Türkiyənin Avropa ilə münasibətləri korlanıb. Əslində, tərəflər arasındakı bu ziddiyyətli situasiya qətiyyən yeni deyil. Hər halda, Avropanın aparıcı siyasi iradə mərkəzləri, xüsusilə də, Avropa Birliyi ilə rəsmi Ankara arasında qarşıdurma mühiti uzun illərdən bəridir ki, davam edir.
Sadəcə, indi qarşıduran tərəflər “körpüləri yandırmaq” mərhələsinə qədəm qoyublar. Rəsmi Ankara Avropa Birliyini və bu quruma bağlı strukturları sərt şəkildə ittiham edir. Və bir çox ittihamlarında da haqlı görünür.
Məsələ ondadır ki, Avropanın siyasi iradə mərkəzləri Türkiyəyə qarşı ikili standartlardan yanaşırlar. Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzvlük istəklərinə ayrı-seçkilik prinsipiylə reaksiya verirlər. Yəni, Türkiyəni Avropa Birliyinin “qapıları ağzında” saxlamağa çalışırlar.
Buna misal olaraq, Avropa Parlamentinin Türkiyə və Avropa Birliyi arasındakı üzvlük müzakirələrinin dondurulması barədə qəbul etdiyi son qərarı göstərmək olar. Qərarın detallarına girmədən ümumi şəkildə qeyd etmək olar ki, Avropa Parlamenti atdığı addımı Türkiyədəki mövcud vəziyyətlə, insan haqları və mətbuatın durumu və s. ilə izah edir.
Təbii ki, Avropa Parlamentinin bu qərarını Türkiyəyə münasibətdə qərəzin olmasıyla da izah etmək mümkündür. Çünki Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı müraciətinin tarixçəsinə nəzər saldıqda, rəsmi Ankaraya fərqli münasibəti ortaya çıxartmaq o qədər də çətin deyil.
Avropa Birliyi yaradılanda Avropa Gömrük İttifaqı formatında təsis olunmuşdu. Həmin dövrdə qurumun ideya müəllifləri Yunanıstan və Türkiyəyə eyni vaxtda Avropa Gömrük İttifaqına daxil olmağı təklif etmişdilər. Çünki ideya müəllifləri bu iki dövlətdən birinin əvvəl quruma üzv olacağı təqdirdə, digərinin üzvlüyünü əngəlləyəcəyini anlayırdılar. Ona görə də, gələcək problemi əvvəlcədən önləmək üçün paralel qəbul variantını önə çıxartmışdılar.
Təbii ki, Yunanıstan bu təklifi vaxtında dəyərləndirdi, quruma üzv oldu. Rəsmi Ankara isə tərəddüd etdi, bir müddət düşünməyə üstünlük verdi. Rəsmi Ankaranın götür-qoy etdiyi müddətdə ideya müəllifləri qurumun formatını inkişaf etdirdilər. Və Avropa Gömrük İttifaqının bazasında indiki Avropa Birliyinin əsası qoyuldu. Daha geniş format və onun cəlbedici hədəfləri rəsmi Ankaranın diqqətini dərhal çəkdi. Türkiyə üzvlüklə bağlı müraciət etdi.
Ancaq artıq çox gec idi. Çünki bir tərəfdən Yunanıstan Türkiyəni özünün üzv olduğu Avropa Birliyində görmək istəmirdi və müraciətin təsdiqinə dərhal veto qoymuşdu. Digər tərəfdənsə, ideya müəllifləri də artıq Türkiyəyə ehtiyac hiss etmirdilər.
Çünki ideyanın yalnız formatı deyil, həm də hədəfləri və siyasi-ideoloji məzmunu dəyişmişdi. Yəni Avropa Birliyi ideyası xristian təəssübkeşliyi prinsiplərinə uyğunlaşdırılmışdı. Və bu prinsiplər Avropa Birliyinin “qapılar”ının Türkiyənin üzünə əbədi olaraq, qapadılması üçün yetərliydi.
Həmin dövrün üzərindən onilliklər keçdi. Avropa Birliyinin əsas aparıcı dövlətləri rəsmi Ankaraya bir çox şərtlərini qəbul etdirə bildilər. Ancaq Türkiyəni üzv qəbul etmədilər. Əsas bəhanə də Türkiyənin idarəçilik sisteminin və demokratik inkişaf tempinin Avropa Birliyinin standartlarına adekvat olmaması ilə bağlı idi.
Ancaq Avropa Birliyinin bu bəhanəsinin nə qədər tutarsız olduğunu sübut etmək o qədər də çətin deyil. Çünki həmin bəhanəyə paralel olaraq, Şərqi Avropa dövlətlərinin əksəriyyəti Avropa Birliyinə tam hüquqlu üzv qəbul olunmuşdu.
Bunlar həmin Şərqi Avropa dövlətləriydi ki, onilliklər boyu təmsil olunduqları totalitar sosialist ölkələr düşərgəsindən cəmisi bir neçə il əvvəl ayrılmışdılar. Və demokratiya ilə elementar bağlantısı belə, olmayan bu ölkələr, qapıları parlamentli respublika olan Türkiyənin üzünə qapadılan Avropa Birliyinin standartlarına uyğun hesab olunmuşdular. Yəni sırf xristian təəssübkeşliyi yenə ön plana keçmişdi.
Son proseslər isə bir daha sübut edir ki, 80 milyonluq müsəlman əhalisi olan Türkiyə Avropa Birliyinə sərfəli deyil. Yəni belə bir güc tam hüquqlu üzv olacağı təqdirdə, Avropa Birliyinin xristian təəssübkeşliyi prinsiplərini əhəmiyyətdən sala bilər. Çünki Avropa Birliyinə bağlı strukturlar üzv dövlətlərin əhali sayına adekvat olaraq, formalaşdırılır. Bu isə tam hüquqlu üzv olacağı təqdirdə, Türkiyənin Almaniya və Fransa ilə yanaşı, Avropa Birliyində üç aparıcı dövlətdən birinə çevriləcəyi anlamına gəlir. Üstəlik, yaxın gələcəkdə Türkiyənin Avropa Birliyində təkbaşına mütləq iradə sahibinə çevrilmə perspektivi də tamamilə realdır.
Bütün bunları nəzərə aldıqda, Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzv qəbul edilməməsinin səbəbləri tamamilə başadüşüləndir. Və yəqin ki, rəsmi Ankara Avropa Birliyinə üzvlük sevdasından artıq birdəfəlik imtina etməli olacaq. Əslində, rəsmi Ankaranın belə bir mövqeyə çox yaxın olduğu da artıq açıq-aşkar nəzərə çarpır.
Sadəcə, yekun qərarın verilməsi üçün Türkiyəyə etibarlı alternativ lazımdır. Və Türkiyənin belə bir alternativi tapmaq üzrə olduğu müşahidə edilir.
Məsələ ondadır ki, rəsmi Ankara Rusiya ilə yaxınlaşmaya xüsusi önəm verir. Bu yaxınlaşma hər iki dövlət üçün siyasi-iqtisadi, maliyyə-ticari və geopolitik perspektivlər vəd edir. Bir-birinə ehtiyacı olan hər iki dövlət də bu perspektivləri dəyərləndirməkdə həvəsli görünür.
Bu baxımdan, Türkiyənin ABŞ-la münasibətlərindəki ziddiyyətlər, o cümlədən də, Avropa Birliyi ilə “körpüləri yandırmaq” üzrə olması Rusiyanı məmnun edir. Çünki son illərdə Türkiyənin Rusiya üçün əhəmiyyəti durmadan artmaqdadır. Üstəlik, rəsmi Ankaranın Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiyadakı təsir rıçaqları Kremlin maraqları baxımından, cəlbedici faktorlar kimi görünür. Yəni rəsmi Ankara ilə yaxınlaşan Rusiyanın bu regionların türkdilli dövlətləri ilə daha asan dil tapa biləcəyi şübhə doğurmur.
Ona görə də, son vaxtlar Rusiya və Türkiyə arasında yüksək səviyyəli təmasların intensivləşməsi qətiyyən təəccüblü deyil. Belə ki, yaxın günlərdə iki ölkənin xarici işlər nazirlərinin, daha sonra isə prezidentlərinin görüşəcəyi bildirilir.
Bəzi məlumatlara görə, bu təmaslar Türkiyənin Avropadan tamamilə qoparılaraq, Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul etdirilməsinə hədəflənib. Və bunun Çin üçün də sərfəli yenilik ola biləcəyi iddia edilir.
Məsələ ondadır ki, həm Rusiyanın, həm də Çinin dünyanın siyasi iradə mərkəzinin Asiyaya daşınması uğrunda mübarizəyə başladıqları, bu istiqamətdə konkret addımlar atdıqları qətiyyən diqqətdən yayınmır. Türkiyənin də bu dövlətlərin sırasına qatılması həmin prosesi daha da intensivləşdirə bilər.
Belə anlaşılır ki, rəsmi Ankaranın Avropadan dışlanması Qərbin maraqlarına daha çox zərbədir. Yəni bundan Türkiyə deyil, məhz Qərb daha çox zərər çəkə bilər.
Bu isə Türkiyənin dünyanın iki önəmli qütbünün gələcək taleyi baxımından, açar dövlətə çevrilmək üzrə olması anlamına gəlir. Ona görə də, Avropa Birliyinin deyil, məhz rəsmi Ankaranın verəcəyi qərar dünyadakı mövcud müvazinətin pozulmasına və ağırlıq mərkəzinin dəyişdirilməsinə səbəb ola bilər.
Elçin XALİDBƏYLİ,
Musavat.com