“İldırımsürətli müharibə” başlayır – ÜÇ MƏRHƏLƏ

19-09-2016, 15:19   


İŞİD-in əlində olan Əl-Bab şəhərinin təmizlənməsi üçün həyata keçiriləcək əməliyyat 3 mərhələdə reallaşacaq.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk hədəf Türkiyə-Suriya sərhədindəki Çobanbəy qəsəbəsi ilə Əl-Bab şəhəri arasındakı 20 kəndi ələ keçirməkdir.

Əməliyyatda əsas yeri türkmanlardan təşkil olunan “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Hələb 1” briqadaları ilə ərəblərdən ibarət olan 3 min nəfərlik Azad Suriya Ordusu tutacaq.

1. Əməliyyatın ilk mərhələsində Çobanbəy ilə Əl-Bab arasındakı ərazi terrorçulardan təmizlənəcək. Daha sonra Əl-Babın ətrafına döşənilən minalar məhv ediləcək. Bu işi xüsusi təlim alan “Hələb 1” briqadası görəcək.

2. Minaların təmizlənməsindən sonra “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Ahrar uş-Şam”dan ibarət olan üç qrup Əl-Baba doğru irəliləyəcək. Bu əməliyyatda ABŞ-ın 30 hərbçidən ibarət xüsusi təyinatlı qrupu iştirak edəcək.

3. Türkiyə Silahlı Qüvvələri birbaşa qarşıdurmada iştirak etməyəcək. Tanklar və zirehli birliklər İŞİD-in hədəflərinə arxa xətdən zərbələr endirəcək. Azad Suriya Ordusu İŞİD-in hədəflərinin məhvindən sonra Əl-Baba doğru irəliləyəcək.

Əməliyyata koalisiya qüvvələrinin təyyarələri də havadan dəstək verəcək. Xüsusilə, İŞİD döyüşçülərinin sıx mövqe tutduğu ərazilər koalisiya təyyarələri tərəfindən güclü bombardman ediləcək.

İŞİD-dən təmizlənəcək ərazidə uçuşa qadağan təhlükəsiz bölgənin yaradılması nəzərdə tutulur. 48 kilometr enində və 98 kilometr uzunluğundakı ərazinin ölçüsü təxminən 5 min kvadrat kilometrdir. Təhlükəsiz bölgənin tamamlanması üçün Əl-Babın şərq və qərbindəki çöl ərazilərin İŞİD-dən təmizlənməsi nəzərdə tutulur. Əməliyatın isə qısa müddətə başa çatdırılması planlaşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar