“Zərdabın başçısına 5000 manat vermişəm, göl ancaq bizimdir” - Şok ittihamlar

10-09-2016, 08:52   
“Zərdabın başçısına 5000 manat vermişəm, göl ancaq bizimdir” - Şok ittihamlar

Zərdabın Gödəkqobu kənd sakinləri Politika.Az-a şikayət məktubu yazıb

Müraciət müəllifləri - Əhədov Abdulhəmid Abduləhəd oğlu, Sarıyev Qafar Qulu oğlu, Mürşüdov Münasib Abdul oğlu kəndin bələdiyyə sədri Kapitay İxtiyarovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirir.

Belə ki, bələdiyyə əmlakını şəxsi malı kimi talan edir. Bu səbəbdən Gödəkqobu kənd yolları yararsız vəziyyətdədir. Örüş torpaqları satılıb.

Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarovun qanunsuz əməllərinin üstü Göyçay Regional Ədliyyə Şöbəsinin rəisi Ruslan Osmanlı öz maraqlarına görə ört-basdır edir.

“Biz şikayət ərizəsi ilə Göyçay Regional Ədliyyə Şöbəsinə müraciət edib Kapitay İxtiyarovun 2016-cı il tarixə fəaliyyətinin yoxlanılmasını xahiş etmişik.

Ancaq öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutan Ruslan Osmanlı yaramaz bələdiyyə sədrinin 2013-2014-cü illərə olan fəaliyyətini yoxlaması barədə bizə cavab məktubunda bildirib.

Yoxlama kənddə yerində aparılmalı olduğu halda Ruslan Osmanlının mebelli-kondisionerli kabinetində aparılıb ki, bu qanunsuzluqdur. Kənd ərazisində olan kanallar zir-zibildən təmizlənmir.

Kənddə 3 yerdə təbii axmaz göllər var ki, ümumi olaraq təxminən 45 hektar ərazini əhatə etsə də, sənəddə saxtakarlıq edilərək 22 hektar qeyd edilib”, - deyə kənd sakinləri bildirib.

Sakinlər qeyd edirlər ki, Zərdabın Gödəkqobu kənd ərazi üzrə nümayəndəliyinin sədri Müzəffər İxtiyarov bələdiyyə sədri Kapitay İxtiyarovun əmisidir:

“İcra Nümayəndəsinin müavini Xətai Novruzov isə həmin saxta icarə müqaviləsi ilə təbii gölü zəbt etmiş Bayram Novruzovun oğludur.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən İxtiyarovlar və Novruzovların qanunsuz fəliyyətləri nəticəsində kənd sakinləri çox əziyyət çəkirlər. Onların barələrində heç bir tədbirlər görülmür.

Kənd İcra Nümayəndəliyinin müavini Xətai Novruzov açıq-aşkar bizə bildirir ki, Zərdab rayon icra başçısına 5000 manat pul vermişəm, buna görə də göldən ancaq biz istifadə etməliyik.

Həmin göl təxminən 16-18 hektar ərazini əhatə edir. Həmçinin gölün yaxınlığında olan kollektoru da Bayram Novruzov zəbt edib. Bu barədə ortada sənədin olmasına baxmayaraq heç bir tədbir görülmür.

Biz dəfələrlə aidiyyatı orqanlara müraciət edib xahiş etmişik ki, kənd ərazisində olan göllər Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ölçülsün.

Çünki həmin 3 təbii göl qeyd etdiyimiz kimi 45 hektar ərazini əhatə edir, ancaq sənəddə 22 hektar qeyd edilib. Biz Gödəkqobu kənd sakinləri dədə-babadan həmin təbii göldən istifadə edib balıq tutub, ov edib ailəmizi dolandırmışıq.

İndi bir qrup vəzifə saxtakarları talançılıqla məşğul olub kənd camaatına zülm edirlər. Cənab Prezident kənd təsərrüfatının inkişafı üçün mütərəqqi addımlar atsa da buna qarşı çıxan İxtiyarovlar və Novruzovlar kimi yaramaz vəzifəli şəxslər var”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar