Bakıda unudulmuş 30 ailə: “Dedilər ki, burda adam yaşamaz”

19-09-2016, 15:35   

“Ötən il “Qaçqınkom”dan iki cavan oğlan gəlmişdi. Burda məskunlaşan qaçqınları siyahıya alırdılar. Dedilər, yalan deyirsiniz, burda insan yaşamaz, yaşaya bilməz. Soyuducuya baxdılar, paltarları, işlətdiyimiz qabları yoxladılar. Biri dəsmalı ilə burnunu tutdu, o biri də həyətə çıxan kimi əllərini yudu. Onlar bizdən, yaşadığımız yerdən iyrəndilər. Biz onların iyrəndiyi, 5 dəqiqə belə otura bilmədiyi evdə 20 ildən artıqdır ki, yaşayırıq…”

...Metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında, Nizami rayonu, Zərdabi küçəsi, 144 ünvanda 4 saylı peşə litseyi yerləşir. Litseyin hamamsız, tualetsiz, havasız zirzəmisində Zəngilan və Cəbrayıldan köçkün düşmüş 30-dan çox ailə məskunlaşıb.

Yuxarıda sitat kimi verdiyimiz sözləri Zəngilandan qaçqın düşmüş 60 yaşlı müəllimə Svetlana Qarayeva söyləyir. Məcburi köçkünlərin əksəriyyəti adının açıqlanmasını, şəklinin çəkilməsini istəmir. “Uşaqlar sinif yoldaşlarından utanırlar”, - səbəbini belə izah edirlər.

Virtualaz.org saytının əməkdaşları litseydə məskunlaşan qaçqın ailələrinin açıqnacaqlı durumu ilə tanış olublar.

Zirzəmidən dözülməz üfunət iyi gəlir. Divarlar qaralıb, tavandan su axır, döşəmə uçub-dağılıb, pərakəndə çəkilmiş elektrik xətlərinin üstü açıqdır. Səliqəsiz yığılmış qab-qazan, ayaqqabıları da əlavə etsək, buradakı yaşayışın dəhşətini anlatmağa kifayət edər. Bu zirzəmidə Zəngilandan köçkün düşmüş 3 ailə məskunlaşıb.



Arakəsmələr taxta qapılarla örtülüb və beləliklə, “otaqlar”a ayrılıb. Mehri İsmayılovanın 4 nəfərdən ibarət ailəsi bu “otaqlar”ın birində yaşayır. Taxta ilə ayrılmış “otaq” üstəlik pərdələrlə yarıya ayrılıb, pərdənin bu yanında kişilər, digər tərəfdə isə qadınlar yatır. Otağın güncündə kərpicdən tikilən və bir nəfərin güclə sığdığı ərazi isə hamam adlandırılır. Su vedrələrlə daşınsa da, ailə qapısız, pəncərəsiz hamamda yuyuna bilir.

Zirzəmidəki ümumi ayaqyoludan isə yalnız 3 ailə deyil, litseyin həyətində taxtadan ev tikib yaşayan köçkünlər də istifadə edirlər. Ayaqyolu demişkən, yanlış anlamayın, taxta qapı ilə örtülmüş yarımtikilidə üfunət iyindən dayanmaq mümkün deyil. Kanalizasiya sistemi olmadığından, çirkab birbaşa binanın altına, daha doğrusu, elə zirzəmiyə dolur.

“Siz burda neçə dəqiqə qala bilərsiniz?”, - Zəngilandan qaçqın düşmüş İlham Quliyevin sualına cavab verə bilmirik. “Biz illərdir bu şəraitdə yaşayırıq. Yayda yalnız gecələr, yatanda otağa giririk, qışda isə vəziyyətimiz daha dözülməz olur”.

Binanın əks istiqamətinə keçib zirzəmiyə baxmaq istəyirik. Çirkab su, üstəlik, zirzəmiyə atılmış zibil ürək bulandırır. Qaçqınlar deyirlər ki, zirzəminin təmizlənməsi üçün “Qaçqınkom”dan tutmuş Milli Məclisə kimi bütün qurumlara müraciət ediblər. “1 il gecə-gündüz etdiyimiz şikayətlərə, nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti reaksiya verdi. Suyun çəkilməsi üçün traktor göndərildi”, - İlham Quliyev əlavə edir.



Meriya traktor göndərib, amma gələn traktorun su çəkmək üçün şlanqı olmayıb. Məcburi köçkünlər pul yığaraq şlanq alıblar. İlham Quliyevin sözlərinə görə, bir ay keçməmiş zirzəmi təkrar dolub: “Deyirlər ki, quyu qazılmalıdır, motor qoyulmalıdır ki, su dolduqca təmizlənsin. Amma qaçqınlara litseyin ərazisində təmir-tikinti aparılmasına icazə verilmir, özləri isə köməklik etmirlər. Dərdimizi kimə deyək, bilmirik. Elə bil biz bu ölkənin vətəndaşı deyilik. “Qaçqınkom”un qaçqınlardan xəbəri yoxdur”.

Litseyin yenicə təmir olunmuş binasına bitişik taxta evlər tikilib. Hamamsız, ayaqyolusuz taxta evlərdə yayda istidən, qışda soyuqdan oturmaq mümkün deyil: “Elektrik xəttlərini görürsünüz, qızdırıcı taxan kimi işıqlar atır. Yanğın baş verməsin deyə, qışda belə qızdırıcıdan istifadə edə bilmirik”, - qaçqınlardan biri söyləyir.

Amma taxta evlərdə məskunlaşanlar zirzəmidə yaşayanlardan daha şanslıdırlar. Ən azından, üfunət iyindən gecələr rahat yata bilirlər. Zirzəmilərin birində məskunlaşan Svetlana Qarayevanın şəraitini görənlər isə öz gününə gündə üç dəfə şükür edirlər.

4 nəfərli ailə təxminən 10 kvadrat metr sahəsi olan pəncərəsiz otaqda məskunlaşıb. Otağın bir küncünə şkaf yerləşdirilib, bir tərəfinə paltarlar, digər gözünə isə kartof-soğan yığılıb. Köhnə divanın üstünə gecələr yerə döşənən yorğan-döşək yığılıb, boş qalmış kiçik küncə isə balaca soyuducu yerləşdirilib. “Qaçqınkom”a müraciət etdim, dedim ki, gəlib şəraitimizlə tanış olsunlar. Bəlkə istisna olaraq bizi evlə təmin edərlər. İki cavan oğlan gəldi, içəri keçmək belə istəmədilər. Onlardan biri dedi ki, bu şəraitdə heç kim yaşaya bilməz. Yəqin siz yalan deyirsiniz. Soyuducunu açdılar, yorğan-döşəyə. paltarlara baxdılar. Sonra da dedilər ki, köçürülmə olarsa, sizin vəziyyətinizi nəzərə alarıq”, - S.Qarayeva deyir.



Svetlana Qarayeva “Qaçqınkom” sədrinin müavini Gəray Fərhadovun qəbulunda olub. Sədr müavini ona Qobu qəsəbəsində evlər inşa ediləcəyini, onlar paylanarkən müraciətinin nəzərə alınacağını deyib. “Gecələr siçovullarla qaçdı-tutdu oynayırıq. Çoxları deyir ki, bu şəraitdə yaşamaqdansa, kirayə ev tutub qalın. Oğlumu evləndirəndən sonra kirayəyə köçürmüşük. Çünki gəlinlə birgə bu şəraitdə yaşamaq mümkün deyil. “Qaçqınkom” isə kirayədə qalanları mənzillə təmin etmir. Mənim 60 yaşım var, indiyə qədər yarıac-yarıtox uşaqları böyüdüb, təhsil vermişəm. Bu şəraitə ona görə dözürəm ki, heç olmasa, ev versələr, uşaqlar yaxşı gün görsünlər. Burda yaşayanların ev almağa imkanı olsaydı, bir dəqiqə belə yaşamazdılar. İndiyədək 10 köçkün havasızlıqdan dünyasını dəyişib”.

Onu da qeyd edək ki, litseyin tədris binası əsaslı təmir olunub. Təhsil müəssisəsinin əvvəlki direktoru Əli İsmayılov qaçqınların köçürülməsinə çox çalışıb. “Belarusla Azərbaycan arasında bağlanmış müqaviləyə əsasən, qaynaqçı emalatxanası əsaslı təmir edildi. Amma qaçqınlar köçürülmədiyindən, təmir yarımçıq saxlanıldı. Təhsil Nazirliyi 4 saylı litseydə peşəyönümlü litseylərin bazasını yaratmaq istəyir. Amma qaçqınların köçürülməməsi işləri ləngidir”, - bunu isə litseydə çalışanlardan biri söyləyir.



Maraqlıdır ki, taxtadan düzəldilmiş və ya zirzəmidə pərdə ilə örtülmüş “otaqlar”a sayğaclar quraşdırılıb. Hamam, ayaqyolu olmasa da, işlədilən suyun pulu alınır. “Biz nə güzəşt, nə də yardım istəmirik. Qapısı-pəncərəsi, hamamı, ayaqyolusu olan ev istəyirik”, - qaçqınlar deyirlər.

...Litseyin həyətindən çıxarkən bayaqdan danışmadan bizi izləyən qadın arxamızca gəlir. “Böyük oğlumun 18 yaşı var, qız sevir. Ona görə danışmaq istəmədim ki, uşaqlar pərt olurlar. Birdən narazılıq edənlərə ev verərlər, məni unudarlar”, - qərarsız və çıxılmaz durumda bizdən cavab gözləyən qadına söyləməyə söz tapmırıq.

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org




Bakıda unudulmuş 30 ailə: “Dedilər ki, burda adam yaşamaz”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar