''YAP-a üzv olmadığım üçün işdən çıxarıldım''

22-11-2016, 09:24   

Eldar Bayramlı: ''Mənim çalışdığım idarə hər ay nazirliyə 50 min manat rüşvət verirmiş''

Azərbaycan Dövlət Neft Akademiyasını bitirən Eldar Bayramlı 2005-2009-cu illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (hazırkı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Məlumat Hesablama Mərkəzində texnik vəzifəsində çalışıb. O, işlədiyi dövrdə nazirlikdə baş verənlər barədə "Skype" vasitəsilə Meydan TV-yə danışır...

- İş şəraitim insan səhhəti üçün nisbətən zərərli idi. Çalışdığım otaqda müxtəlif aparatlar var idi, bunlardan isə az miqdarda da olsa şüalanma olurdu. Həmin otaqda ən azı üç kondisioner işləyirdi, hava aşağı temperaturda olmalıydı ki, aparatlar dayanmasın. Mən ona görə Meydan TV-yə müraciət etdim ki, işlədiyim 5 ildə ali təhsilli və bir neçə dildə mükəmməl danışmağıma baxmayaraq, dərəcəmi artırmadılar. Dəfələrlə attestasiyadan keçsəm də, reaksiya olmurdu. Səbəb o idi ki, dərəcəm artsaydı, 140 manatlıq maaşıma 20 manat əlavə olunacaqdı. Nazirlik 20 manatı verməmək üçün dərəcəmi artırmırdı. Kiminsə Prezident Administrasiyasında, yaxud Milli Məclisdə adamı vardısa, tapşırıqla dərəcəsi artırılırdı, ancaq həmin adamın təhsil səviyyəsinə baxmırdılar. Təəssüf ki, mənim adamım olmadığından hər dəfə dərəcə almaq istəyimdən məhrum olurdum. İdarədə 2-3 nəfər istisna olmaqla, qalanları narazıydı, həmin 2-3 nəfər də haram pul yeyirdi, bizim haqqımızdan öz ailələrinə pul aparırdılar.

- Eldar bəy, son bir həftədə mətbuatda 5 il çalışdığınız nazirlik haqda məlumatlar dərc olunur. Bu, sizin üçün yenilik sayıla bilərmi?

- Rabitə və informasiya texnologiyalar neft sənayesindən sonra ən gəlirli sahədir. Nazirliklə bağlı oxuduğum sonuncu məlumata görə, hər ay ən azı 800 min manat rüşvət toplanırmış, devalvasiyadan öncə bu, 1 milyon dollardan çox idi. Bu vəsait nazir və müavinlərinə çatırdı. Sual yaranır; olmazdımı işçilərin dərəcəsi artırılardı və onlara həmin vəsaitdın verilərdi? İllərlə rabitə sahəsində çalışan adamlar var ki, nə mənzili, nə torpaq sahəsi, nə də avtomobili var, səfalət işində yaşayırlar. Adi bir misal, işçilərimizdən birinin anası vəfat etmişdi, biz yas yerində stul tapmadıq ki, oturaq. Yəni rabitəçilər bu səviyyədə səfalət işindədirlər, dünyanın harasında belə yaşam səviyyəsi var?!

- Əli Abbasov haqda cəmiyyətdə münasibət fərqli olub, alim, ziyalı kimi tanınıb. Amma onun aylıq xərcinin 200-300 min manat civarında olması barədə istintaq materiallarında gedən məlumatları oxuduqdan sonra adamlar çaşqınlıq yaşadılar. Baxmayaraq ki, bir gün əvvəl özü istintaqın məlumatını təkzib etdi. Siz bu barədə nə deyə bilərsiniz?

- Mənim etirazım Əli Abbasova və onun müavinlərinə yox, sistemədir. Bəli, Əli Abbasov rüşvətxordur və müavinlərinin istintaqa verdikləri ifadələr də dediklərimi təsdiqləyir. Həmin müavinlər də Yeni Azərbaycan Partiyasının fəallarıdır. YAP-çıların məntiqilə Azərbaycanın ən ziyalı şəxsləri hakim partiyaya toplaşdığından ən aparıcı partiya sayırlar özlərini. İkinci, problem Əli Abbasovda deyil, bu gün onu başqa adam əvəz edir...

Demək istəyirəm ki, yeni nazirin hansısa dəyişikliklər edəcəyinə inanmıram. Çünki sistem təməlindən sarsılıb, ona görə mənim etirazım şəxslərə yox, özbaşınalığı və rüşvəti qoruyan, o cümlədən, insanları aşağılayan sistemədir. Hesab etmirəm ki, hansısa naziri çıxartsalar, nəsə dəyişəcək. Bir daha deyirəm, çalışdığım illərdə nazir Əli Abbasov idi və özbaşınalıq adiləşmişdi. Amma bu vəziyyəti sistem yaratmışdı. Mənim çalışdığım Məlumat Hesablama İdarəsi digər idarələrlə müqayisədə daha gəlirlidir. Amma maaşım 150 manat idi, Əli Abbasovun isə aylıq gəliri 300 min manat civarında olub, bunu müavinləri də təsdiqləyirdi. 300 min manatla 150 manatı müqayisə edəndə 2 min fərq yaranır, bəli, nazirlə işçinin əməkhaqqı arasında fərq ola bilər, 5, 8, 10 dəfə, amma 2 min dəfə fərq olarmı?! Dünyanın hansı ölkəsində nazirlə işçi arasında belə maaş fərqi var? Təhsilim və savadım Əli Abbasovla müavinlərindən aşağı deyil, rabitə sahəsində onlardan praktiki və nəzəri baxımdan bilikli olduğumu sübut edə bilərəm. Amma çalışdığım illərdə bu imkanı mənə vermirdilər.

- Ancaq sabiq nazir Əli Abbasov istintaqa verdiyi ifadəsini təkzib edir...

- Bunun artıq heç bir əhəmiyyəti yoxdur. Sual verirəm; rabitə sahəsi ən gəlirli nazirlik olduğu halda işçi niyə 150 manat maaş alır? Bəs gələn pullar hara gedirdi? Mən oğurlamırdım, müavinlər və nazirlər deyir ki, onlar da oğurlamırdılar. O zaman kim oğurlayırdı?! İsbat etsinlər ki, nazirliyə gələn vəsaitlə rabitəçilərə mənzil tikilib, müalicə olunub, maşın alınıb. Müavinlər təmir işlərində mənimsəmələrin olduğunu etiraf edirlər, halbuki, bir sıra təmirlərə heç ehtiyac da yox idi. Yaxşı, bizim dərəcələrimizi artırmağa canları çıxırdı, amma təmir adıyla 100 minlərlə manat mənimsəmələrə yol verirdilər.

- Çalışdığınız illərdə nazirlikdə sıravi işçilərtə münasibət necə olub?

- Əgər işçiyə 120-150 manat civarında maaş verilirsə, hansı qayğıdan söhbət gedə bilərdi? Qayğı bu idi ki, 120 manat maaş verirdilər, get 4 gün dolan, qalan günlərini də sürün.

- İşçilər etiraz edirdimi?

- Vəziyyət o həddəydi ki, insanlar bu münasibəti normal hal kimi qəbul edirdi. Necə ki, Azərbaycan xalqı ölkədə məmur özbaşınalığını, rüşvəti normal hal kimi qəbul edir, rabitəçilər də eyni vəziyyətdəydilər. Sanki bu özbaşınalıq Azərbaycanda yox, Somalidə baş verir. 1-2 nəfər etiraz edəndə ya işdən çıxarmaqla, yaxud maaşlarını kəsməklə hədələyirdilər. Təsəvvür edin, 120-150 manat maaşdan cəza adıyla kəsirdilər. Mənim çalışdığım idarə hər ay nazirliyə 50 min manat rüşvət verirmiş.

- İdarənin müdiri kim idi?

- Nail Mərdanov, artıq işdən azad olunub. Mənim dediklərim kiminsə həbs olunması üçün deyil, etirazım ölkədəki total özbaşınalığa və Allahsızlığa qarşıdır. Bir neçə nəfərin həbsilə ölkədə vəziyyət dəyişməyəcək, çünki problem sistemdədir. Meydan TV vasitəsilə prezident İlham Əliyevə bir neçə sual ünvanlamaq istəyirəm. Mən Azərbaycan Respublikasının vətəndaşıyam və bu olaylar Azərbaycanda baş verir. Yəni hər ay Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 1 milyon rüşvət və nazir Abbasovun ayda 300 min manat xərcləməsi, müxtəlif idarələrdən 50, hətta bəzən 500 min manat rüşvət toplanması olurdu. Bu özbaşınalıqlara cənab prezidentin təyin etdiyi şəxs - Əli Abbasov başçılıq edib. Cənab prezident, bu müddətdə siz hara baxırdınız ki, təyin etdiyiniz şəxs bu cür qanunsuzluqlara yol verirdi? Niyə zamanında ölçü götürmədiniz? Niyə adi işçinin maaşıyla nazir Əli Abbasovun gəliri arasında 2 min dəfə fərq olmalıydı? Qoy, açıqlama versinlər. İkincisi, cənab prezident, 5 nəfərdən ibarət ailəniz mənim aldığım 150 manat maaşla necə dolanardı? Deputatlar bugünlərdə 2200 manat maaşla dolana bilmədiklərini deyib əməkhaqlarının artırılmasını istədilər. Bu adamlar da hakim partiya üzvüdürlər və onları da parlamentə cənab prezident, özünüz təyin etmisiniz. Əgər deputatlar 2200 manatla dolana bilmirlərsə, biz rabitəçilər 120-150 manatla necə dolanaq? Cənab prezident, bu hadisələr tez-tez vurğuladığınız 1992-93-cü illərdə yox, məhz sizin prezidentliyiniz dövründə baş verir. 150 manatla maksimum 5 gün yaşadıq, qalan 25 günü nə yeyək? Bizə bir yol göstərin, cənab İlham Əliyev! Mən işlədiyim zaman evdən işə nahar aparırdım, təsəvvür edin ki, aldığım maaş heç naharıma çatmırdı. Biz quldarlıq quruluşunda yaşayırıq, ona görə birdəfəlik Konstitusiyada quldarlıq quruluşunda yaşadığımızı yazın, biz də qul olduğumuzu bilək. İnsan quldarlıq dövründə ağası tərəfindən gündə 3 dəfə qidayla təmin olunurdu, bizim maaşımız isə aylıq nahara çatmır. Cənab prezident, hara şikayət etməliyik?! Hələ bununla belə bizi YAP-a üzv olmağa məcbur edirdilər. Mən YAP-a niyə üzv olmalıyam?

- Çalışdığınız illərdə hakim partiyaya üzv olmaqla bağlı təzyiqlər olurdumu?

- Əlbəttə olurdu. Mən bu təzyiqlərdən bezib işdən çıxdım. Təzyiq etdilər ki, YAP-a üzv ol, cavab verdim ki, hansı qanuna görə üzv olmalıyam? Onda dedilər ki, ərizəni yaz... Bir daha sual edirəm, mən nəyə görə YAP-a üzv olmalıyam? Azərbaycan Konstitusiyasında hakim partiyaya üzv olmaqla bağlı maddə yoxdur və ümumiyyətlə, biz təkpartiyalı sistemdə yaşamırıq. Belə olduğu halda rəhbərlik nə üçün sıravi işçiləri məcburi şəkildə hakim partiyaya üzv edir? Bu hadisələr nə AXC dövründə olub, nə də sonra. Baş verənləri son 13 ildə görür və yaşayırıq. Nə vaxta qədər Azərbaycan vətəndaşları bu özbaşınalıqları yaşayacaq? Əlbəttə ki, suallarım prezidentədir.

- Hazırda nazir müavini olan İltimas Məmmədovla Elmir Vəlizadənin adları paket əməliyyatlarında hallansa da, onlar haqda ölçü götürülmür. Səbəbi necə izah edərdiniz?

- Azərbaycan idarəetməsi üçün normal sayılmalıdır. Səbəb onların arxalı olmalarıdır, burda heç bir ehtimaldan danışmağa ehtiyac yoxdur, mən dəqiq danışıram. Nazirlikdə kimsə irəli çəkilirdisə, onun yuxarılarda mütləq arxası olurdu. Normal ölkələrdə adı rüşvətdə hallanan məmur sakitcə istefa ərizəsini yazır. Amma Azərbaycanda bunu deyənləri cəzalandırarlar, yaxud gülərlər. Mən işlədiyim idarədə maaşım və dərəcəm qaldırılmırdı, amma öz sahəsi üzrə heç bir peşəkarlığı və savadı olmayanların vəzifəsi, əməkaqqısı və dərəcəsi də artırılırdı. Bügün kimsə mənə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ədalətin və şəffalığın olduğunu sübut edə bilməz, belə düşünənlərə bir təklifim var: gəlsinlər, eksprement üçün 150 manatla 1 ay dolansınlar. YAP-ın məddahlarına müraciət edirəm, gəlib 150 manat maaşla 1 ay dolansınlar. Əgər onların deputatları 2200 manatla dolana bilmədiklərini söyləyirlərsə, sıravi vətəndaş nə etsin?

- Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sizin kimi düşünənlər var idi?

- Bəli. Bəzi insanlar gəlir mənbəyinin yalnız nazirlikdən aldığı maaş olduğu üçün susmağa məcbur idilər. Digərləri dövlət işi olduğu üçün qalırdılar. Ümumiyyətlə, işçi ilə nazirin əməkhaqqısı arasında 2 min dəfə fərq olduğu halda razı olmaq mümkün idimi?

- Eldar bəy, rüşvətlər hansı yollarla toplanırdı?

- Çox sadə, birinci, saxta təmir işləri, ikinci abunə pulları, internet xidməti və sairə. Harda pul vardısa, onu mənimsəyirdilər, halbuki, bu vəsaiti az maaş alanlar üçün ayıra bilərdilər.

- Yəni vətəndaşların abunə ödəmələrindən də oğurlayırdılar?

- Təbii. Bəs pulu hardan toplayırdılar? Məgər, deputat Aqil Abbasın dediyi kimi, işdən sonra soğan əkirdilər? Normal ölkə olsaydı, bu adamların əmlakı müsadirə olunmalıydı.

- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmilərinin siyasi fəalların, məmurların, jurnalistlərin telefon danışıqlarını dinləməsi barədə deyilənlərin əsası vardımı?

- Bu məsələ ən geniş yayılmış söhbət idi, təbii ki, bunlar olurdu. Həmin adamlar oğurladıqlarını oğurlayırdılar və bir də adamları dinləyirdilər. Ümumiyyətlə, son 10-15 ildə nazirlik hansı faydalı işlə məşğul olub? Bu nazirliyin yüksək çinli məmurları ya insanları güdüblər, ya da ciblərinə giriblər. Sualınıza gəldikdə, çalışdığım idarədə bir otaq bu iş üçün ayrılmışdı, kimisə dinləmək, ya da izləmək lazım olanda, həmin otağa müraciət olunurdu.

- İşdən çıxandan sonra təzyiqlərlə üzləşdinizmi?

- İnsanı işsiz qoymaq təzyiq deyilmi? Yaxud 150 manat maaşla adamı işlətmək təzyiq deyildimi? Bir məqamı xatırladım, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yaxın dostum bildirir ki, həbs olunan və olunmayanlar aldıqları əmlakları öz adlarına qeydiyyata salmırdılar, bu, dəqiqdir. Ona görə əmlakları haqda üzə çıxan məlumatlar onların əmlaklarının 1 faizidir. Ümumiyyətlə, topladıqları pulları başqa adamların adına hesablara oturdurlar. Sonda onu bildirim ki, bu müsahibədən sonra cibimə narkotik, yaxud evimə silah qoymaq haqda düşünməsinlər. Narkoman, narkotik və silah satan deyiləm. İndiyə qədər heç cəriməm də olmayıb. Mən söz və ifadə azadlığı hüququndan istifadə edib yaşadıqlarımı danışıram. Yaxşı olar ki, ölkənin problemlərini həll etsinlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar