Supergüclər Suriyada “rus ruleti” oynayırlar: Ölümcül atəş qaçılmazdır

6-10-2016, 18:33   
Supergüclər Suriyada “rus ruleti” oynayırlar: Ölümcül atəş qaçılmazdır

“Suriya böhranı” ətrafında yeni situasiya yaranmağa başlayıb. Belə ki, bu böhran artıq bütün dünyanın əsas probleminə çevrilib. Üstəlik, Suriya ərazisi supergüclərin maraqlarının kəskin şəkildə toqquşduğu beynəlxalq poliqon statusu qazanıb.

Məsələ ondadır ki, “Suriya böhranı” supergüclərin maraqlarının düyünləndiyi və kələfin ucunun itdiyi məkandır. Burada iştirakçı aktyorlar eyni hədəfə qarşı mübarizə apardıqlarını iddia etsələr də, əslində, bir-biri ilə savaşırlar. Yəni sözdə müttəfiq, əməldə isə barışmaz rəqibdirlər.

Türkiyənin Suriyaya girməsindən sonra isə bu qarışıq məkanda situasiya daha da qəlizləşib. Belə ki, Türkiyənin Suriyada bir müddət öncə başladığı və “Fırat qalxanı” adlandırdığı hərbi əməliyyatdan bu məkanın hərbi aktyorları qətiyyən məmnun deyillər. Və bu əməliyyatın durdurulması üçün əllərindən gələni edirlər.

Düzdür, Türkiyə Suriya ərazisinə özbaşına girməyib. Yəni bu hərbi məkanın əsas aktyorlarından razılıq alıb. Ancaq bu razılıq məcburiyyət qarşısında verilib.

Çünki rəsmi Ankaranın hərbi əməliyyatlar üçün seçdiyi zaman Türkiyəyə müqavimət imkanlarını sıfıra endirmişdi. Yəni rəsmi Ankaranın bu “hərbi qalaqurma”sı "timing" (zamanlama) bacarığı da hesab oluna bilər.

Belə ki, “Fırat qalxanı” əməliyyatında qısa müddət öncə Türkiyədə hərbi çevrilişə cəhd edilmişdi. Və bu cəhdin ssenariləşdirilməsində ABŞ başda olmaqla, bəzi nəhəng dövlətlər də rəsmən ittiham edilirdi. Yəni ABŞ və Qərb Türkiyənin qarşısında “gözükölgəli” idi. Belə vəziyyətdə qəzəbli Türkiyənin Suriyaya girmək istəyinə etiraz etmək qarşılıqlı münasibətləri daha da gərginləşdirə bilərdi.

Eyni zamanda, rəsmi Ankara Rusiya ilə korlanmış münasibətlərini hərbi çevriliş cəhdindən dərhal sonra böyük sürətlə bərpa etmişdi. Rusiyaya da ABŞ və Qərblə münasibətləri gərgin olan Türkiyənin Suriyada yeni hərbi aktyora çevrilməsi sərf edirdi. Və qəliz manevrlər ustası olan Kreml Türkiyənin Suriyada ABŞ-la üz-üzə qala biləcəyini də nəzərə alaraq, həmin əməliyyata könülsüz də olsa, etiraz etməmişdi.

Yəni hər kəs öz çıxarlarını, itki ehtimallarını hesablamışdı. Ancaq ən böyük hesablamanı rəsmi Ankara yapmışdı.

Məsələ ondadır ki, hərbi çevriliş cəhdindən bir neçə saat öncə FETÖ-cü generallar Türkiyə-Suriya sərhədindəki hərbi hissələri daimi dislokasiya yerlərindən çıxartmışdılar. Yəni Türkiyənin sərhəd qapıları həmin bölgədəki terrorçu qruplaşmaların üzünə taybatay açılmışdı.

Hərbi çevrilişin qarşısı vaxtında alınmasaydı, Türkiyədə xaos yaranacaqdı. Ardınca isə, terrorçu qruplaşmalar heç bir müqavimətlə üzləşmədən Türkiyə ərazisinə girəcəkdilər. Yəni Türkiyə bir dövlət olaraq, dağılacaqdı. Və xaos məkanı olaraq da Suriya ilə bütünləşəcəkdi.

Maraqlıdır ki, rəsmi Ankara Türkiyə üçün hazırlanmış bu qorxunc ssenarini çözdü və onu pozmaq üçün Suriya ərazisinə girdi. Yəni rəsmi Ankara “Suriya böhranı”nın Türkiyə ərazisinə girməsinin qarşısını almaq üçün özü bu böhranın içərisinə doğru irəlilədi. Daha dəqiq desək, Türkiyə xaosun öz içərisinə girməsindənsə, özü xaosun içinə atılmağı üstün tutdu. Və bununla da ilk baxışdan ən doğru addımı atmış kimi görünür.

Ancaq bu, çox riskli addımdır. Və bu addım yaxın gələcəkdə digər hərbi aktyorlar kimi, Türkiyə üçün də ciddi təhlükələr törədə bilər. Çünki “Suriya bataqlığı”na girən dövlətin oradan necə çıxacağı və hətta çıxa bilib-bilməyəcəyi belə, tam aydın deyil.

Məsələ ondadır ki, Suriyadakı iştirakçı aktyorlar simvolik müttəfiqlər və real düşmənlərdir. Çünki onların hər birisi Suriyadakı silahlı (terrorçu) qruplaşmalardan birinə himayədarlıq edir.

Rusiya Əsəd rejimini dəstəkləyir. Və bu rejimin mövcudluğuna qarşı çıxan hər kəslə qarşıdurma vəziyyətindədir.

ABŞ nə qədər inkar etsə də, Ağ Evin İŞİD və PJD-ni himayə etdiyi heç kəsdə şübhə doğurmur. Əsəd rejiminin Suriya məkanından silinməsi üçün cəhdlər edir. Bu üzdən də Suriyada ABŞ-Rusiya qarşıdurması hər ötən gün daha da gərginləşir.

Türkiyə Azad Suriya Ordusunu (ASO) dəstəkləyir. Əsəd rejimi, İŞİD və PJD-yə qarşı cəbhə alıb. Bu üzdən də Türkiyənin həm Rusiya, həm də ABŞ və müttəfiqləri ilə maraqları kəskin şəkildə toqquşur.

Əlbəttə ki, İran, İsrail və bəzi Qərb dövlətlərini, eləcə də ərəb ölkələrini də nəzərə almaqla, bu siyahını daha da genişləndirmək olar. Ancaq Suriyadakı beynəlxalq qarşıdurma mühitini xarakterizə etmək üçün sadaladıqlarımız da yetərlidir.

Halbuki Suriyada ABŞ-ın elə ABŞ-ın özü ilə də qarşıdurma vəziyyətində olduğunu unutmaq olmaz. Belə ki, Türkiyənin “Fırat qalxanı” əməliyyatının başlanmasından bir müddət öncə ABŞ-ın “The New York Times” qəzeti olduqca müəmmalı manşet başlığı atmışdı: “Suriyada CİA Pentaqona qarşı savaşır”. Və bu iddianın açılışı odur ki, CİA (bizim MKİ kimi tanıdığımız kəşfiyyat qurumu) Suriyada İŞİD-i himayə edir. Pentaqonun Suriyadakı görəvi isə terrorizmə qarşı mübarizə aparmaqdır.

Göründüyü kimi, Suriyada “at izi, it izinə qarışıb”. Hamı bir-biri ilə həm müttəfiq, həm də düşməndir. Sanki Suriyadakı hərbi aktyorlar bir-biriylə “rus ruleti” oynayırlar. Yəni çömbəlib, dövrələmə oturublar. Ortalıqda güllə darağında cəmisi bir patron olan naqan var. Və onlar növbə ilə naqanı götürüb, öz qafalarına dirəyərək, tətiyi çəkirlər. Naqandakı o bir patronun onlardan hansının qafasını dağıdacağı isə hələlik məlum deyil. Halbuki naqanın bir gün açılacağı da qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar