Türkiyənin Yarğıtay Başsavcılığı (ali ədliyyə orqanı) Fətullah Gülən təriqətinin fəaliyyəti ilə bağlı Azərbaycan Baş prokurorluğuna təriqətin fəaliyyətinə dair bütün detalların yer aldığı dosye göndərib.
Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Məlumatı təqdim edirik:
Yarğıtay Başsavcılığı FETÖ ilə bağlı təhqiqat başladan Azərbaycan Baş Prokurorluğuna təşkilatla bağlı detallı dosye göndərib. Dosyedə FETÖ-nün TANAP kimi enerji layihələrini necə hədəfə aldığını göstərən MİT (Milli Təhlükəsizlik Təşkilatı) hesabatı da var. Qəzetin yazdığına görə, Azərbaycan Baş Prokurorluğu məsələ ilə bağlı Türkiyənin Yarğıtay Başsavcılığı ilə əməkdaşlıq edir və ondan FETÖ işi ilə bağlı sənədlər istəyib. Öz növbəsində Yargıtay Başsavcılığı da Türkiyədə bu iş üzrə təhqiqat aparan bütün dövlət orqanlarına müraciət edərək onlardan Azərbaycan tərəfinə təqdim etmək üçün məlumat və sənədlər tələb edib. Ankara, İstanbul və İzmir Baş prokurorluqları daxil olmaqla Türkiyənin ədliyyə qurumlarından gələn məlumat və sənədlər Yargıtay Başsavcılığında toplanıb. Bu sənədlər arasında ən diqqətçəkəni MİT-in hazırladığı «FETÖ-Azərbaycan» adlı hesabatdır. Hesabatda FETÖ-nün beynəlxalq aləmə dair hədəfləri və istifadə etdiyi vasitələrdən, Türk Cümhuriyyətlərində necə təşkilatlandığından bəhs edilir. Və bildirilir ki, bu terror təşkilatı üçün ən kritik mərtəbədəki ölkələrdən biri Azərbaycan olub. MİT-in hesabatında FETÖ-nün Azərbaycan və digər ölkələrdə enerji layihələrini yönləndirməyə çalışdığı, TANAP-ın da təşkilatın hədəfindəki əsas layihələrdən olduğu vurğulanır. Azərbaycan Baş Prokurorluğuna bugünlərdə göndərilən dosyedə FETÖ-nün bu ölkədə təhsil adı altında ən azı 28 təşkilatının olduğu bildirilib və bu məktəblərlə bağlı təfərrüatlar qeyd olunub. Yargıtayın dosyesində Türkiyədə 15 iyul hərbi qiyam cəhdi ilə bağlı həbs olunanların bəzilərinin etirafedici ifadələri də yer alıb. Həmin ifadələrə əsasən, FETÖ üzvlərindən barəsində axtarış qərarı verilənlər müəyyənləşdirilib. Axtarışa verilən və Türkiyəyə təqdim edilməsi tələb olunan FETÖ-çülərin siyahısı rəsmi Bakıya da təqdim olunub