Bina yanğınına görə həbs olunan “JEK” müdiri məhkəmədə nələr danışdı?

6-10-2016, 21:35   


2015“Binanın üzlənməsi üçün şirkətlə müqavilə bağlayan sifarişçi Binəqədi Rayon İcra Hakimiyyəti olub”
“Mən hansı qulluq mənafeyindən sui-istifadə eləmişəm? Neyləmişəm axı? Mən niyə Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham olunmalıyam?”
2015-ci il mayın 19-da Binəqədidə yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs edilən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) keçmiş rəisi Ədalət Rəcəbov məhkəmədə belə deyib. Bir neçə aydır ki, bu yanğın hadisəsi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Oktyabrın 6-da keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ədalət Rəcəbov ifadə verib. Bildirib ki, sözügedən binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıb, Binəqədi Rayon İcra Hakimiyyəti ilə binanı üzləyən şirkət arasında müqavilə bağlanıb. Onu isə vəzifəyə binada üzlənmə işləri başlanandan ay yarım sonra 2012-ci ilin may ayının sonunda bu vəzifəyə təyin ediblər.
“Əgər mən işlər başlanandan sonra vəzifəyə təyin olunmuşamsa, necə razılıq verə və ya verməyə bilərdim? Azadlıq prospektindəki yolkənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə İcra Hakimiyyəti arasında bağlanıb. Bircə sənəd göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Yoxdur belə bir sənəd. Mənim rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra Hakimiyyəti isə tamam ayrı qurumdu. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə baxırdıq. Əgər bina sakinləri istəsə, Səbail rayonundan hansısa şirkətlə müqavilə bağlayıb onlara təmizlətdirərdilər”, – Ədalət Rəcəbov bildirib.
2013-cü ildən İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri təyin olunmuş Ədalət Rəcəbov deyir ki, istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən müəyyən sertifikatlar, lisenziyalar görüb: “Orada göstərilib ki, vurulan üzlüklər çətin yanan, üzlənməyə icazə verilən mallar qrupuna aiddi”.
Rəcəbov mütəşəkkil dəstə şəklində cinayət törətmələri barədə ittihamda yazılanları da qəbul etmir: “Mən buradakı təqsirləndirilən şəxslərdən yalnız Qəzənfər Novruzov və Nizami Orucovu tanımışam”.
Digər təqsirləndirilən – 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov da ifadə verib. O da deyib ki, binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına onun heç bir aidiyyəti olmayıb: “Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyətim olmayıb. Dəfələrlə aşağı vəzifəli adam olmuşam, necə deyə bilərdim ki, bu işi gör, yaxud da görmə?! Mən Mənzil Kommunal İstismar Sahəsinin müdiri olaraq, yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam”.
Nizami Orucov da mütəşəkkil cinayətkar dəstə yaratmaları haqda ittihamda yazılanlara etiraz edib: “Mən bu adamlardan yalnız Qəzənfər Novruzov və Ədalət Rəcəbovu tanımışam”.
Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar