Hərbi ekspert ermənilərin “İsgəndər-M” yalanını ifşa etdi - ŞOK iddia

22-09-2016, 15:16   
"Ermənistanda nümayiş olunan raketlər arasında “İsgəndər-M” yox idi"




“İlk öncə bir məsələni vurğumalaq istəyirəm, dünən Ermənistanda nümayiş olunan raketlər arasında “İsgəndər-M” raketləri yox idi”.

Bu fikri Moderator.az-a açıqlamasında tanınmış hərbi ekspert Üzeyir Cəfərov dünən Ermənistanda keçirilmiş hərbi paradda “İsgəndər-M” raketlərinin nümayiş olunması xəbərləri haqqında danışarkən deyib.


Ü.Cəfərov daha sonra irəli sürdüyü iddiaya aydınlıq gətirib:

“İlk öncə bir məsələni vurğumalaq istəyirəm, dostlarımız, həmkarlarımız bir unutmasınlar ki, dünən Ermənistanda nümayiş olunan raketlər arasında “İsgəndər-M” raketləri yox idi. Bunu ona görə əminliklə deyirəm ki, əgər “İsgəndər-M” raketləri olsaydı, yəqin ki, ermənilər onu bəh-bəhlə bütün dünyaya nümayiş etdirərdilər. O cümlədən Azərbaycana, Türkiyəyə. Amma biz gördük ki, nümayiş olunan raketlərin üzəri xüsusi örtüklərlə örtülmüşdü. Böyük ehtimalla həmin raketlər Rusiyanın ikinci bazasında olan “İsgəndər-T” və “İsgəndər-K” tipli raketlər idi. Bu raketlərin də “İsgəndər-M” raketləri ilə müqayisədə həm markasında, həm də fərq var. “İsgəndər-T”-lər maksimum 280 km məsafəni vurmaq üçün nəzərdə tutulub. O cümlədən də “İsgəndər-K” ilə hardasa 350 km civarında məsafəni vurmaq olur. Amma “İsgəndər-M” raketləri 500 km məsafəni rahatlıqla vurmaq qabiliyyətinə malikdir.

Arxayın olun ki, rusların ermənilərlə birləşib bizi şoka salmaq istədikləri effekt baş vermədi. İlk dəfə idi ki, raketlərin üzərinin örtüldüyünü görürdüm. Əgər bu raketi sənə veriblərsə, sənindirsə, onu göstərməməyin heç bir adı yoxdur. Çox böyük ehtimalla raketlərin Rusiya silahlı qüvvələrinə məxsus olmasının elementləri var idi. Raketlərin üzərindəki rəqəmlərlə həmin raketlərin Rusiyaya məxsus olması asanlıqla bilinəcəkdi və ona görə raketlərin üstünü örtmüşdülər”.



Hərbi ekspert Ermənistandakı paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyində keçirilmiş müşavirə haqqında da danışıb:

“Azərbaycan Müdafiə Nazirliyinin müşavirə keçirməsini ermənilər belə qiymətləndirirlər ki, güya Azərbaycan bərk narahat olub. Azərbaycan nədən narahat olmalıdır ki? Azərbaycan onsuz da bilir ki, döyüş əməliyyatları qaçılmazdır. ATƏT-in həmsədrləri heç nəyə qadir deyillər və Qarabağ məsələsi gec-tez güc müstəvisində öz həllini tapmalıdır.

Və belə də olacaq. Ona görə də lazım olan göstərişlər bir daha verildi. Azərbaycan bu gün tam hazır vəziyyətdədir ki, veriləcək əmri yerinə yetirsin.

Mən o qədər də sadəlöv deyiləm ki, bu dəfə də hər şeyin rahat gedəcəyini deyim. Bu dəfə baç verəcək toqquşmalarda hər iki tərəfdən itkilərin sayı çox olacaq. Biz bunu yaxşı anlayırıq, çünki ermənilərin aprelin əvvəlindəki yaşadığı zərbədən sonra Rusiyanın havadarlığı ilə ermənilərə çox böyük dəstək verilib. Həm silah-sursat, həm də şəxsi heyət baxımından. Ona görə də baş verə biləcək hadisələrdə hər iki tərəfdə itkilərin sayı artıq üç rəqəmli deyil, dördrəqəmli, hətta beşrəqəmli ola bilər. Bu fikirlərim qəribə səslənməməlidir, çünki o ağır silahların, texnikanın qarşısında inanmıram ki, itkilərin sayını minimallaşdırmaq olsun.

Azərbaycanın danışıqlar prosesini bu şəkildə davam etdirməsinə və nəticəsi olacağına artıq inanmırıq. Ona görə də yeganə çıxış yolu gücvasitəsiylə ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə də Müdafiə Nazirliyi də bütün hərbi hissələrə lazım olan bütün tapşırıqları verib”.
Xatırladaq ki, dünən İrəvanda keçirilmiş hərbi paradda “İsgəndər-M” operativ-taktiki raketləri də nümayiş olunub. Həmin paraddan bir neçə saat sonra isə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki, müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə regionda yaranmış hərbi-siyasi vəziyyət təhlil edilib.


Rumiyyə MİRASLAN
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar