Rusiya kriminalının yeni bossu- qızıl medallı “Tyurik” kimdir?

15-11-2016, 13:30   
Rusiya kriminalının yeni bossu- qızıl medallı “Tyurik” kimdir?

Slavyan qruplaşmasının yeni lideri haqda maraqlı faktlar
Bu ilin avqust ayında Türkiyədə “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) öldürülməsi, Ded Xasan klanında “tax-tac”a sahiblənmiş Zaxari Kalaşovun(“Şakro Molodoy”) həbsi, kriminal aləmin generallarından sayılan Merab Canqveladzenin (“Suxumski”) isə Rusiyaya ömürlük gəlmək yasağı Rusiyadakı slavyan kriminalında yeni “boss”un kimin olacağı barədə ciddi müzakirələrə yol açıb. Söhbət slavyan kriminal qruplaşmasından gedir.

Primecrime.ru saytının məlumatına görə, bir neçə gün əvvəl bununla bağlı müzakirələr aparılıb. Məlumda deyilir ki, Aleksandr Petrov (“Petrik”) və Oleq Şişkanov (“Şişkan”) slavyan qruplaşmasına rəhbərlik etmək barədə təklifə birmənalı “yox ”deyiblər. Onlar slavyan qruplaşmasına Vladimir Tyurinin (“Tyurik”) başçılığını təklif ediblər. Tyurin isə bu təklifə etiraz etməyib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, Rusiya kriminalının yeni bosu haqda əldə etdiyimiz məlumatları təqdim edirik.

***
Vladimir Tyurin 1958-ci il, noyabrın 25-də Başqırdıstan Muxtar Respublikasının Tirlyanski qəsəbəsində anadan olub. Orta məktəbi qızıl medalla qurtaran Tyurin əvvəl peşəkar musiqi təhsili alıb, sonralar isə Sankt-Peterburq Politexnik Universitetini bitirib. Həbsxanaya yolu 1974-cü ildə qarət ittihamı ilə başlayıb. Bir neçə il İrkutsk həbsxanalarında cəza çəkib.

Image result for Vyaçeslav İvankov

Vyaçeslav İvankovun (“Yapoançik”) İrkutsk vilayətindəki “smotryayuşi”si Aleksandr Moiseyev 1991-ci il, iyunun 10-da öz avtomobilində partlayış nəticəsində öldürülür. “Masya” ləqəbli Moiseyevin yaxın dostu olan Tyurini də bundan sonra eyni üsulla öldürmək istəyirlər. Amma onun maşınına atılan əl qumbarası partlasa da o, sui-qəsddən sağ qurtula bilir. 1993-cü ildə “qanuni oğru” adını “Yaponçik”in xeyir-duası ilə alan Tyurin tezliklə kriminal aləmin ən nüfuzlu liderlərindən birinə çevrilir. O, “Bratskoye” adlanan kriminal qruplaşmaya rəhbərlik edir. Əsasən, alüminium və meşə təsərrüfatı mallarının Sankt-Peterburqdan Pribaltikaya, oradan isə Qərbi Avropaya daşınmasına nəzarət edən Tyurin Moskvada da bir neçə tanınmış kazinolara rəhbərlik edir.

Image result for Şakro Molodoy

Rusiya kriminalitetinin o zamankı ağaları - “Yaponçik”, “Şakro Molodoy”, Tariel Oniani (“Taro”) 1990-cı illərdə Avropaya üz tutur ki, onların arasında Tyurin də olur. Əsasən İspaniyada məskunlaşan rusiyalı mafiozlar tez-tez Aslan Usoyanın da iştirak etdiyi “sxodka”larda kriminal yolla əldə edilən gəlirləri bölüşdürür, nüfuz dairələrini gündən-günə genişləndirir və Avropanın kurort şəhərlərini pulla nəzarətə almağa başlayırlar.
Nəhayət, İspaniya polisinin 2005-ci ildə Rusiya mafiyasına qarşı keçirdiyi əməliyyat zamanı bir çox “qanuni oğrular” həbs edilir. Amma Tyurin ələ keçmir.

Həmin vaxt Rusiyada olan mafiozu İspaniya polisi beynəlxalq axtarışa verir. Uzun müddət ələ keçməyən Tyurin 2009-cu ildə “İnterpol” xətti ilə Monqolustanda həbs edilir. İspaniya polisi onu aparmaq üçün gələndə isə həbsxanada Tyurinin ən məşhur tryuku üzə çıxır. Belə ki, polis həbsxanada onun doğma qardaşını tapır...



2010-cu ildə FTX və Rusiya milisi (o zaman milis adlanırdı) Tyurini Moskvada həbs edir. İspaniya polisi onu kriminal qruplaşma yaratmaqda, çirkli pulların yuyulmasında ittiham edir və ekstradisiya olunması üçün icazə istəyir. Amma məlum olur ki, Tyurin Rusiya vətəndaşlığını saxta yolla alıb və əslində Qazaxıstan vətəndaşıdır. Butırka təcridxanasında o mütəmadi olaraq “Ded Xasan”la əlaqə saxlayır. Həmin vaxt o da məlum olur ki, sən demə, Tyurin həbs edilməyənədək iqtisadiyyat və idarəçilik mövzunda namizədlik dissertasiyası yazırmış və tezliklə müdafiə edəcəkmiş. 2011-ci ildə Moskva məhkəməsi onun barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz edir.



2012-ci ildə vəkilləri onun Rusiya vətəndaşlığının saxta olmadığını sübuta yetirirlər. Rusiya vətəndaşının başqa ölkəyə verilməsi konstitusiya ilə qadağan olunduğunda Baş Prokurorluq İspaniya polisinin müraciətini rədd edir. Bundan sonra onun ev dustaqlığı barədə qərar da dəyişdirilir.

Məlumatlara görə, “Ded”ə yaxınlığına baxmayaraq, Tyurin eyni istedadla Rusiyanın bir çox tanınmış siyasi xadimləri, biznes dairələri, eləcə də elm və incəsənət nümayəndələri ilə ciddi əlaqələrə malikdir. Onun vətəndaş nikahında olduğu Mariya Maksakova opera ifaçısıdır və 2011-ci ildə hakim Vahid Rusiya Partiyasından deputat seçilib. Onların bir oğlu, bir qızı var. Tyurin indi daha çox alüminium, ağac məmulatları istehsalı, neft-kimya sənayesi, enerji və bank sektorunda fəaldır. Onun Moskva ilə yanaşı Avropanın bir sıra ölkələrində daşınmaz əmlakı var.

Tyurin “Ded”in sağlığında onun klanının maliyyə məsələlərinə cavabdeh olub. Onun adı Rusiyadakı bir sıra qətllərdə hallanıb. Məsələn, Sankt-Peterburqda 1997-ci ildə öldürülən vitse-qubernator Mixail Maneviç “Ded Xasan” klanının bu bölgədə fəallaşmasına qarşı çıxdığı üçün Tyurinin sifarişi ilə öldürüldüyü deyilir. “Tatneft”in təhlükəsizlik xidmətinin rəhbəri, “Tainvestneftqaz” firmasının baş direktorunun öldürülməsində də onun adı hallanıb.

ORXAN
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar