Bu rayonun təhsili ilə bağlı ciddi iddialar - İTTİHAM VAR

22-09-2016, 15:24   
Bu rayonun təhsili ilə bağlı ciddi iddialar - İTTİHAM VAR
Bu vəzifəyə gəlmək üçün Xuraman Rüstəmovanın icra başçısına 100 min manat verdiyi bildirilir; həmin pullar isə müəllimlərdən toplanır

Beyləqan Təhsil Şöbəsinin rəhbəri Xuraman Rüstəmova barəsində İLGİNC faktlar daxil olub. Bildirilir ki, X.Rüstəmova bu vəzifəyə təyin olunduğu gündən rayonun təhsli şöbəsində ciddi problemlər baş qaldırıb.

İddia olunur ki, Beyləqanda Təhsil Şöbəsinin müdiri postu uğrunda uzun müddətdən bəri davam edən savaş sona çatsa da, yeni problemlər köhnələri unutdurub.

Xatırladaq ki, rayonun icra başçısı Vaqif Abdullayev əvvəlki şöbə müdiri Tofiq Sadıqovla yola getmədiyindən, problemləri qabardaraq onu vəzifəsindən uzaqlaşdırdı. Məlumata əsasən, hətta onun yerinə gətirəcəyi adamı da qabaqcadan hazırlayaraq, 100.000 manat qarşılığında Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru Xuraman Rüstəmovanı təhsil şöbəsinə müdir təyin etdirib.

Redaksiyamıza daxil olan məlumata görə, Vaqif Abdullayevin Tofiq Sadıqovun üzərinə bu şəkildə yeriməsinin ciddi səbəbləri varmış. Belə ki, icra başçısı özü üçün öncədən Təhsil Şöbəsinə yeni müdir müəyyənləşdiribmiş. Hətta bununla bağlı tərəflər arasında anlaşma da əldə olunub. Hansı ki, bu anlaşmaya əsaəsn, 45 gündən sonra işdən çıxarılacaq Tofiq Sadıqovun yerinə həmin şəxsi gətirmişdilər…

Başqa bir məlumata əsasən, xanım Rüstəmova bu post uğrunda çoxdan bəri mübarizə aparıb və öz istəyinə çatmaq üçün başçının hər göstərişinə boyun əyərək, verdiyi bütün əmrləri qanuni-qanunsuz icra edib.

Məsələnin əsas hissəsi 100 min manat rüşvətin verilməsi haqda iddialardır ki, bunu da Xuraman Rüstəmovanın yerinə müəllimələrin ödəmək məcburiyyətində olduğu vurğulanır. Bu haqda BakuNews.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, keçən həftədən başlayaraq Beyləqan rayonu üzrə məktəblərdə yaşı keçmiş və müqavilə ilə işləyən müəllimələrin sənədləri toplanaraq təhsil idarəsinə gətirilmişdir. Aparılan araşdırma zamanı məlum olub ki, yaşı keçmiş müəllimlər arasında 3 direktor, 2 direktor müavini mövcuddur. Bununla yanaşı, Beyləqan məktəblərində 200-dən çox müqavilə ilə işləyən müəllim olduğu aydınlaşıb.

Mənbə qeyd edir ki, Xuraman Rüstəmova direktorların hər birindən işlərində qalması üçün 3000 manat, müavinlərdən 1000 manat və 200 müəllimin hərəsindən isə 500 manat məbləğində rüşvət tələb edərək, onların maneəsiz işləməsinə izin verəcəyini qeyd edib. Aldığımız xəbərə görə, həmin müəllimlərin şəxsi işləri Təhsil şöbəsinin stolunun üstündə olduğundan, hazırda rayon müəllimləri təşviş içərisindədir.

Hesablamalarımıza görə, Beyləqan rayon təhsil şöbəsinin müdirəsi Xuraman Rüstəmovanın tələb etdiyi pulların cəmi məbləği 111min manat təşkil edir ki, bu da şöbə müdiri keçmək üçün İcra başçısının ondan tələb etdiyindən 11 000 manat artıqdır. Deməli, X.Rüstəmova bu məsələdə öz marağını da arxa plana atmayıb…

BakuNews
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar