Manata noyabr təhlükəsi - İqtisadi göstəricilər milli valyutanın əleyhinə işləyir

25-09-2016, 18:03   
Manata noyabr təhlükəsi - İqtisadi göstəricilər milli valyutanın əleyhinə işləyir

Milli valyutanın ucuzlaşmasında bankların da “xidməti” var

Manatın taleyinin necə olacağı hələ də məlum deyil. Dünyada gedən proseslərə anında reaksiya verən Azərbaycan iqtisadiyyatı dayanıqlı olmadığı üçün ölkənin milli valyutası dəyərdən düşür. Manatın bir il ərzində 2 dəfə devalvasiyaya uğramasının da səbəbi məhz dayanıqlı iqtisadiyyatın olmamasıdır. Ötən ABŞ Federal Ehtiyatlar Sisteminin keçirdiyi iclasdan sonra uçot dərəcəsi sabit saxlanılsa da manat ucuzlaşdı. Bu gün isə manat nisbətən dəyər qazanıb. Ancaq manatın ucuzlaşması və ya bahalaşması iqtisadi göstəricilərdən asılı deyil.

Əgər manatın dəyəri iqtisadi göstəricilərə görə hesablansaydı, hal-hazırda 1 dollar 2-3 manat civarında olardı. Bu da onunla izah olunur ki, ölkəyə neftdən başqa xarici valyuta gətirən bir ixrac məhsulu yoxdur. Neftin isə qiyməti bəllidir. Dünya bazarında neft Azərbaycan üçün nəzərdə tutulmuş “qırmızı xətt” səviyyəsinə (40 dollar) çatmaq üzrədir.

Banklar vergidən yayınır

İqtisadçıların da bildirdiyi kimi dolların bahalaşması qaçılmazdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi iqtisadi sabitliyin olmadığı üçün manat güc nümayiş etdirə bilmir. Cüzi təzyiq olan kimi ucuzlaşmağa başlayır. İqtisadi dayanıqlığın təmin olması üçün isə ilk növbədə azad ticarət və idaxal-ixrac məhsullarında balans yaratmaq vacibdir. Ölkəyə xarici valyuta cəlb etmək üçün ixrac məhsullarının istehsalı zəruridir. Bu uzun zaman alacaq proses olduğu üçün manat yenə də ucuzlaşmağa davam edəcək.

Manatın ucuzlaşmasının digər bir səbəbi isə “qara bazar”ın aktiv fəaliyyətə keçməsidir. Şəhərin müxtəlif yerlərində dolların qanunsuz alqı-satqısını həyata keçirən şəxslər dayanır və demək olar ki, hər kəs dollar almaq və ya satmaq üçün birbaşa “qara bazar”a üz tutur. Çünki orada dollar əldə etmək daha asandır. Bəzi kommersiya banklarının özü də dolları “qara bazar”a ötürür. Onlar bu addımı daha yüksək və itkisiz gəlir əldə etmək üçün atırlar. İtkisiz gəlir dedikdə isə əldə olunan gəlirdən dövlət büdcəsinə gedən vergini ödənilməməsi nəzərdə tutulur. Bu qanunsuz fəaliyyət olsa, hələ ki buna aidiyyatı qurumlar göz yumurlar. Dolların bahalaşmasına xidmət edən bu addımlar isə heç də əhaliyə xeyir vermir. Təsadüfi deyil ki, hər dəfə dolların bahalaşmasından yazanda bundan yalnız banklar qazanır deyə bildirilir.

Banklar qazanır, dövlət itirir

Bankların valyuta məzənnə tablolarına baxsaq, görərik ki, onlar Mərkəzi Bankın verdiyi 4 faizli marjadan maksimum səviyyədə istifadə edirlər. Yəni dolları rəsmi məzənnədən 4 faiz ucuz və eyni dərəcədə də baha satırlar. Bu isə o deməkdir ki, banklar valyuta mübadiləsindən 8 faiz gəlir əldə edirlər. Əldə olunan gəlirdən isə təbii ki, dövlət büdcəsinə vergi ödəyirlər. Əslində beynəlxalq təcrübəyə baxsaq, bu kifayət qədər böyük məbləğdir. Ancaq kommersiya bankları bununla kifayətlənmirlər. Əks halda dollar satışı ilə qanuni yolla, bank daxili məşğul olardı. Banklar daha yüksək gəlir əldə etmək və vergi ödəməmək üçün dolları “qara bazar”a ötürürlər. Bununla da həm dövlət büdcəsinə, həm də əhaliyyə zərbə vururlar. Bəzi bankların bu cür fəaliyyətinin qarşısı təcili surətdə alınmalıdır. Bankların bu cür maliyyə siyasəti dövlətin maraqlarına da ziddir. Çünki Mərkəzi Bank maksimum dərəcədə çalışır ki, inzibati yollarla da olsa, dolların məzənnəsini ucuzlaşdırsın. Amma buna nail ola bilmir. Çünki yalnız öz maraqlarına xidmət edən və qanunsuz yollarla gəlir əldə etmək istəyən bəzi kommersiya bankları bazarda dollar qıtlığı yaradır. Ya əlində olan dolları satmır, ya da bunun qarşısını alamaq üçün müəyyən əngəllər yaradır.

Manat surətlə ucuzlaşacaq

İqtisadi baxımdan da dolların ucuzlaşması mümkün olmayacaq. Çünki valyuta bazarında hər həftə iştirak edən Mərkəzi Bankın bu ili üçün nəzərdə tutulmuş dolların böyük hissəsini satıb. Belə ki, Mərkəzi Bank satmalı olduğu 4 milyard dolların 3.8 milyardını artıq satıb. İlin sonuna isə hələ 4 ay qalıb. Bu müddət ərzində isə Mərkəzi Bankın əlində qalan maliyyə resursları kifayət etməyəcək. Nəzərə alsaq ki, MB hər həftə hərraca 50 milyon dollar çıxarır, bu da o deməkdir ki, artıq noyabr ayında MB hərraclarda iştirak etməyəcək. Bu da valyuta bazarında dollar qıtlığı yaradacaq və manat sürətlə ucuzlaşmağa başlayacaq. Bu isə o deməkdir ki, manat ilin sonunda 1.90-2.00 manat civarında olacaq.




Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar