"Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır"

25-10-2016, 10:40   




Azərbaycanın ən böyük şairi Səməd Vurğundu.

Müasir Azərbaycan türkcəsində poeziyamızı ən yüksək zirvəyə Səməd Vurğun qaldırıb.
Səməd Vurğunun şeirlərindəki yüksək energetika heç bir şairdə yoxdur.
Səməd Vurğun şeirlərini oxuyan insan qanad çalıb əngin fəzalarda uçmaq, Azərbaycanı seyr etmək istəyir.

"Səməd Vurğun Stalin haqqında yazıb", "Səməd Vurğun Stalin haqqında çox yazıb" deyənlərə cavabım: Sovet İttifaqı dövründə Azərbaycan, Gürcü, Erməni, Rus, Ukrayna və s. şairləri və yazıçılarından kim Stalin haqqında yazmayıb, yüksək sözlər deməyib? Oxuymaq lazımdı...

Nobel mükafatı laureatı, İngiltərənin baş naziri Çörçill Stalin haqqında hansı gözəl və möhtəşəm sözləri deməyib? Oxumaq lazımdı...

Stalin haqqında Səməd Vurğun da böyük sözlər deyib.
Böyük Amerika tarixçisinin "Dünyanın 100 dahisi" kitabında Leninin də, Stalinin də adları var. Həmən kitabda Məhəmməd Peyğımbər 1-ci yerdədi. Stalin isə Lenindən 20 pillə yuxarıdadı. Bu kitabda milyonlarla insanları qətlə yetirən nəhəng fatehlərin hamısı var. Oxumaq lazımdı...
Milyonlarla insanları öldürən, 17 il Avropanı müharibələrlə inildədən Napoleonu kimlər vəsf eləməyib? Oxumaq lazımdı...

Dünyanın ən böyük filosofu Heygel Napoleonu "Dünyanın qəlbi" adlandırıb. Oxumaq lazımdı..
Dünyanın ən qəddar və ən böyük sərkərdəsi Teymur Ləng haqqında kimlər nələr yazmadı? Oxumaq lazımdı...

Azərbaycanda tələbə, şagird, fəhlə, kəndli, çoban, biznesmen, hökumət adamı poeziya deyəndə ana dilimizin böyük şairi Səməd Vurğunu görür. Çünki Ana dilimizin böyük şerini, zirvə şerini Səməd Vurğun yaradıb. Oxumaq və qərəzsis düşünmək lazımdı...

Azərbaycanda Səməd Vuğunun şerini bilməyən insan yoxdu.
Azərbaycanda Səməd Vurğunun "Vaqif" pyesi qədər güclü dram əsəri yoxdu. Heç bir mənzim pyes "Vaqif" pyesi qədər gözəl və möhtəşəm deyil. Oxumaq və qərəzsis düşünmək lazımdı...

Prof.Dr. Qüdrət İsaqov

Oxuyun, Səməd Vurğun haqqında dahilərin və böyük insanların sözlərini oxuyun:

Məmməd Əmin Rəsulzadə («Çağdaş Azərbaycan ədəbiyyatı» əsərindən):
- «Vaqif» XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Mola Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır… Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi yerləri birgə gözdən keçirək…
***
Üzeyir Hacıbəyov
- Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmədin şerləri əvəzsizdir.
***
Lui Araqon (Fransa):
- Mən Səməd Vurğunun Sovet Yazıçılarının II Ümumittifaq qurultayında nitqini dinlədikdə dünyada baş verən böyük dəyişikliklər barədə fikirləşirdim… …O, necə də böyük bir ilham və ehtirasla böyük sovet şairlərini epik poemalar və mənzun romanlar yaratmağa ruhlandırırdı. Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır.
***
Uolter Mey (İngiltərə):
- Füsunkar Azərbaycanı, ağ saçlı Qafqazı vəsf edən Səməd Vurğun təkcə bizim yox, bütün dairələrin və gələcək nəsillərin müasiri olaraq qalır və qalacaq. Mən onun poeziyasını hədsiz dərəcədə sevirəm. Dünyaya belə bir ilhamlı nəğməkar bəxş etmiş torpağa – Azərbaycan torpağına və xalqına minnətdarlığımı bildirirəm.
***
Bilfrid Brants (Almaniya):
- Mən Səməd Vurğunun ədəbi şöhrəti, onun ədəbiyyatda mövqeyi haqqında onu deyə bilərəm ki, bu «Vətən sevgisi ilə yanan sənətkar» müasir Azərbaycan ədəbiyyatının milli ənənələri ilə müasirliyi özündə birləşdirən ən görkəmli nümayəndəsidir.
***
Xorxe Espinosa (İspaniya):
Gözəl Bakı, Odlar yurdu bir dürdür, Burda gördüm xoşbəxtliyi, sevinci. Səməd Vurğun vulkan kimi püsgürdü,- O dahiyə həray verdim birinci.
***
Nazim Hikmət (Türkiyə):
- Səməd Vurğun poeziyamızın planetidir. Bu planetin günəşi, ulduzları sönməzdir. Səməd Vurğun - qardaş dillərimizin böyük xalq şairi, dillərimiz yaşadıqca əbədi yaşayacaqdır.

***
A.Sivalinqam (Hindistan):
- Mən görkəmli Azərbaycan şairi Səməd Vurğunun poeziyası ilə tanışam. O mənim çox sevdiyim şairlərdən biridir. Səməd Vurğunun əsərlərini oxuduqdan sonra Azərbaycan poeziyasına maraq göstərirəm və əlimə düşən almanaxlarda, qazet və jurnallarda Azərbaycan şerlərini axtarıram.
***
İlhami Emin (Yuqaslaviya):
Şer yaşadıqca, söz yaşadıqca, Vurğun kəsiləcək Vurğuna hər kəs.
***
A. Zayonçkovski (Polşa):
- Bütün dünya xalqları kimi, Polşa xalqı da Azərbaycan şairi Səməd Vurğunun poeziyasını çox sevir. Elə təkcə «Azərbaycan» şerinə görə ona xalq nəğməkarı demək mümkündür. Çünki S.Vurğun burada Vətənin ən əlamətdar keyfiyyətlərini ümumiləşdirir.
***
Miroslav İvanoviç (Çexoslovakiya):
- Vurğun bizə ona görə əzizdir ki, onun poeziyasında xalqın ruhu, doğma torpağın ruhu yaşayır. Məhz buna görə də o, həqiqi xalq şairidir və daim xalq şairi olaraq qalacaqdır.
***
Georgi Strumski (Bolqarıstan):
- «Vurğun» ləqəbi seçib əsərlərini belə imzalamaq necə də gözəl, həm də cəsur bir addımdır. Özü də Şərq poeziyası üçün ənənəvi gözəlliyin vurğunu yox, yaradıcısı olduğun yeni həyatın vurğunu…
***
Yan Sudrabkaln (Litva):
… Səməd Vurğunun şerlərini oxuyarkən biz onun özünü görür, səsini eşidir, qəlbinin hərarətini duyuruq. Elə bil şəffaf güzgüdə bütün geniş, hüdudsuz səmanı əks etdirən mavi gölə baxırsan. Mənə elə gəlir ki, isti yay gecəsində eyvana çıxmışam. Hər tərəfdən növbənöv güllərin, növbənöv meyvələrin insanı məst edən ətri gəlir.
***
Andris Veyan (Latviya):
- Mən Səməd Vurğunun sözlərini indi də yada salıram, xüsusən qələmim çətin işləyəndə. Budur, 1956-cı ildir… Xəzər sahilindəyəm. Bakıda küləklər oynaşır. Bahar fəslidir. Amma qəlbimiz kədərlidir. Axı, biz Səməd Vurğuun «son» yubiley məclisinin qonaqlarıyıq. Danışmaqdan çox susuruq, həyat haqqında, əbədiyyat haqqında düşüncələrə dalırıq…
***
Antanas Venslova (Litva):
- Mən Səməd Vurğunla Moskvada, Yazıçılar İttifaqında, İttifaqın plenum və iclaslarında, Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, SSRİ Ali Sovetinin sessiyalarında, ümumdünya sülh konqresində tez-tez görüşmüşəm. Onu həmişə sadə, xeyirxah və nəcib, səmimi dost və gözəl şair kimi görmək olardı. Poeziyanı o, qədər sözün əsl mənasında nə qədər sevmək mümkümdürsə, bir o qədər böyük məhəbbətlə sevirdi. Poeziyasız onun həyatını təsəvvür etmək çətin idi. O, qardaş xalqları yaxından tanıdığı və alqışladığı böyük istedad idi… …Səməd Vurğunun nəğmələri, onun adı, bəli, şair və insanın adı şərəfli əbədiyyətə qovuşacaqdır…
***
Aleksandr Fadeyev (Rusiya):
- Onun ülvi poeziyası xalqımızın poeziyasının ən yaxşı əsərləri kəşkəşanında parlaq ulduz kim şəfəq saçır. Müxtəlif millətlərə mənsub olan milyonlarla bu poeziyanı sevir. Mən çoxdan bu poeziyanın məftunuyam… Dostlar-həyatımızda ən böyük səadətdir və nə yaxşı ki, dünyada Səməd Vurğun var!
***
Mixail Şoloxov (Rusiya)-Nobel mükafatı laureatı:
- Elə təkcə onun xarici görünüşünün özu bədii əsər üçün müdrik bir obraz idi. O, gözəl və əvəzsiz insan idi. Onun ölümü biz yazıçıların qəlbinə, ürəyinə dağ çəkdi…
***
Konstantin Simonov (Rusiya):
- Səməd gözəl şair, mərd insan və sədaqətli dost idi. O, həqiqi xalqlar dostluğunun, şairlər arasındakı dostluğun nə demək olduğunu çox gözəl bilirdi. Məhz buna görə də ölkəmizin hər yerində və onun hüdudları xaricində Səmədin çoxlu dostları vardı…
***
Yemilian Bukov (Moldaviya):
- Səməd Vurğun böyük hərflərlə yazılan əsl insan idi. O, həyatı, insanı çox yüksək qiymətləndirirdi və buna görə də hamının ürəyinə tez yol tapırdı. Bəzən sənə o qədər sadə görünürdü ki, belə bir nəhəng istedad sahibi olduğunu təsəvvürə gətirə bilmirdin… …Azərbaycan xalqına eşq olsun ki, adı böyük hərflərlə yazılan bir İnsanı-mənim Səməd Vurğunumu dünyaya gətirmişdir!
***
Maksim Rılski (Ukrayna):
- Səməd Vurğun ədəbiyyatda həmişə yüksək, romantik, poetik üslubu bəzi ədəbiyyatçıların qanadsız təsvirçiliyinə qarşı qoymuş və bu üslubu ehtirasla müdafiə etmişdir...O, yalnız böyük poetik istedada deyil, həm də parlaq, dərin zəkaya və böyük ürəyə malik insan idi.
***
Boris Oleynik(Ukrayna):
Mən Səməd Vurğundan danışanda onu cismən saf bilirəm, axı həqiqi şairlər heç vaxt ölmür, onlar yalnız həyatdan yaddaşlara köçürlər
***
Maksim Tank (Belorusiya):
- O, xalqına təkcə şeri ilə deyil, qəlbinin bütün hərarəti ilə şairliyin bütün nəğməkarlıq qüvvəsi ilə xidmət etmişdir. Onun ecazkar orijinal lirikası, dramları misilsiz qiymətə malikdir. Bu əsərlər Azərbaycan poeziyasının üslubunun və dilinin formalaşmasında böyük rol oynamış, bütün çoxmillətli ədəbiyyatımızın inkişafına müsbət təsir göstərmişdir.
***
Petrus Brovka (Belarusiya):
- O, təkcə qardaş Azərbaycanın yox, bütün sovet xalqlarının şairi idi. Onun müdrik ağlı, həssas, xeyirxah ürəyi vardı və buna görə də dostları Səməd Vurğuna dərin məhəbbət bəsləyirdilər.
***
Damdinsurengiyn Urianxay (Monqolustan):
- Səməd Vurğunla mən, minlərlə yaşıdlarım kimi, hələ uşaqlıq çağlarından tanışam. Monqol dilinə tərcümə edilmiş «Zəncinin arzuları» poemasını monqol uşaqlarının necə maraqla oxuduğunu indi də xatırlayıram. Bu alovlu əsər bizim dərsliklərə salınmışdır.
***
Əbülqasım Lahuti (Tacikstan):
Səmədin üzünü gördüyüm zaman, Cismimə can gəldi, gözümə işıq. Şairlər vətəni Azərbaycan da, Onun sənətilə tapmış yaraşıq.
***
Qafur Qulam (Özbəkistan):
- Azərbaycan-qədim odlar ölkəsi xöşbəxtdir ki, dahi Səməd Vurğunu yetirib. Səməd başdan-başa istedad idi, yalnız şer üçün doğulmuşdu…Qardaş Azərbaycan xalqının misilsiz mənəvi keyfiyyətlərini dostum Səmədin poeziyası vasitəsilə öyrənmişəm.
***
Anuar Əlimcanov (Qazaxıstan):
- Səməd Vurğunu təkcə Azərbaycanda, yaxud Sovet İttifaqında deyil, xarici ölkələrdə də tanıyırlar. Mən ərəb ölkələrinə, İrana və Asiyanın digər ölkələrinə çox səfərlər etməli olmuşam, sovet ədəbiyyatından söz düşəndə hər yerdə Səməd Vurğunun da şerini eşitmişəm.
***

Berdi Kerbabayev (Türkmənistan):
- Səmədi bir dəfə görən onun hər bir hərəkətini, baxışını ömrü böyu unutmaz. Səməddə bir igid, bir qartal görkəmi vardır. O, mübahisədən çəkinməz, ta həqiqət aydın olana qədər mübahisə edərdi. O, dumanlı xasiyyəti, dumanlı sözləri sevməzdi.
***
Çingiz Aytmatov (Qırğızıstan):
- Dünyanın mədəniyyət irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən Səməd Vurğunadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və təcrübəsi sərf olunmuşdur.
***
Mustay Kərim (Başqırdastan):
- Bütün ədəbiyyatların ulu ustadları var ki, yaradıcılıqları boyu çiyinlərində ağır, şərəfli bir yük aparıblar və bu, dünyanın böyük ədəbiyyatları sırasında öz xalqının, öz torpağının adı olub, ucalıb. Səməd Vurğun da belə ulu ustadlardandı.
***
David Kuqultinov (Kalmıkistan):
- Səməd Vurğun Sovet İttifaqının elə emosional şairlərindən biri idi ki, təkcə Azərbaycan ədəbiyyatı deyil, həm də bütün SSRİ xalqları ədəbiyyatını öz zəmanəsi səviyyəsinə qaldırmağın vacibliyini dərk etmişdi… Buna görə də mən onun əziz surətini, onun qanadlı poeziyasını, onun qiymətli yaradıcılığını ömürlük ürəyimdə yaşadıram.
***
Georgi Leonidze (Gürcüstan):
- Səməd Vurğun Azərbaycan sovet poeziyasının balı və südü, duzu və çörəyidir, öz xalqının canlı təcəssümüdür. Onun parlaq, qüdrətli istedadı önündə baş əyirəm. Səməd Vurğunun adı bizim hamımıza yaxın və əzizdir. Onun poeziyasının sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının nəhayətsiz dostluğu yolunda əbədi şölə saçacaqdır.
***
Qaysın Quliyev (Balkar):
- Qardaşımız Səməd Vurğun…Mənim qardaşım Səməd…O mənim çox yadımdadır və onu iftixarla xatırlayıram…Mən onu Azərbaycanın yox, dünyanın ən böyük şairi, gözəl insanı hesab edirəm. Onun gözəl poeziyası heç vaxt solmayacaq. Biz ana Vətəni, xalqı hərarətlə sevməyi Səməd Vurğundan öyrənmişik. İnsanda nə qədər yaxşı xüsusiyyətlər varsa, hamısını bu pirə, peyğəmbərə aid etmək olar.
***
Rəsul Həmzətov (Dağıstan):
- Səməd Vurğun Azərbaycan poeziyasının ağ saçlı qartalı, Azərbaycan sovet ədəbiyyatının atası və oğludur. Azərbaycan və Səməd Vurğun bir-birindən ayrılmazdır. Azərbaycan və Səməd Vurğun eyni məfhumdur, çünki Səməd xalqının ən yaxşı xüsusiyyətlərini – onun sadəliyini, cəsarətini dərin zəkasını və istedadını təcəssüm etdirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar