
Ölkə başçısı Ilham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsi bu mərkəzə həvalə olunur.
Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir (AzərTac).