Elşən Manafov: “Bunun üçün Rusiyanın bölgədən çıxması lazımdır”
ABŞ-ın yeni prezidenti Donald Trampın “sağ əli” kimi xarakterizə edilən, onun beynəlxalq təhlükəsizliklə bağlı müşaviri təyin ediləcəyi gözlənilən general Mayk Filinnin çıxışı Türkiyədə narahatlıqla qarşılanıb. General açıqlamasına “Mənim fikrimcə, kürdlər bu günə qədər rast gəldiyim ən qəhrəman toplumlardan biridir” deyə davam edib:
“Yaranacaq müstəqil Kürdüstan dövlətinə ABŞ və koalisiya ölkələrinin dəstək verməsi olduqca önəmlidir. Mənim fikrimcə, Orta Şərq yenidən düzənlənəcək və İraqla Suriya bütövlüyünü qoruya bilməyərək dağılacaq. Orta Şərqdə 3 və ya 4 yeni dövlətin yaranacağı qənaətindəyəm və gələcəkdə müstəqil bir Kürdüstan görəcəyimizi də söyləyə bilərəm”.
Bu açıqlamadan sonra bəlli olur ki, Amerika Birləşmiş Ştatları hələ də Orta Doğu layihəsində israrlıdır və Yaxın Şərqdə apardığı mübarizə də məhz bununla bağlıdır. Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Elşən Manafov bildirib ki, Trampın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə nəzərdə tutduğu Mayk Filin açıqlamasından belə məlum olur ki, Tramp heç də seçkiqabağı verdiyi vədləri yerinə yetirmək fikrində deyil:
“Bu açıqlama bir daha onu göstərir ki, Suriya probleminin həllinə Tramp Rusiya ilə konstruktiv əməkdaşlıq kontekstində yanaşmayacaq. Rusiya Suriyada Əsəd rejiminin legitimliyini tanımaq və problemin Suriyanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Əslində rəsmi Ankaranın mövqeyi əvvəllər ABŞ-la üst-üstə düşürdü. Bəşər Əsəd rejiminin legitimliyi tanınmırdısa, bu bölgədə digər kiçik dövlətlərin yaradılması mümkün variant idi. Amma Türkiyədə baş verən məlum iyul hadisələrindən sonra onların mövqeyi ABŞ-la müəyyən mənada üst-üstə düşmür. Türkiyə artıq Rusiya ilə daha konstruktiv münasibətlərə keçməsində maraqlıdır. Görünür, Trampın ABŞ prezidenti olmasında maraqlı olan tərəf onu inandıra bilib ki, Trampın xarici siyasətdə tezliklə inqilabı dəyişiklik etməsi mümkün deyil. Trampın belə yüksək vəzifəyə nəzərdə tutduğu şəxs yəqin ki, onunla razılaşıb bu cür bəyanatla çıxış edir. Bu da onu göstərir ki, ABŞ əsasən Yaxın Şərqdə və Orta Asiyada yeni dünya düzənilə bağlı maraqlarından geri çəkilmək fikrində deyil. Hərçənd Tramp bəyan etmişdi ki, prezidentliyinin ilk illərində əsasən ABŞ-ın daxili problemlərini həll etməyə və yaralarını sarımağa çalışacaq”.
Elşən Manafov əlavə edib ki, bütün bunlar ABŞ-ın geosiyasi maraqları çərçivəsində baş verir. Onun sözlərinə görə, Trampın seçilməsinin də ABŞ-ın bu maraqlarına təsiri olmayacaq: “Bütün bunlarla yanaşı bu günlərdə Ukrayna prezidenti Poreşenko belə bir açıqlama verdi ki, Trampla Krım məsələsini də müzakirə edib. Krım məsələsində Tramp və Poreşenkonun mövqeyi ondan ibarət olub ki, bu problem bütün hallarda Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu açıqlamalardan sonra bəlli olur ki, Klintonun prezident seçiləcəyi tədqirdə Rusiya ilə münasibətlərin daha da gərginləşəcəyini proqnozlşdıranlar Trampın da seçilməsində heç bir fərqin olmadığının şahidi oldular. Tramp Klintondan heç də fərqlənmir. Trampın seçkiqabağı səsləndirdiyi bəyanatlar hər halda seçki texnoloqlarını belə bir qənaətə gətirmişdi ki, əslində Tramp Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olacaq. Suriyada gedən mübarizədə də Tramp Rusiya ilə eyni mövqedən çıxış edəcəklər. Amma artıq məlum olur ki, Tramp da respublikaçıların Suriya ilə bağlı mövqeyindən geri çəkilə bilmir. Respublikaçılar partiyasında Makkeyn kimi qırğılar və ümumiyyətlə, bu partiyanın siyasi ideoloqu olan nüfuzlu şəxslər Trampı məhz məsələlərə bu maraqlardan yanaşmağa məcbur edir. Hesab edirəm ki, ABŞ-ın xarici siyasətində respublikaçılarla demokratlar arasında elə də ciddi fərq yoxdur”.
Ekspert hesab edir ki, bütün bunların fonunda Kürdüstan dövlətinin yaradılması mümkündür. Onun sözlərinə görə, ABŞ-ın Kürdüstan layihəsinin reallaşması üçün Rusiyanın bölgədən çıxması vacibdir: “Artıq bu açıqlamalardan sonra Suriya ərazisində Kürdüstan dövlətinin yaradılacağını demək olar. Amma hər halda düşünmürəm ki, Rusiya bu məsələdə geri çəkiləcək. Ən azı Suriya ərazisində Kürdüstan dövlətinin yaradılması üçün Rusiyanın bu ərazilərdən geri çəkilməsi vacibdir. Avropa Birliyinin ötən gün verdiyi bəyanatdan da məlum olur ki, Türkiyə xarici siyasətində ABŞ və Avropa ilə münasibətlərə yenidən baxa bilər. Amma Ərdoğan artıq Avropa Birliyindən çox Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqda maraqlı olduqlarını bəyan edir. Bu da onu göstərir ki, Ərdoğan, Putin və rəsmi Tehran Yaxın Şərqdə birgə mövqe sərgiləyə bilsələr, çox böyük ehtimalla ABŞ-ın geosiyasi layihəsi olan İraq Kürdüstanının yaradılması layihəsinin qarşısını ala bilərlər. ABŞ region dövlətləri arasında xüsusilə də Rusiya, Türkiyə və İran arasında çatın yaranmasına nail olsa, Türkiyə NATO və Avropa Birliyi ilə əvvəlki münasibətini bərpa etsə, o, zaman İraq Kürdüstanın yaranması və hətta Suriyanın bir neçə yerə parçalanması reallığa çevriləcək. Bu problemin realizə olunması üçün ABŞ ancaq region dövlətləri arasında münasibətlərin pisləşməsinə çalışmalıdır”.
Vilayət Muxtar
Cebhe.info