Çovdarov kimləri “ipə götürəcək”
anaxeber.info cebhe.info-ya istinadən xəbər verir ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları məhkəmə icraatına verilib. Məhkəmənin vaxtı, qapalı və ya açıq keçiriləcəyi hələlik məlum deyil.
Çovdarov kimləri ələ verə bilər?
Vəzifəsindən sui-istifadə hallarından, adam öldürmə, qanunsuz azadlıqdan məhrum etmə və digər maddələr üzrə ittiham olunan Akif Çovdarovun növbəti məhkəmə prosesində MTN məsələsi ətrafında baş verənlərə görə yeni adlar açıqlayacağı gözlənilir.
Ortada artıq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev nümunəsi var. Məlumdur ki, adı bankın valyuta ehtiyatlarını qanunsuz yolla mənimsəməkdə ittiham olunan C.Hacıyev cinayət əməllərinə maliyyə naziri Samir Şərifovu da ortaq etmək niyyətinə düşdü və bildirdi ki, şəxsinə qarşı irəli sürülən ittihamlar Şərifova da şamil edilməlidir. Bankir bununla təzyiq, təhdid və qorxu altında qanunsuz fəaliyyət göstərdiyini sübut etməklə cəzasını yüngülləşdirmək istəyir. Buna görə də özündən daha güclü adları ələ verməyə başlayıb. C.Hacıyev nümunəsinə istinad edən kriminalist ekspertlər hesab edirlər ki, alacağı cəzanı yüngülləşdirmək üçün Akif Çovdarov da yeni adlar açıqlaya bilər. Davam edən məhkəmə və istintaq prosesində Çovdarovun keçmiş MTN “şefi” və cinayət ortağı Eldar Mahmudovu da ələ verəcəyi gözləniləndir. Qeyd olunur ki, Çovdarov Mahmudovu ələ verməmək üçün bir müddət əvvəl xəstə olması bəhanəsini gündəmə gətirərək istintaq suallarından yaxasını kənara çəkməyə cəhd etdi. Lakin bu baş vermədi.
Mahmudovdan “sus” komandası
Gələn məlumatlara görə, Eldar Mahmudov müxtəlif kanallar vasitəsilə keçmiş müavininə susması və onu ələ verməməsi üçün xəbərdarlıq edib. Nəzərə alsaq ki, baş verənlərin ən xırda detallarına qədər bilən MTN-nin keçmiş Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev həbsdə öldürülüb. Bu baxımdan Akif Çovdarovun həbxanada ömürlük yaşamağa, yaxud hansısa adları ələ verməklə cəzasını yüngülləşdirməyə üstünlük verəcəyi sual doğurur. Hər halda Akif Çovdarov danışacağı halda qanunsuz fəaliyyətini Eldar Mahmudovun təzyiq və təhdidləri altında qurduğunu deyəcək.
“Şef”ni ələ verəcək
Akif Çovdarov İlqar Əliyevlə yanaşı Eldar Mahmudov cinayətlərini detalları ilə bilən iki şəxsdən biridir. Təsadüfi deyil ki, buna görə Mahmudov keçmiş müavinin həbsə düşməsinin qarşısını almağa çalışdı. Lakin bacarmadı. Çünki faktlar açılmışdı kimsə həbs olunmalıydı. Eldar Mahmudov müəyyən kanalların dəstəyi və məlum olmayan səbəblərə görə ev dustaqlığında qalmağı bacardı. İlqar Əliyev və Akif Çovdarovu isə ələ verdi. İndi də Çovdarovun danışacağı Mahmudovu narahat edə bilər ki, bu da keçmiş müavinin həyatı üçün təhlükə törədir. Çünki keçmiş MTN “şef”i bilir ki, Çovdarov danışacağı halda cinayətləri məhz onun təzyiqləri altında törətdiyini açacaq. Təhlükəsizlik məsələləri üzrə ekspertlər səhhəti normal olmayan Çovdarovun ağır istintaq suallarından çox da yayına bilməyəcəyini və Eldar Mahmudovu ələ verəcəyini istisna etmirlər.