun Bakı ofisi ətrafında baş verənlər beynəlxalq aləm tərəfindən də diqqətlə izlənilir. Dünyanın onlarla aparıcı mətbuat orqanı prokurorluq orqanlarının radionun ofisinə basqın etməsi, ofisin qapısının möhürlənməsini əsas xəbər kimi beynəlxalq ictimaiyyətə yayıb. Hakimiyyətin bu addımı eyni zamanda, beynəlxalq təşkilatları, Avropa və ABŞ rəsmiləriniÿdə hərəkətə gətirib. Bütün bəyanatlarda radionun fəaliyyətinin dayandırılması Azərbaycan hakimiyyətinin fərqli fikrə düşmən münasibəti kimi dəyərləndirilir, hökumətdən müstəqil mediaya qarşı basqıları dayandırmaq tələb olunur.



ABŞ Dövlət Departamenti Bakıda “Azadlıq” radiosu ətrafında baş verənlərlə bağlı bəyanat yayıb.
“Biz ”Azadlıq" radiosunun Bakıdakı bürosunun ofisində əməkdaşların saxlanması, sorğu-suala çəkilməsi və polisin ofisdə axtarış aparması barədə xəbərlərdən çox ciddi şəkildə narahatıq. Bu istintaq və axtarışın səbəbləri aydın deyil.ÿ
Biz hakimiyyət orqanlarını media azadlığının qorunması barədə Azərbaycanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırq. Azad və müstəqil media hər bir dövlət üçün olduqca önəmlidir", - deyə bəyanatda bildirilir.



ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer da Bakıdakı son olaylarla bağlı fikirlərini bölüşüb.
“Azad media üzərinə hücum zəif, özünə inamı olmayan və korrupsioner hökumətlərin və liderlərin davranışıdır”, - deyə ABŞ səfiri özünün “Twitter” hesabında yazıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi də baş verənlərlə bağlı bəyanat yayıb.
“Biz mətbuatda ”Azadlıq" radiosunun ofisində hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən axtarışlar aparılan zaman radionun Bakı bürosunun əməkdaşlarının saxlanılmaları və sorğu-suala tutulmaları barədə yayılan məlumatlardan narahatıq. Axtarış və sorğu-sualların aparılmasının səbəbləri aydın deyil.
Biz azad mətbuatı dəstəkləmək üçün məsul rəsmiləri qanunlara uyğun olaraq, həmçinin Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində şəffaf araşdırma aparılmasına çağırırıq. Biz ümidvarıq ki, Azərbaycan rəsmiləri azad və müstəqil mətbuatın insanların rifahı üçün çox vacib olması fikrini bizimlə bölüşərək addımlar atacaqlar", - deyə bəyanatda qeyd olunub.



ABŞ Konqresinin Helsinki Komissiyasının (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) sədri, senator Ben Kardin də “Azadlıq” radiosuna hücumla bağlı bəyanatla çıxış edib.ÿBəyanatda deyilir ki, Azərbaycanda azad və müstəqil mətbuat onları qorumalı olan hakimiyyətin özü tərəfindən hücumlara məruz qalmaqda davam edir.
Ben Kardin bildirib ki, “Azadlıq” radiosunun ofisinə hücum Azərbaycan hökumətinin fərqli səsləri susdurmaq kimi dərin narahatlıq doğuran əməlini davam etdirdiyini göstərir. Senator yada salır ki, bütün bunlar radionun əməkdaşı, təhqiqatçı jurnalist Xədicə Ismayılın həbsi və ilkin məhkəməsindən dərhal sonra baş verir: “Biz Azərbaycan hakimiyyətini bir daha jurnalistlərin təqibinə son qoymağa və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iştirakçı üzvü kimi, insan haqları və təməl azadlıqların qorunmasına dair keçmişdə götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa çağırırıq”.

“Azərbaycan Avropada jurnalistlərin ən böyük həbsxanasıdır”



“Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı da “Azadlıq” radiosunun Bakı ofisində baş verənləri pisləyib, bunu ölkədə media plüralizminin boğulmasına yönəlmiş son cəhd adlandırıb. “Sərhədsiz Reportyorlar”ın bəyanatında deyilir ki, radionun Bakı bürosu Azərbaycan hökumətinin KIV-də plüralizmi məhv etmək üçün apardığı kampaniyanın son qurbanıdır.
Təşkilat xatırladır ki, radionun ofisində axtarış zamanı seyf sındırılıb, sənədlər, radiostansiyanın əsas serveri, yaddaş kameraları və digər avadanlıqlar müsadirə edilib.
“Azərbaycanda repressiyaların miqyasını sözlə təsvir etmək çətindir. Ilham Əliyev hökuməti medotik olaraq müstəqil KIV-ləri bir-bir məhv edir. Beynəlxalq qurumlar və Azərbaycanın xarici tərəfdaşları bu qanunsuzluğa qətiyyətlə cavab verməlidir”, - deyə təşkilatın Şərqi Avropa və Orta Asiya üzrə bürosunun rəhbəri Yohan Bir bildirib.
Bəyanatda xatırladılır ki, araşdırmaçı jurnalist Xədicə Ismayılova da daxil olmaqla, hazırda Azərbaycanda 15 jurnalist və blogger həbsdədir. “Sərhədsiz Reportyorlar”ın 2014-cü il üzrə mətbuat azadlığı hesabatında Azərbaycan 180 ölkə arasında 160-cı yerdədir: “Azərbaycan hökuməti öz fikri olanların, ona işləməkdən imtina edənlərin hamısını məhv etməyi qarşısına məqsəd qoyub. Ən azı, 15 jurnalist və bloggerin həbsdə olması Azərbaycanı Avropada jurnalistlər üçün ən böyük həbsxanaya çevirir”.

Avropa Şurasının komissarı Bakıda baş verənlərdən şoka düşüb



Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks “Azadlıq” radiosunun Bakı ofisinə hücumdan şoka düşdüyünü bildirib: “Azadlıq” radiosu Azərbaycan xidmətinin Bakı bürosuna polisin keçirdiyi reyd barədə xəbərdən çaşqınlıq içindəyəm. Bu qeyri-məqbul hadisə yaxın keçmişdə Azərbaycanda fərqli düşüncə üzərinə edilmiş çoxsaylı repressiyaların davamıdır və bu ölkədə jurnalistlərin, insan haqları müdafiəçilərinin və tənqidi fikir bildirən başqalarının üzləşdikləri təqiblərin ciddiliyini nümayiş etdirir. Mən hakimiyyəti ifadə və media azadlığı üzərinə hücumlarını dərhal və birdəfəlik dayandırmağa və insan haqlarının müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıram".

Avropa Şurasının baş katibi Torbörn Yaqlandın sözçüsü Daniel Holtgen də bəyan edib ki, “Azadlıq” radiosunun Bakı ofisinə hücumun səbəbi və hüquqi əsaslarına dair cavab verilməsi üçün Azərbaycan hakimiyyətinə müraciət olunacaq: “Azadlıq” radiosunun Bakı bürosunun bağlanması yenidən Azərbaycanda ifadə azadlığı barədə narahatlıq yaradır".
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də “Azadlıq” radiosuna qarşı baş verənlərin qəbuledilməz olduğunu vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.