Vaşinqtonda Azərbaycana qarşı “barıt sui-qəsdi” EYNULLA FƏTULLAYEV YAZIR

15-09-2016, 14:13   
Vaşinqtonda Azərbaycana qarşı “barıt sui-qəsdi” EYNULLA FƏTULLAYEV YAZIR

Eynulla Fətullayev

Amerikalilar rəsmi Bakıya bütün cəbhə boyu hücuma keçirlər. Vaşinqton bütün siyasi cəbbəxanasını və Azərbaycan hakimiyyətinin nüfuzdan salınması üçün irimiqyaslı kampaniya aparmaq məqsədi daşıyan potensialını səfərbər edib. İlk fürsətdəcə Azərbaycanı gözdən salmağın şəxsləşdirilmiş və seçmə xarakteri Ştatların və Qərbin yaxa qurtarmağa çalışdığı, sərf etməyən hakimiyyətin qaralanması üzrə strategiyasında klassik sxemdir!



Fəqət, İlham Əliyev Vaşinqtona bu fürsəti vermir. Mininci dəfə olaraq sintetik müddəalarla təkzibolunmaz hala gəlmiş məlum aksiomu səsləndiririk: dünya qəddar avtoritarizm və dövlət “mənliyi” çuxuruna sürüklənib.

Belə görünə bilər ki, Vaşinqton ilk növbədə Çexiya prezidenti Zemanın milliyyətçi-qisasçı ruhundan, Macarıstanın baş naziri Orbanın liberal azadlıqları boğmasından, arzu olunan Avropa inteqrasiyasının boğazından yapışmış qoca qarı “Breksit”dən əndişələnməlidir... Küçələrində insanların sahibsiz it təki güllələndiyi Asiya, azad internetin mövcud olmadığı Çin, yaxud dünya terrorizmini dəstəkləyən vəhhabi ölkələr barədə Vaşinqtonda dərin utanc hissi ilə susmağı üstün tuturlar.

Paradoksal olsa da, hansısa orta əsrlərdən qalma ərəb xəlifəsinin sarayında donub qalan, anaxronizmin - yapon imperatorunun orta əsrlər yadigarı syoqununun hakimiyyəti qarşısında çaşan, həbsxanalarında yüzlərlə siyasi məhbusun çürüdüyü Kuba diktatorunun qarşısında nə edəcəyini bilməyən Amerika prezidenti dünyada yalnız bir ölkənin – digər bir ABŞ prezidenti tərəfindən Şər İmperiyası adlandırılmış böyük dövlətin dağıntıları arasında təşəkkül tapmış hansısa Azərbaycanın əlindən dad qılır.



İkiüzlülüyün ən yüksək səviyyəsi: yadınızdadırmı, Obama uzaq Qafqaz nümayəndəsi İsmayılovanın portretinə necə faciəvi nəzərlərlə tamaşa edirdi? Bu həmin prezidentdir ki, bəşər tarixinin ən qorxunc zindanı olan Quantanamo həbsxanasının bağlanması barədə özünün imzaladığı dekretin həyata keçirilməsinə nail olmağa cəsarət tapmamışdı!

ABŞ-da misli görünməmiş ikiüzlülük nümayiş etdirməklə Azərbaycanı strateji tərəfdaş adlandırır və bununla yanaşı, ildən-ilə hakimiyyətimizi nüfuzdan salmağa çalışır, ölkəmizi bir vaxtlar dünyanı müharibələrdən azad etməyə söz vermiş Obamanın öpdüyü əli xalqların qanına bulaşmış orta əsrlər ərəb despotizmi ilə müqayisə edirlər... O, insan qanı dənizində boğulan qitələri geridə qoyaraq gedir. Görünə bilər ki, dünya nəhəng sınma nöqtəsi ərəfəsindədir – dəyərlər sisteminin yenidən qiymətləndirilməsi, daimi müharibələr, xalqların böyük köçü, yeni Soyuq müharibə, Avrasiya sivilizasiyasına barbar taliblərin hücumu təhlükəsi... Tərəqqipərvər bəşəriyyətin ağlını başdan alan o qədər səbəb var ki. Axı məhz ümumbəşər sərsəmliyi, liberallığın qiyaməti, yeni böhranlar və müharibələr dünya qarşısında məsuliyyət daşıyanların, daha doğrusu, bu yükü bani atalarından miras kimi qəbul etmişlərin və çiyinlərinə götürmüşlərin diqqətini məşğul etməlidir. Fəqət belə deyil! Cavab olaraq okeanın o tayından çətin tələffüz olunan, Amerika elitasının sona qədər anlaya bilmədiyi ölkə adı səslənir – Azər-bay-can!

Bu siyasi absurd (yaxud siyasi sui-qəsd) nəzəriyyəsini necə izah edəsən? Düşünülməmiş ideoloji intervensiyanın arxasında nə dayanır? Məntiqlə bunu izah etmək mümkündür. Rusiya dövlətçiliyinin dirçəlişi və gücündən, Rusiya siyasi təsir dairəsinin bütün Avrasiya ərazisinə qayıdışından narahat olan ABŞ-da anlayırlar ki, iki geostrateji ölkədə - Ukraynada və Azərbaycanda sistemli sabitliyi pozmaqla, bu ölkələrə təsir gücünü ələ keçirməklə və qeyri-stabil vəziyyətdən istifadə edərək idarəetməni asanca yerinə yetirməklə Kremlin Avrasiyanın siyasi və iqtisadi inteqrasiya planlarını sındırmaq mümkündür.

Və bu iki ölkədə vəziyyətin laxladılması üzrə siyasət paralel və eyni dərəcədə sərt şəkildə həyata keçirilirdi. Məhz bu iki postsovet ölkəsi Vaşinqton tərəfindən çox güclü təzyiqlə və daxili işlərə misli görünməmiş səviyyədə qarışmaqla üzləşdilər. Ukraynadan fərqli olaraq, fundamental dövlət şaqulunun bərqərar olduğu Azərbaycanda ictimai etiraz qaldırmaq cəhdlərinin hamısı sərt şəkildə süquta uğrayırdı.



Uzaq 2003-cü ildə gənc siyasətçi İlham Əliyevin hakimiyyətə gəlişini dəstəkləmiş Vaşinqtonda güman edirdilər ki, iki ildən sonra yeni prezidenti ukraynasayağı rəngarəng koalisiya ilə əvəzləmək və parlament demokratiyası formasını almış sistemli qeyri-sabitliyə dəyişmək mümkün olacaq. Yanıldılar! Sonralar olduğu kimi, Yaxın Şərq qarışıqlığını Cənubi Qafqaza ötürmək mümkün olmadı. “Sağ sektor”un yanacaq qarışığı ilə alovlanmış Ukraynadakı Avromaydana 1 il qalmış gizli NİDA yanacaq qarışığı ilə qızdırılmış Azərbaycan Maydanına daha bir cəhd edildi.

Amerika demokratiyası Azərbaycandakı etirazı daha hansı formaya salmağa çalışmadı ki. Sonradan gülənçilik meydana gəldi, bığsız vəhhabi saqqallıları ilə qorxutdular... Əbəs yerə! MKİ analitiklərinin hər uğursuzluğundan sonra okeanın o tayından əsəbi anti-Azərbaycan haray-həşiri daha yüksəkdən səslənirdi. Bəzən Azərbaycan hakimiyyətinin tənqid dalğası dünyanın ən qanlı və despotik rejimlərinin tənqidini kölgədə qoyurdu. Nə qədər paradoksal olsa da, Azərbaycan barədə Dövlət Departamentində və Konqresdə Zimbabvedən, Eritreyadan və Kubadan daha çox və daha döyüşkən ruhda danışılırdı. Göz götürməyən hakimiyyəti devirməkdə gücsüzlük və zəiflik təxirəsalınmaz siyasi qisas yanğısı törədirdi.

Dövlət Departamenti və Konqres tərəfindən rəsmi Bakının üstünə qısqırdılmış tərxis edilmiş diplomatlar Kozlariçlə Kramerin rəsmi Vaşinqton nəşrinin səhifələrində çirkin hədyanlarının mürəkkəbi qurumamış anti-Azərbaycan ritorikasının ilham pəriləri yeni hücum elan etdilər.



Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos adına insan hüquqları üzrə komissiyasında yenidən Azərbaycan üzrə dinləmələr keçiriləcək. Bilmirsən güləsən, ya ağlayasan! Deyəsən, Azərbaycan amerikalıların əsas başağrısına çevrilir. Bəli-bəli, söhbət həmin o komissiyadan gedir ki, yalnız seksual azlıqların hüquqlarının müdafiəsinə səsləyən məşhur bəyanatı ilə deyil, həm də Şreder, Putin, Sarkozi kimi siyasətçilərin əxz etdikləri qaba tonu ilə məşhurlaşmış əfsanəvi konqresmen Lantosun adını daşıyır... Moskvada onu “MKİ-nin tulası” adlandırırdılar – Almaniyada Sovet ordusu tərəfindən azad edildikdən sonra tərəf dəyişərək, antisovet və daha sonra anti-Rusiya təbliğatı aparan qoca emiqrant. Bax, Azərbaycanı bu köhnə, ideologiyası bəlli məkanın divarları arasında müzakirəyə çıxaracaqlar.

Ağlasğımazdır, axı belə görünürdü ki, cəmi bir neçə həftə ərzində küçələrdə 3 mindən çox narkotacirin güllələndiyi Filippində insan haqları ilə bağlı vəziyyət daha aktualdır, nəinki dinc, sakit Bakıda, elə deyilmi? Yoxsa biz yanılırıq?

Ağlasığmazdır, axı adama elə gəlirdi ki, əsl vətəndaş müharibəsinin baş qaldırdığı Ermənistanda insan haqları ilə bağlı vəziyyət qiyamlardan uzaq Azərbaycana nisbətən daha aktualdır? Bəlkə biz səhv edirik?



Ağlasığmazdır, axı bu gün aclıq çəkən Venesuela, böhran içərisində batıb gedən Braziliya, Kuba, qan içində üzən Suriya daha aktual ola bilərdi..? Özbaşınalıqların və insan haqlarının total pozulmasının baş alıb getdiyi ölkələrin siyahısını nə qədər desən uzatmaq olar. Lakin Vaşinqton Azərbaycanda ilişib qalıb və digər ölkələrdə tüğyan edən böhranları, total təqibləri görmək istəmir.

ABŞ qarşısına konkret, strateji və bu yaxta qədər yerinə yetirilməyən vəzifə qoyub - Rusiyanın böyür-başını etirazlarla və anarxiya ilə bürümək. Və uzaq suveren ölkənin daxili işlərinə heç bir motivi olmayan müdaxiləyə haqq qazandırmaq. Bəhanə həmişə tapılır, əlbəttə ki, insan haqları dəyişməz leytmotivdir!

Baxın, bu kampaniyanın təşkilatçıları hansı çirkin uydurmalara və qurama iddialara əsaslanır ki, Azərbaycana dair dinləmələrə dünya ermənilərinin aparıcı xadimləri cəlb olunublar.

Dinləmələrin təşkilatçıları arasında “erməni soyqırımı”nı tanımağa çağıran komissiya rəhbəri Ceyms Makqoveren yer alır. Respublikaçı konqresmen, Konqresdəki erməni dəstək qrupunda yer alan Cozef Pits də oradadır. Komissiyanın avanqardı, konqresmen Yan Şakouskidir. Xanım Şakouski “erməni soyqırımı”nın dərhal tanınmasına dair dəfələrlə çağırışlar edib. Siyahını davam etdirək?



Bu ermənipərəst məruzəçilərlə bir sırada Azərbaycandan dəvət olunmuş məruzəçilər dayanacaq. Əgər biz bu siyahıda Azərbaycan demokratiyasının “alınmaz qalası” Xədicə İsmayılovanı görməsəydik, bərk narahat olardıq və təəccüblənərdik. Bəsirətsiz və temperamentli İsmayılova erməni lobbisinin əlində əsas silahdır. Azərbaycanda onun ermənipərəst livanlı Amal Kluni ilə siyasi-hüquqi flirtini hələ yaddan çıxarmayıblar. Məruzəçilər arasında yeni ortaya çıxmış gənc lider-Qavroş - Əli Kərimlinin oğlu da var. Nəyə görəsə Əli Kərimlinin oğlunu - Britaniyada təhsil alan pis Saatlı maneralı Türkel Kərimlini siyasi məhbus ranqına qaldırıblar.

Nə vaxtdan Türkel Kərimli QULAQ cəhənnəmindən keçib, uzaq Kolımada gənə ovlayıb, Şalamovla bir barakda saxlanılıb? Bu nə sayıqlamadır axı? Görürsünüzmü, Əli Kərimlinin oğlu neçə ilsə bundan qabaq bir neçə gecəni polis məntəqəsində keçirib. Bəyəm bu “müqəddəs” gecə ona siyasi məhbus adı almağa haqq verir?

Digər tərəfdən, siyasi səhnədə siyasi varislik nəzəriyyəsinin baş tənqidçisinin oğlunun sınıq-salxaq fiqurası tez-tez peyda olmağa başlayıb. Qəribə məntiqdir: əgər prezidentin oğlu prezident seçilirsə, bunu nəyə görəsə monarxiya adlandırırlar. Ancaq budur, öz postunda 20 ildən çoxdur ilişib qalan partiya sədri öz oğlunu varis elan edirsə, bu demokratiya və əzabkeş mübarizlik nümunəsi adlandırılır!



Və bu qəribə kampaniyaya amerikalılar Azərbaycan üzrə ənənəvi “smotryaşi”ni - Riçard Kozlariçi də cəlb ediblər. Məruzəçilər arasında real Azərbaycanın dördüncü tənqidçisi - qeyri-formal REAL hərəkatının liderlərindən biri Erkin Qədirli də olub. Ancaq bu siyasəti anti-Azərbaycan kampaniyasının təşkilatçılarının - “erməni soyqırımı”nın tanınmasına çağıranların şəxsiyyətləri ilə tanış olandan sonra dinləmələrdə iştirakdan imtina edib.

Bax bu seçilmiş trio Azərbaycan siyasi həqiqətlərinin “problemləri” haqda komissiyanın divarları arasında çıxış edəcəklər. Və amerikalı təşkilatçıların fikrincə, bunlar hansı problemlərdir ki, Azərbaycana ABŞ-ın regiondakı maraqlarını təmin edən ölkəyə çevrilməyə mane olur?

Dinləmələrin proqramına əsasən, başlıca problem hələ də həbsdə olan fəallardır. Bəs bilirsinizmi ki, amerikalı konqresmenlərin azadlığa buraxılmaları üçün can atdıqları həmin fəalların əksəriyyətini kimlər təşkil edir? İslam fundamentalistlərinin liderləri (Hacı Mövsüm Səmədov, Hacı Tale və digərləri) və siyasi ekstremizmin qatı tərəfdarları, hicab müdafiəçiləri və Nardaran qiyamçıları!



Qərb eyni, üstəlik qana bulaşmış dırmığı tapdalamaqda davam edir. Və əgər tarix onlara heç nə öyrətmirsə, deməli, məkrli və uzaqgedən məqsəd - insanların əli ilə qeyri-stabillik yaratmaq məqsədi güdürlər. Doğrudanmı, “siyasi məhbus” Əhməd Çatayevlə bağlı əhvalat onlara heç dərs olmadı? Terrorçunu siyasi məhbus edib 13 il himayə etdilər, o isə sonra İstanbul aeroportunu partlatdı. Bəs perulu Lori Berenson? Qərbin tələbi ilə həbsdən azad edilən və daha sonra Yaponiya səfirliyinə hücum təşkil edən həmin terrorçu qız deyildimi? Bəs sonradan “Əl-Qaidə”yə qoşulan pakistanlı “siyasi məhbus” Müəzzəm Beqq?

Qərbin şübhəli imicə malik olan islamçı məhbusları eyni dərəcədə şübhəli bəhanələrlə həbsxanalardan buraxdırmasına və sonradan onların terrorçu təşkilatlara qoşulub xalqların həyatını təhlükəyə atmasına dair onlarla misal göstərmək olar.

Bunu necə adlandırasan - ikili standartlar, intellektual qorxaqlıq və ya qarşıya qoyulmuş hədəfə, nə yolla olursa olsun, çatmağa can atmaq? Qərb Azərbaycanda siyasi ekstremizmi və dini terroru həyata qaytarıb fəallaşdırmaqla nə məqsəd güdür? Vaşinqtonda barıt çəlləyində baş verəcək partlayışın bütün ağlasığmaz faciəvi nəticələrini nəzərə alırlarmı? Azərbaycana qarşı bu nə “barıt sui-qəsdi”dir?



Hər dövlətin özünün funksional, özünəxas suveren immuniteti olur. Və siyasi hakimiyyətin vəzifəsi odur ki, dövlətin bu suveren immunitetini dəstəkləsin. Vaşinqton özünün düşmən siyasəti ilə (və bu siyasət dövlət səviyyəsində aparılır) Azərbaycanın ənənəvi çoxvektorlu siyasətindən imtina etməsi üçün hər şeyi edir. Biz ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlə üz-üzəyik. Bax bu səbəbdən Azərbaycan hakimiyyəti nəhayət Avroatlantika qurumları ilə əməkdaşlığa son qoyub, Avrasiya İttifaqı ilə inteqrasiya haqda ciddi düşünməli, Rusiya, Türkiyə və İranla hərbi-siyasi əməkdaşlığı kökündən dərinləşdirməli, bununla da, xaricdən müdaxiləni effektiv regional təhlükəsizlik sistemi ilə dəf etməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar