Fərəməzoğlu başına gələnlər barədə silsilə məqalələr yazmağa hazırlaşır
JAM.az saytının həbs olunan baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə İbişbəyli bu gün onunla görüşüb. Bu barədə məlumatı Faiqə İbişbəyli özü yayıb. Onun sözlərinə görə, Fikrət Fərəməzoğlu məruz qaldığı işgəncələrlə bağlı Baş Prokurorluğa etdiyi müraciətin araşdırılmamasından və ailəsinə olunan təzyiqlərdən narahatdır. Faiqə İbişbəyli bildirib ki, Fikrət Fərəməzoğludan icra başçıları və bir nazirin əleyhinə ifadə almağa cəhd olub. Baş redaktor ifadə vermədiyinə görə, işgəncələrə məruz qalıb: “Fikrət onu da dedi ki, həbsini sifariş verənin kimliyini bilir. Onun sözlərinə görə, bu generallardan biridir. Fikrət dedi ki, yaxın günlərdə “34 gün” adlı silsilə məqalələr yazacaq. Məqalələrdə həmin generalın qanunsuz əməlləri barədə faktlar yer alacaq. O bu yazıları dövlət başçısına da göndərəcək.
Fikrət dedi ki, ona işgəncə verənlərə Kərim Əlimərdanov adlı şəxs başçılıq edib. ”