2017-ci ildə Azərbaycan neçə balla “silkələnəcək? - “İlin son bir ayında...”- GÖZLƏNTİLƏR

30-11-2016, 16:28   


Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün Xəzər dənizində iki yeraltı təkanın baş verməsi haqda məlumat yayıb. Yayılan məlumata görə, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib. Növbəti zəlzələ isə yenə də Xəzərdə, saat 05:10-da 3.0 maqnitudada, 46 km dərinlikdə baş verib.



Seysmoloji Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafikqızının Cebhe.info-ya bildirdiyinə görə, Xəzər dənizi Azərbaycanın seysmik baxımdan aktiv zonalarından biridir: “Aktiv zona üçün bu cür yeraltı təkanların baş verməsi qəbulolunandır. Burada seysmik olaraq artım və azalmadan söz gedə bilməz”.

Ekoloqların sözlərinə görə isə, 3 baldan yuxarı baş verən yeraltı təkanların ekoloji fəsadları böyük ola bilər. “Ekoyl” Elmi-Ekoloji Cəmiyyətinin sədri Müslüm Qurbanov Cebhe.info-ya bildirib ki, 3 baldan aşağı zəlzələlərin ekoloji baxımdan elə də ciddi fəsadları olmur. 3 baldan yuxarı qeydə alınan zəlzələlər isə ekoloji problem yarada bilir: “Zəlzələlərin baş verməsi ətraf mühitə ziyan vura bilər. Xüsusən də sahilətrafı ərazilərə ekoloji zərər dəyə bilər. Zəlzələ geomorfoloji prosesdir. Yerin strukturu ilə əlaqədar olaraq Azərbaycan ərazisində də seysmik zonalar var. 3 baldan yuxarı zəlzələ baş verərsə, ekologiyaya zərər dəyə bilər”.



Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə belə düçünür ki, xüsusən də 7 baldan artıq qeydə alınan yeraltı təkanlar ekoloji fəsadlar yarada bilir: “Lakin sevindirici haldır ki, ölkəmizdə bu cür zəlzələlər çox baş vermir. Məhz bu səbəbdən də ekoloji baxımdan fəsad yoxdur, neqativ hal baş verməyib”.

Bəs görəsən seysmik aktivlik gələn il necə olacaq? Ölkədə dağıdıcı zəlzələlər gözlənilirmi?



Bu sualları cavablandıran bioenergetik Rafiq Cərullayevin sözlərinə görə, ötən il Avropa və Asiyada müxtəlif səpkili zəlzələlərin baş verəcəyi ilə bağlı proqnozlar özünü doğruldub. Həmçinin Azərbaycanda bu il seysmik aktivliyin nəzərə çarpacağı ilə bağlı gözləntilər vardı.

Davamlı olaraq Xəzərdə baş verən yeraltı təkanlar bu gözləntiləri doğrultdu. R.Cərullayev deyib ki, ilin son bir ayında da xırda zəlzələlər baş verəcək. Amma bu zəlzələlər dağıdıcı olmayacaq: “Ölkəmizin seysmoaktiv zonalarında zəlzələlər gözləniləndir. Lakin 2017-ci illə bağlı hələlik heç bir məlumat almamışam. Dağıdıcı zəlzələlərin baş verib-verməyəcəyi ilə bağlı hələ ki, heç bir məlumat verə bilmirəm”.

Nigar Məhərrəm
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar