“Qanlı “rəngli inqilablara” səhnə olmuş Ukrayna, Suriya, Liviya, Misirin taleyini təkrarlamasın”
Rusiyada yaşayan azərbaycanlı işadamı, Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədov (Frenk Elkapone) 26 sentyabr referendumu ilə bağlı məqalə yazıb. Məqaləni təqdim edirik:
Azərbaycan üçün çox mühüm olan daha bir hadisə yaxınlaşır: gələn birinci gün, sentyabr ayının 26-da respublikamızın konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə referendum keçiriləcək. Ana Qanun kimi konstitusiyanın ölkədə bütün qanunvericilik prosesi üçün çərçivə rolu oynadığını nəzərə alaraq, bu referendumda hər bir vətəndaşın iştirakı vacibdir. Buna görə də bizim üçün, Azərbaycan diasporu üçün Vətənimizdə baş verən belə əhəmiyyətli siyasi hadisə xüsusi maraq doğurur.Biz Vətənimizdə baş verənləri həyəcanla izləyir və doğma Azərbaycanımızın taleyi və gələcəyi üçün narahat oluruq. Axı zəif inkişaf etmiş vətəndaş cəmiyyətlərinə malik ölkələrdə referendumlar, prezident və parlament seçkiləri tez-tez ictimai-siyasi vəziyyətin gərginləşməsi ilə müşayiət olunur.Son onilliklərin təcrübəsi göstərir ki, xarici güclər dövlətin dayaqlarını sarsıtmaq və ölkənin təbii ehtiyatlarını öz nəzarətləri altına almaq üçün belə ümumxalq səsvermələrindən istifadə etməyə çalışırlar…
Azərbaycanın gənc müstəqil dövlət kimi zəngin təbii ehtiyatlara malik olmasını və çox mühüm strateji bölgədə yerləşməsini nəzərə alaraq, həm dünya dövlətləri, həm də region dövlətləri respublikamızda öz nüfuzlarını və təsirlərini artırmaq üçün mübarizə aparırlar. Bu səbəbdən özünü ölkəsinin həqiqi vətənpərvəri hesab edən hər bir Azərbaycan vətəndaşı, doğma Azərbaycanın taleyi üçün siyasi məsuliyyət nümayiş etdirməli və 26 sentyabra təyin edilmiş referendumda iştirak etməlidir.
Biz elə etməliyik ki, qarşıdan gələn referendumdan sonra Azərbaycandakı ictimai-siyasi sabitlik pozulmasın və bizim gənc milli dövlətimiz “cəmiyyətin demokratikləşdirilməsi” şüarı ilə qanlı “rəngli inqilablara” səhnə olmuş Ukrayna, Suriya, Liviya, Misirin taleyini təkrarlamasın.
Şübhəli ‘’demokratiya’’ ucbatından Liviya və Suriya, faktiki olaraq, dağıldı,Ukrayna isə ərazisini itirdi və ölkədəki qeyri-sabit ictimai-siyasi vəziyyətlə bərabər, eyni zamanda maliyyə-iqtisadi böhrana sürükləndi.
Azərbaycan hakimiyyətinin rəqibləri bəyan edirlər ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər prezident İlham Əliyevin hakimiyyətini möhkəmləndirmək məqsədi daşıyır. Lakin təklif edilən dəyişikliklərin məzmununu diqqətlə təhlil etdikdə, görürük ki, o dəyişikliklərdə daha çox sadə vətəndaşlara qayğı öz əksini tapıb. Prezident İlham Əliyevin Konstitusiyaya təklif etdiyi 29 dəyişiklikdən 15-i insan hüquqları bölməsinə aiddir. Bu dəyişikliklərin məqsədi – bu sahədə daha effektiv və operativ iş mexanizmi formalaşdırmaqla, Azərbaycanda insan hüquqlarını daha yaxşı təmin etmək və qorumaqdır. Prezidentin təklif etdiyi dəyişikliklər Azərbaycanda hüquqi cəmiyyətin inkişafına töhfə verəcəkdir. Xüsusilə, referendum Aktı layihəsində qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşının hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu, Azərbaycanda məhkəmə hakimiyyətinin daha operativ, daha effektiv və daha ədalətli olmasını təmin edən maddələrdən biridir.
İqtisadi və siyasi mövqedən müstəqil Azərbaycan regionda özünün şəkksiz liderliyini təmin edərək və iqtisadiyyatın keçid dövrünü uğurla tamamlayaraq, artıq həm regionda, həm də dünya arenasında layiqli yerini tutub. Siyasi və iqtisadi uğurlara, həmçinin bundan irəli gələn yeni ictimai münasibətlərə nail olmaq öz növbəsində vətəndaş hüquq və azadlıqlarının daha effektiv qorunmasını tələb edir. Buna görə də iqtisadi və siyasi uğurlar qazandıqca və Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, mütəmadi olaraq konstitusion dəyişikliklər etmək lazım gəlir. 24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə baş tutmuş referendumların gedişatının nəticəsində Azərbaycan Konstitusiyasında bir çox mühüm dəyişikliklər edilmişdi. Bu dəyişikliklərin nəticəsində respublikada insan hüquqlarının və vətəndaşların iqtisadi maraqlarının daha effektiv qorunmasını nəzərdə tutan hüquq sistemi təkmilləşdirilmişdi. Beləliklə də Azərbaycan Konstitusiyasına bütün əvvəlki dəyişikliklər adi vətəndaşların maraqları naminə edilmişdi.
Xatırladıram ki, məhz 24 avqust 2002-ci il referendumunda Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərdən sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinə (ombudsman), bütün məhkəmələrə və vətəndaşlara birbaşa Konstitusiya məhkəməsinə müraciət etmək hüququ verildi. O zaman Konstitusiya məhkəməsində vətəndaş şikayətləri institutunun yaradılması vətəndaşların öz hüquqlarını konstitusion ədalət mühakiməsi səviyyəsində qorumaları üçün əlavə imkanlar yaratmaq zərurətindən doğdu.
Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsinə dair 18 mart 2009-cu ildə baş tutan referendum isə mövcud beynəlxaq təcrübəyə və qabaqcıl Avropa təcrübəsinə dayanaraq dövlət idarəçiliyi, ictimai münasibətlərin tənzimlənməsi və məhkəmə-hüquq sistemində islahatlara başlanmasına imkan yaratdı.
26 sentyabrda Azərbaycan Konstitusiyasına təklif edilən hazırki dəyişiklik və əlavələr 3 istiqaməti əhatə edir:
1. İnsan hüquq və azadlıqlarının genişləndirilməsi;
2. Dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi;
3. Hüquqi terminalogiyanın dəqiqləşdirilməsi.
Hər üç istiqamət Azərbaycan dövlətçiliyinin inkişafındakı yeniliklərə olan zərurətlə şərtlənir.
Ölkə Konstitusiyasına təklif edilən hazırkı dəyişikliklərdən sonra vətəndaşların öz hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət etmələri, seçkili orqanlarda iştirakları, yaş həddinin götürülməsi, həmçinin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan birbaşa irəli gələn digər hüquq və azadlıqları tam təmin olunacaq. Buna görə də bu dəyişikliklər olduqca vacibdir, zəruridir və zamanın tələbinə tam cavab verir.
Konstitusiyaya təklif edilən yeni dəyişikliklərin məqsədi — dövlət idarəçiliyi sistemini təkmilləşdirmək və artıq mövcud olan uğurlu dünya təcrübəsini istifadə edərək yeni, daha operativ və effektiv dövlət idarəetmə mexanizmi yaratmaqdır. Xüsusilə də, vitse-prezident institutu Azərbaycan üçün yeni olsa da, o, bütün dünyada geniş istifadə olunur. Buna görə də vitse-prezident institutunun yaradılması bizim gənc müstəqil respublikamızın dövlət idarəçiliyi sistemində çox mühüm bir hadisədir. Dövlət idarəçiliyinin bu institutu həm ayrı-ayrı sahələrin vitse-prezident səviyyəsində onun nəzarətinə verilməsi nöqteyi-nəzərindən, həm də ölkənin idarəedilməsində daha effektiv və operativ mexanizmin yaradılması baxımından əhəmiyyətlidir.
Eyni zamanda parlament seçkilərində iştirak üçün yaş senzinin 25 dən 18-ə azaldılması və prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması Azərbaycanın gənc vətəndaşlarını ölkənin siyasi həyatında daha fəal iştirak etməyə həvəsləndirəcək. Dövlət idarəçiliyi sistemində gənclərin potensialından istifadə edilməsi ölkənin siyasi həyatına ‘’təzə qan’’ və enerji axınına səbəb olacaqdır. Mən ‘’biz artıq neft kapitalını insan kapitalına çevirməliyik və ondan düzgün istifadə etməliyik’’ deyə vurğulayan Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə tam razıyam. Bu baxımdan yaş məhdudiyyətinin azaldılması qısa müddətdə gənclərin dövlət idarəçiliyində fəal iştirakına gətirib çıxaracaqdır. Bunun nəticəsində biz gənclərin enerjisi, məqsədyönümlülüyü və bilikləri ilə yaşlı nəslin müdrikliyinin uzlaşdırılmasına və birləşdirilməsinə nail ola bilərik. Bu, sağlam rəqabətin səviyyəsini və keyfiyyətini artıraraq Azərbaycanda siyasi həyatı daha da canlandıracaq. Nəticədə ölkənin siyasi, ictimai və iqtisadi həyatında fəal iştiak edən daha parlaq və daha bacarıqlı gənclik nümayəndələrini görəcəyik. Mən şübhə etmirəm ki, 18 yaşına çatmış şəxslər seçkili orqanlara seçilmək hüququ əldə etdikdən sonra bizim gənclərimiz ölkənin gündəlik ictimai-siyasi həyatında iştirak etməyə daha çox cəhd göstərəcəklər.
Gəncliyin potensialının ümummilli və dövlət maraqlarında istifadə edilməsinin faydalarına inandırıcı arqument üçün misal gətirim ki, dünyaca məşhur alimlərin çoxu öz başlıca elmi kəşflərini məhz daha enerjili olduqları və dünyanı dəyişdirmək və yeni bir şey yaratmaq və kəşf etmək arzusu ilə alışıb yandıqları gənc yaşlarında ediblər. Məhz gənc alimlər dünya elmini zənginləşdirən elmi-yaradıcılıq kəşflərinə və nailiyyətlərə böyük töhfə veriblər. HələAlbert Eynşteyn öz dövründə demişdi ki, ‘’əgər insan 30 yaşına qədər elmə töhfə verməyibsə, o bunu daha heç zaman edə bilməyəcək’’. Dahi Eynşteynin bu sözlərinin təsdiqi olaraq gənclərin elmə verdiyi töhfələrin stastistikasına baxmaq kifayətdir. Xüsusilə qeyd edim ki, Eynşteyn özü ümumi nisbilik nəzəriyyəsini uzun araşdırmalardan sonra – 36 yaşında əsaslandırmışdı. Albert Eynşteynə Nobel mükafatı laureatı adını gətirən xüsusi nisbilik nəzəriyyəsinin yaradılması və fotoeffektə həsr edilmiş işlərin nəşri isə daha öncədən ortaya çıxarılmışdı və həmin vaxt dahi alimin 26 yaşı var idi…
Mexanikanın və astronomiyanın nəzəri əsaslarının yaradılmasına görə borclu olduğumuz tanınmış ingilis fiziki və riyaziyyatçısı İsaak Nyuton öz cazibə nəzəriyyəsini və hərəkət qanunlarını 25 yaşında işləyib hazırlamışdı.
Amerikan ixtiraçısı və sahibkarı Tomas Edison fonoqrafı tapanda, teleqrafı, telefonu, kino avadanlığını təkmilləşdirəndə, elektrik lampasının ilk kommersiya variantlarından birini işləyib hazırlayanda 30 yaşı var idi.
İtalyan radiotexniki və sahibkarı, 1909-cu ildə fizika üzrə Nobel mükafatının laureatı, dünyada ilk olaraq radionun köməyi ilə məlumatların ötürülməsinin uğurlu sistemini yaradan Qulyelmo Markoni özünün ‘’kabelsiz teleqraf’’ını (radio) 21 yaşında icad etmişdi.
Alman fiziki Verner Heyzenberq 23 yaşında kvant mexanikasının əsaslarını işləyib hazırlamışdı, ingilis riyaziyyatçısı Alan Tyurinq 25 yaşında kompüterin yaradılması prinsiplərinin əsasını qoymuşdu.
İngilis fiziki-nəzəriyyəçisi Pol Dirak 25 yaşında elmi ixtirasına imza ataraq, 31 yaşında Nobel mükafatı almışdı.
Nüfuzlu ‘’Šahovski informator’’ jurnalının XX əsrin ən güclü şahmatçısı adlandırdığı Amerikan şahmatçısı, 11 qat dünya çempionu Bobbi Fişer şahmat tacını 29 yaşında əldə etmişdi. Rus şahmatçısı Anatoliy Karpov dünya birinciliyini24 yaşında qazanmışdı, 10 ildən sonra isə öz titulunu 22 yaşlı əslən Azərbaycandan olan Harri Kasparova güzəştə getməyə məcbur olmuşdu.
Digər böyük alimlər – Jores Alfyorov, Vitaliy Ginzburq və Aleksey Abrikosov31, 34 və 22 yaşlarında etdikləri ixtiralarına görə Nobel mükafatı laureatı adına layiq görülmüşlər. Gənclərin dünya elminə böyük töhfələrinə dair daha da çox misallar gətirmək olar.
Bütün bu yuxarıda sadaladıqlarımdan sonra Azərbaycan gəncliyinə yol açmağımız üçün daha hansı arqumentlərimiz olmaldır ki?!
Strateq.az