Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağdam-Ağcəbədi bölgəsi üzrə dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirib. Tədbirdə dövlət rəsmiləri və qurum sədrinin birinci müavini Səyyad Aran iştirak edib.
Cebhe.info-ya açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini S.Aran insanları, xüsusilə gəncləri dini radikalizmə, radikal dindarlığa, dini fanatizmə uymamağa çağırıb və həmçinin dini radikalistlərin cəmiyyətimizdə çoxalmasından narahatlığını ifadə edib:
“Bilirsiniz ki, Azərbaycanda son vaxtlar dini radikalizm və bu istiqamətdə olan proseslər bir az genişlənib. Əsas məqsəd gəncləri müxtəlif yollarla özlərinə cəlb etmək və bununla da gəncləri təhsildən, elmdən uzaqlaşdırmaq məqsədi daşıyırlarlar. Bizim fəaliyyətimizin də əsas məqsədlərdən biri gəncləri doğru yola istiqamətləndirmək, onları dini radikalizmə və dini fanatizmə uymamağa çağırmaqdır. Əsas məsələlərdən biri də gənclərin İslamı bir elm kimi öyrənmələridir. Əslində islam həm də böyük bir elmdir.
Bunu nə qədər insan kamil şəkildə öyrənsə, bu, bir o qədər onun xeyrinə olur. Təbii ki, bizim məqsədimiz heç də bütün insanları dindar eləmək deyil. Dinlə səmərəli, ardıcıl məşğul olanlara isə heç bir sözümüz yoxdur. Biz dindar gənclərin artmasından yox, dini fanatizmin, radikal fanatizmin artmasından narahatıq. Belə halların cəmiyyətimizdə geniş inkişaf etməsinin qarşısını almağı qarşımıza məqsəd qoymuşuq”.
Qurum rəsmisi dini radikalizmə qarşı ciddi mübarizə aparıldığını, sosial şəbəkələrdə dini radikalizmin təbliği ilə məşğul olan şəxslərin dövlət qurumları tərəfindən nəzarət altında saxlanıldığını və aşkar edildiyi təqdirdə barələrində tədbir görüləcəyini qeyd edib:
“Azərbaycan demokratik ölkədir. Sosial şəbəkələrdə fəaliyyət göstərən insanların müəyyən məsələlərlə bağlı müzakirələri, yəni sevdikləri bəzi ideaları maraqlı olsa da, əksəriyyəti zərərli funksiya daşıyır. Təbii ki, bunların qarşısını almağı qarşımıza məqsəd qoymuşuq. Ümumiyyətlə, insanları düz yola sövq etmək lazımdır. Bu, hər hansı bir vətəndaşın, ziyalının, aktiv şəxsin əsas amalı olmalıdır. O adamlar ki tamamilə başqa istiqamət götürürlər və insanları radikalizmə yuvarlanmağa məcbur edirlər, şübhəsiz ki onların niyyəti yaxşı deyil. Onlar ayrı-ayrı adamların, hətta bir sıra ölkələrin missarlarıdır. Bu da aydın məsələdir ki, belə hallar dövlətin müəyyən orqanları tərəfindən aşkar edildikdə onların barələrində tədbir görüləcək”.
Elgün Gəncimsoy ,Rövşən Əsədov
Cebhe.info