Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat Nazirliyinin müfəttişi olmuş Rövşən Əhmədovun məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, o, bu ilin aprelində həbs edilib. Müfəttiş qohumu- nəqliyyat nazirliyinin müşaviri olmuş Çingiz Baxışovun şikayəti əsasında həbs edilib. Rövşən Əhmədov qohumunun külli miqdarda qızılını mənimsəməkdə təqsirləndirilir.
Nazirlikdə vəzifə yüksəlişi ...
Təqsirləndirilən Rövşən Əhmədov uzun illər Baxışovun tabeliyində işləyib. Amma münasibətləri təkcə işçi-rəhbər olmayıb, həm də qohumdular. Əhmədovla Baxışovun anaları əmiqızıdılar. Məlumata görə, anaları dünyalarını dəyişsələr də, onlar arasında münasibətlər davam edib, xeyirdə-şərdə bir-birini unutmayıblar. Hətta Çingiz Baxışov Qırğızıstanda yaşadığı dövrdə də...
Çingiz Baxışov 2003-cü ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib, Nəqliyyat Nazirliyində vəzifəyə düzələndən sonra artıq aralarında qohumluqla yanaşı, həm də xidməti münasibət yaranıb.
Yeri gəlmişkən, Çingiz Baxışov əvvəlcə Nəqliyyat Nazirliyinin "Avtonəqliyyat" Servis Departamentinin rəisi, ardınca nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, 2014-cü ilin yanvarından isə müşavir olub. Bir neçə ay əvvəl isə bu vəzifədən azad edilib.
"Milyonlarla manat, qızıl-zinət əşyaları..."
Rövşən Əhmədov istintaqa ifadəsində münasibətlərin yaxınlığı barəsində danışarkən belə deyib: "Mənə etibar edirdi. Gizlədib saxlamaq üçün mənə etibar elədiyi əşyalar sırasında milyonlarla manat, qızıl-zinət əşyaları, milyonlarla xarici valyuta və s. olurdu. Mən də onları yaşadığım həyətimizdə torpağa basdırırdım, maşının yük yerində gəzdirirdim, evimizdəki köhnə əşyaların içində gizlədirdim...
Bundan əlavə, onun başqa göstərişlərini də yerinə yetirirdim. Kimdən pul almaq lazım idisə, gedib alırdım, kimə pul vermək lazım idisə, gedib verirdim".
İndi isə bu adamlar düşmənə çevriliblər...
Hər halda, Çingiz Baxışovun qohumunu və keçmiş işçisini tutdurması belə deməyə əsas verir. Baxışov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazıb və Rövşən Əhmədovun həbsinə nail olub. Baxışov qohumunu təxminən 800 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməkdə ittiham edir.
Sabiq müşavir Çingiz Baxışov ifadəsində də deyib ki, həmin qızılların 695 min manatlığı özünün, 50 min manatlığı bir qızının, 55 min manatlığı da o biri qızının olub.
Yeri gəlmişkən, Çingiz Əhmədovun üç övladı var - qızları Bakıda yaşayır, oğlu isə Avstriyada.
Sabiq müşavirə 20 min də mənəvi zərər dəyibmiş...
Cinayət işi üzrə özü ilə yanaşı, qızları da zərərçəkmiş qismində tanınıb. Ata və balaları yuxarıda qeyd etdiyimiz məbləğlərdə maddi ziyanla yanaşı, 40 min manat da mənəvi ziyanın ödənilməsini tələb edirlər - Baxışov 20 min, qızların hərəsi də 10 min.
Rövşən Əhmədov hələlik məhkəmədə ifadə verməyib. İstintaqa ifadəsində isə qohumunun onu şərlədiyini bildirib. Elə onların arasında keçirilən üzləşmədə də Rövşən Əhmədov belə deyib.
Rövşən Əhmədovun sözlərinə görə, Çingiz Baxışov bundan əvvəl də bir dəfə onu şərləyib, amma sonradan səhvini etiraf edib: "Çingiz Baxışov 2015-ci ilin əvvəlində mənə saxlamaq üçün iki bağlama vermişdi. Biz də heç bağlamaların içini açıb baxmadan gizlədib saxladıq. Amma məlum məsələ idi ki, içindəkilər qızıl-zinət əşyalarıdır. Bir müddət keçəndən sonra Çingiz Baxışov zəng eləyib, bağlamaları gətirməyimi istədi. Aparıb evində verdim. Bağlamaları mənim yanımda açmadı, o biri otaqda açdı. Gəlib dedi ki, "iki yox, üç bağlama vermişdim". Nə qədər dedim ki, iki bağlama idi, inanmaq istəmədi. Əlacsız qalıb, evi axtarmaq üçün icazə istədim. Gəldim, yoldaşımla iki gün evi axtardıq. Bir neçə gündən sonra Çingiz zəng eləyib, üzrxahlıq elədi ki, bağlamanın biri evdə imiş. Məni nahaqdan günahlandırdığı üçün onu qınadım, üzrxahlıq elədi. Amma 2015-ci ilin yayında yenidən evinə çağırıb, bir torbanın içində bu dəfə üç bağlama verdi. 2016-cı ilin fevralında qızımın toyu idi. Toy öncəsi evə kənar adamların çox gəlib-getdiyini nəzərə alaraq, fikirləşdim ki, bağlamaları aparım verim. Onunla danışdım, evlərinin blokunda Çingiz zəng elədi ki, "evdə heç kim yoxdu, bağlamaları qızım Fatmagilə apar". Təxminən 20 dəqiqəyə qızıgildə oldum. Qızı evdə yox idi, qapını kürəkəni Ayaz açdı. Zəng eləyib Çingizə dedim ki, Fatma evdə yoxdur, Ayaza verməyimi istədi, mən də verdim".
Rövşən Əhmədovun sözlərinə görə, Çingiz Baxışov səhhətindəki problemlərə görə toya da gəlməyib. Bir qədər sonra eşidib ki, Gömrük hospitalında müalicə olunur.
Bağlamadakı qızıllar...
Xəstəxanadan çıxandan sonra - fevralda həyat yoldaşını da götürüb oğlunun yanına gedib. Amma martda həyat yoldaşının ad gününə görə geri qayıdıblar, 60 illik yubiley keçiriblər. Bağlamaların kürəkənə verilməsindən iki ay keçəndən sonra - martın 30-da zəng eləyib deyib ki, bağlamaların biri yoxdur: "Martın 30-da zəng eləyib dedi ki, "səninlə işim var". Getdim. Çingiz "skoçu" açılmış iki bağlamanı göstərib dedi ki, "içindəki qızıllar yoxdur". Amma üçüncü bağlamanın "skoçu" açılmamışdı. Çingiz özü açdı, məlum oldu ki, bu bağlamada hər şey yerindədir. Tələb elədi ki, o biri iki bağlamadakı qızılları da gətirib yerinə qoyum. Dedim ki, bu bağlamalar fevralın 1-dən - iki aydır ki, Fatmanın evindədir".
Rövşən Əhmədov deyir ki, qohumu BMCMİ-yə müraciət etməmişdən əvvəl onu oğlunu işdən qovdurmaqla, cəbhə bölgəsinə göndərib, şəhid kimi geri qaytarmaqla hədələyib və sonda da həbs elətdirib.
Bu iş üzrə məhkəmə baxışı noyabrın 22-nə təyin olunub. Həmin gün Rövşən Əhmədov məhkəməyə ifadə verəcək.
İlkin Muradov
Musavat.com