MTN generalı məhkəməyə dosye ilə gedir - Vəkildən imtina nəyə hesablanıb?

22-09-2016, 15:09   
MTN generalı məhkəməyə dosye ilə gedir - Vəkildən imtina nəyə hesablanıb?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun dövlət hesabına təyin edilmiş vəkildən imtina etməsi mübahisəli məqamlar yaradıb

Bildirilir ki, əslində həbsdə olan sabiq generalın vəkilindən imtina etməsi məhkəmə araşdırmasına qədər vaxt qazanmağa hesablanıb. Bundan əlavə Akif Çovdarov imtina qərarı ilə həm də Eldar Mahmudova daha bir qədər düşünmək və onun barəsində bəzi nüansları açıqlayacağı barədə də ciddi mesajlar verib. MTN generalınınn məhkəməyə konkret adlardan ibarət dosye ilə getdiyi da daxil olan xəbərlər arasındadır.

Məsələ ilə bağlı Akif Çovdarovun vəkili Sadiq Rəsulov Cebhe.info-ya deyib ki, müvəkkilinin dövlət hesabına təyin olunan vəkilindən imtina etməsində siyasi məqamlar axtarmaq düzgün olmazdı: “İndiyə qədər bildiriş daxil olmamışdı ki, hansı tarixə Akif Çovdarovun məhkəməsi təyin olunub. Mən ümumiyyətlə məhkəmə iclasının nə vaxta təyin olunduğunu bilməmişəm. Digər bir tərəfdən Akif Çovdarov bir dəfə də olsun məhkəmə prosesində iştirak etməyib. İstintaqdan xəbəri yoxdur. Bu adam hazırda özünü necə müdafiə edə bilər? Çünki işdən xəbəri yoxdur. 56 cildən ibarət işi 5 dəqiqə ərzində oxuyub qavraya bilər? Təbii ki, buna görə də Akif Çovdarov dövlət hesabına ona ayrılan vəkildən imtina etdiyini bildirib. Hələki başqa bir vəkillə müqavilə bağlanmayıb. Ona görə də məhkəmə təxirə salınıb”.

Akif Çovdarovun növbəti məhkəmə proseslərində ciddi açıqlamalar verəcəyi və vəkilindən imtina etməsinin də məhz bu məsələ üçün vaxt qazanmaq məqsədi daşıması barədə söyləntilərə gəlincə, vəkil bildirib ki, sabiq generalın vəkili istənilən şəxs ola bilərdi: “Akif Çovdarovun vəkilindən imtina etməsində siyasi məsələ axtarmaq lazım deyil. İstənilən vəkil məgər bilmir ki, qarşısındakı şəxsin yaxından və uzaqdan bu işdən xəbəri yoxdur? Məncə səbəb budur”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar