Hadisə və Mustafa Cecəli adına büdcə təşkilatlarından, sahibkarlardan 400 min manat vəsait yığılıb
Gəncədən musavat.com-a daxil olan məlumata görə, şəhərin icra başçısı Elmar Vəliyevin göstərişi ilə 10 may - Gül bayramı münasibəti ilə şəhərdə keçirilən konsertdə iştirak edən məşhur türk müğənniləri Hadisə və Mustafa Cecəliyə ödənilən 250 min manat qonorar büdcə təşkilatlarından, müəsissələrindən, bələdiyyələrdən, icra nümayndəliklərindən və ticarətlə məşğul olan sahibkarlardan yığılıb.
Bildirilir ki, pultoplama işinə rəhbərliyi Kəpəz rayon icra başçısının müavini, Gəncə şəhər YAP-ın sədri Nafiq Həmzəyev həyata keçirib. Konsert üçün yığılan vəsaitin həcmi 400 min manata yaxın olub.
Qeyd olunur ki, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 30 min, Gəncə Mədəniyyət və Turizm şöbəsinin müdiri Sənan Hacıyev 30 min, Gəncə Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev 30 min, Gəncə Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri İxtiyar İsgəndərov 20 min, Gəncə Kommunal İstehsalat Birliyinin sədri Elgün Məmmədov 20 min, Gəncə Telekommunikasiya İdarəsinin rəisi 25 min, Yol İstismar İdarəsi müdiri 25 min, Gəncə Şərab-2 ASC 20 min xərac veriblər. Həmçinin 20-ə yaxın ticarət mərkəzlərinin rəhbərlərinin hər birindən 7 min, Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natavan, Məhsəti, Sadılı qəsəbə nümayəndələrinin hər birindən 5 min manat vəsait alınıb.
Qeyd edək ki, hakimiyyət nümayəndələri Hadisə və Mustafa Cecelinin Gəncədə havayı, təmənnasız konsert verdiklərini bildirmişdilər və bu heç kəsə inandırıcı görünməmişdi.