18-ci əsrin əvvəllərində düşməni uzaq məsafədən gizli və öldürücü silahla, vudu ayini ilə məhv etməyin yollarını Bakıda bilənlər varmış
19-cu əsrin əvvəllərində Çar Rusiyasının ikiyüzminlik nəhəng ordusu Qafqaz dağlarını aşaraq Azərbaycan ərazisinə daxil olur. Qacar sülaləsinin, xanlıqların azsaylı, nizamsız ordu hissələri, bu nəhəng dəmir axarın qarşısında tablamayıb, geriyə çəkilməyə başlayır. Knyaz Pavel Sisianovun rəhbərliyi ilə rus ordu hissələri tezliklə Gəncə, Şamaxı xanlıqlarının müqavimətlərini qırıb, Bakıya yaxınlaşırlar. Qacar sarayını həyəcan bürüyür.
Hamı səsini içinə salaraq Fətəli Şahla Abbas Mirzə Qacarın cavab olaraq nə edəcəyini gözləyir. Bu vaxt dərvişlər, qələndərlər, kəşfü-kəramət sahibləri də saray divarları arasında görünürlər. Pıçhapıç, şayiələr ətrafı bürüyür. Qacar dövləti, ruslara, knyaz Pavel Sisianova qarşı ən məxfi, ən öldürücü, mükəmməl gizli silahı işlətmək qərarını verir. Qapılar açılır, örtülür. Pərdələr yuxarı çəkilir. Öz dövrünün ən mükəmməl məxfi silahı istifadə üçün aşkara çıxarılır. Zaman gözləmək bilmir, müharibə kabusu hamını tələsdirir. Qacar sarayı sükuta dalıb yeni silahdan xoş xəbərlər, müsbət nəticələr gözləyir.
***
Gürcü əsilli çar generalı Pavel Sisianov ona qarşı işlədiləcək öldürücü məxfi silahdan tam məlumatsız idi. Məlumatı olsaydı, bəlkə də özünü yığışdırar, həmvətənlərimizi bu qədər amansızlıqla qətlə yetirməzdi. Ancaq hələlik o, bu silahdan xəbərsizdir. Şirvan çölündə Bakıya doğru irəliləyir. Hardan bilsin ki, bu onun son səfəri olacaq və tarix onu öz salnamələrinə Bakı fatehi kimi qeydə almayacaqdır.
Qısa məlumat
Pavel Dmitriyeviç Sisianov - gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı. 1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində öldürülüb. Pavel Sisianov 1754-cü ildə, 9 və ya 20 sentyabr tarixində Rusiya İmperiyasının Moskva şəhərində məskunlaşmış gürcü ailəsində anadan olub. 1796-cı ildə o, imperatriça Yekaterinanın razılığını alıb qraf Zubovun başçılığı altında Cənubi Qafqazın işğalı üçün yola düşür. 1797-ci ildə istefaya çıxır, lakin çar I Aleksandrın hakimiyyəti dövründə yenidən xidmətə daxil olur. 1802-ci ildə Həştərxanın hərbi qubernatoru, az sonra Rusiya Qafqaz piyada qoşunun inspektoru təyin edilir. 1803-cü ildə Rusiyanın tərəfinə keçmiş etnik gürcülərdən təşkil olunmuş 4500 nəfərlik könüllü qoşunla Tiflisə hücum edir. Gürcüstanı ələ keçirdikdən sonra fəaliyyətini Azərbaycan ərazisinə keçirir. 1804-cü ildə Gəncə xanlığını işğal edir və Cavad xanı qətlə yetirir. Bu işğala görə ona piyada generalı rütbəsi verilir. Sisianov bir neçə Azərbaycan xanlığını işğal edib. Onların arasında Gəncə, Şamaxı, Şəki və Qarabağ xanlıqları var.
***
O gərgin günlərdə, Qacar şahı Fətəli şah, vəliəhd Abbas Mirzə hadisələrin faciəli axarını önləmək qərarına gələrək saraya məşhur kəşfü-kəramət sahibi, Şeyx Mirzə Məhəmməd Əxbarini dəvət edirlər. Sisianov ordusuna qarşı işlədiləcək möcüzəli silahın ixtiyarı indi onda idi. Tariximizə qızıl həriflərlə yazılacaq bu epizoda xalq yazıçısı Elçin özünün son “Baş” romanında müraciət edib. Romanın əsas süjet xəttini bu sirli, izahsız hadisə üzərində qurub. Tənqidçi Əsəd Cahangir roman haqda görün bir nə deyir: "“Baş”ın fabulasında gürcü mənşəli rus generalı Sisianovun Bakının qoşa qala qapıları önündə öldürülməsi, sonra başının kəsilib Qacar şahı Fətəliyə ərmağan göndərilməsi ilə bağlı məşhur tarixi olay durur".
***
Beləliklə, Qacar hökmdarları düşmənə qarşı ən amansız, məxfi silahlarını işə salırlar. Şeyx Mirzə Məhəmməd Əxbari, Şah Əbdüləzim məscidindəki bir çiləxanaya çəkilir. Sisianovun mumdan kiçik heykəlini yapır. Sonra bu heykəlin başını bədənindən ayırır. Bütün bunlar indi dünyada məşhur olan vudu mistikasını yada salır. Uzaq məsafələrdəki hədəfləri qətlə yetirmək baxımından bu mistik cərəyanın indi də dünyada əvəzi yoxdur. Dünya kinematoqrafı vudu ayinlərini, yəni hədəfi uzaqdan-uzağa məhv etmək hünərini dəfələrlə özünə mövzu seçib. Belə filmlərdən ən dəyərlisi məşhur rejissor Alan Parkerin “Mələyin ürəyi” (“Angel Heart”) kinofilmidir. Qanlı vudu ayinlərinin burdakı təsvirlərini diqqətlə nəzərdən keçirin. Vaxtilə Mirzə Məhəmməd Əxbari də məhz bu cür oxşar ayinlər həyata keçirib axı.
***
Adına “əməl” deyilən ayinlərin çiləxanadakı icrası axır öz işini görür. Tarixi salnamələr baş vermiş möcüzə barədə müxtəlif ziddiyyətli fikirlər söyləyirlər. Ancaq baş vermiş möcüzənin miqyası indi də hamını təəccübləndirir. Yaxşı, nə baş verib o zaman Qoşa qala qapıları önündə? Niyə iyirmi minlik rus ordusu qəfil çaşıb bu zaman? Bayraqlarını, toplarını ataraq Bakı qalası önündən qaçıb gedib? Hansı dəhşət, hansı faciə onları bu hərəkətə sövq edib axı?
Unutmayın, Şeyx Mirzə Məhəmməd Əxbari knyaz Sisianovun qətlində xəncər, bıçaqdan deyil...yox...çiləxana fenomenindən istifadə edib yalnız. Yaxşı, “çiləxana” nədir belə? Doğrudanmı çiləxana vasitəsilə uzaq məsafələrdəki hədəfləri dağıtmaq, qətlə yetirmək mümkündü?
***
Müasir bioloji insan çoxdan tükənib. Bunu ilk dəfə hələ qədim Şərq sufiləri hiss ediblər. Qərara gəliblər yeni insan modelini yaratsınlar. Təcrübələr üçün adına “çiləxana” deyilən tam qapalı, qaranlıq ünvanlardan istifadə edilib. Yeni məzmun qazanmaq, yenilənmək naminə dərvişlərimiz bu cür çiləxanalarda əvvəl 3, sonra 7, 12, 40 gün tək-tanha qalaraq çilə çıxarıblar. Müasir elm, məşhur qerantoloq Vladimir Xavinsonun araşdırmaları əsasında sübut edir ki, burda təəccüblü, uydurma heç nə yoxdur. Uzun zaman qaranlıq, qapalı ərazidə qalsan, beynində melotonin maddəsinin ifrazı artacaq. Nəticədə beyindəki passiv bir üzv-bəsirət gözü, yəni “epifiz” aktivləşəcək.
Bu yolda ilk sufi təcrübələrini əvvəlcə Azərbaycan alimi Şahabəddin Sührəvərdi aparıb. Onun “Həyakil ən-nur” (İşıq hekayələri) əsərində bu təcrübənin canlı, mistik praktikası öz əksini tapır. Sufilərdə belə elmə “hikmətül- işrak” da deyilir. Sonralar bu dəyərli təcrübənin taleyi, belə deyək “keçici bayrağı”, keçir məşhur Xarəzm mistiki Nəcməddin Kübranın ixtiyarına. Onun “Fəvatüh əl- camal və fəvatüh əl-cəlal” əsərində çiləxana təcrübəsi özünün ən yüksək pilləsinə qalxır. Daha sonralar bu mistik təcrübə yenidən Azərbaycana qayıdır. Xəlvətiyyə təriqətinin simasında Şirvanşahların bir növ dövlət ideologiyasına çevrilir. “Səcdəni namazın xəlvətiyyəsi” bilən işraqiyyə dərvişlərindən bizə çatan miras Şirvan, Bakı ərazilərindəki qədim çiləxanalardır.
Xəlvətiyyənin ikinci şeyxi sayılan Seyid Yəhya Bakuvinin məzarı, çiləxanası indi Bakıda, Şirvanşahlar ərazisində yerləşir. Şeyxin “Virdü-Səttar”, “Şifaül-əsrar”, “Kəşfül-qülub” kimi çox saylı əsərlərini öyrənmədən çiləxana fenomenini indi anlamaq mümkün deyil.
***
Çiləxanalar adətən bir deyil, qoşa olur. Müridlərdən biri tutaq ki, Qumdakı Şah Əbdüləzim çiləxanasında oturur, digəri misalçün, İçərişəhərdəki Şeyx Yəhya Bakuvi çiləxanasında. İki mürid arasında telepatik əlaqə quruldumu, vəssalam, əməliyyat demək artıq hazırdı.
Şeyx Mirzə Məhəmməd Əxbari, məncə, Sisianovu qətlə yetirərkən oxşar “psitexnologiya”lardan istifadə edib. Əyləşdiyi çiləxanadan Bakıya, Şeyx Yəhya Bakuvi çiləxanasında oturmuş mürüdünə telepatik əmr və güc göndərib.
***
Bax bu andan etibarən əməliyyatın ikinci hissəsi start götürür. Telepatik gücü alan mürid əvvəlcə öz ətrafında “enerji fırtınası” yaradır. Bu zaman o, gərək havada salto vura-vura öz qurbanına doğru elə sürət götürsün ki, day ayaqları bir də yerə dəyməsin. Unutmayın, bu, çox vacib bir şərtdi. Çünki ayağını yerdən üzüb havada salto vuran müridin bədəni bu zaman “enerji fırtınası” faktını qazanır. Sonrakı bircə həmləsi ilə qurbanını özü ilə cəhənnəmə dartıb aparır.
***
Sisianovun qətlində özünü doğruldan bu cür psixotexnologiyalardan sonralar Qafqaz qazavatı zamanı daha da geniş istifadə olunur. Xəlvətiyyə təriqəti üzvləri Şeyx Şamillə Qazi Məhəmmədin bu sahədəki təcrübəsi tarixi salnamələrində də özünə yer tapıb. (Çiçiqov, “Şamil Qafqazda və Rusiyada” kitabından, Sankt Peterburq, 1889, səh. 23).
Mənbəyə görə, çiləxanaya çəkilmiş xəlvətiyyə müridləri əvvəlcə öz aralarında telepatik əlaqə qurmalıymışlar. Əlaqə quruldumu, vəssalam, artıq Allah-təalayla irtibata keçib ondan ilahi güc almaq olarmış. Ötən əsrin əvvəllərində Dağıstandakı Axtı çiləxanasına çəkilmiş Şamillə Qazi Məhəmməd bir də gözlərini açıb görürlər ki, dörd tərəfdən rusların mühasirəsindədirlər.
Burda sözü verək tarixi salnamələrə: Qazi Məhəmməd Şamilə dedi: Burda qalsaq, hamımızı qıracaqlar. Biz də düşmənə ziyan vurmadan tələf olacağıq. Yaxşısı budur, eşiyə çıxaq, mühasirəni yarmağa cəhd göstərərək, şəhid olaq. Bu sözləri deyən kimi Qazi Məhəmməd papağını gözləri üstə çəkdi, qapıdan eşiyə sıçradı. Qapını kəsmiş rus əsgəri daşla onu peysərindən vurdu. Qazi Məhəmməd yerə sərilən kimi əsgərlər onu süngü ilə dəlik-deşik etdilər.
Növbə gəlir çatır Şamilə:
“Qapını kəsmiş iki rus əsgəri tüfənglərini atəşə hazır vəziyyətdə irəli uzatmışdılar. Şamil bircə göz qırpımında qapıdan irəli sıçradı, havada mayallaq aşaraq əsgərlərin arxasında yerə enməyi bacardı. Əsgərlər arxaya dönməyə vaxt tapmamış Şamil onların ikisini də xəncəri ilə param-parça etdi. Qaçmağa cəhd göstərən üçüncü əsgəri Şamil bir an təqib edib qılıncıyla yerə sərdi. Bu vaxt dördüncü əsgər tüfənginin süngüsünü Şamilin sinəsinə sancdı. Süngünün ucu Şamilin kürəyindən eşiyə çıxdı. Ancaq bu, sanki Şamilə təsir etmədi. O, sağ əlinin bircə cəld hərəkəti ilə süngünü sinəsindən çıxardı. Solaxaylığından istifadə edərək gözlənilmədən dördüncü əsgəri də xəncəri ilə doğradı. Sonra başladı qılıncıyla sağa-sola saysız zərbələr endirməyə. Əsgərlər psixoloji cəhətdən artıq özlərini itirmişdilər. Şamilin şücaətini görüb, yerlərində lal-dinməz dayanmışdılar. Əsgərlər Şamili dörd tərəfdən əhatəyə alsalar da atəş açmağa ehtiyatlanırdılar. Qorxurdular açılan güllələr özünkülərinə dəysin. Bu da Şamili labüd ölümdən qurtardı. (Çiçiqov, ”Şamil Qafqazda və Rusiyada" kitabından, Sank Peterburq, 1889, səh. 23.)
***
Oxşar fenomenal möcüzə 1806-cı ilin 8 fevral tarixində Bakının Qoşa Qapı darvazası önündə də yaşanılıb, məncə. Seyid Yəhya Bakuvi çiləxanasında oturmuş xəlvətiyyə müridi, çiləsinin 38-ci günü, qəfil Şeyx Əxbaridən öz ünvanına göndərilmiş telepatik mesaj alıb, sakitcə öz yerini tərk edir. Damların üstüylə atıla-atıla, havada salto vura-vura şığıyır ey aşağıdakı Sisianovun üzərinə.
Sonra, Şekspir demiş, araya sükut çökür. İyirmi minlik rus ordusu bayraqlarını, toplarını Qoşa Qapı darvazası önündə yerə ataraq dabanına tüpürüb qaçır ey düz Həştərxana qədər. Sonrakı səkkiz ay ərzində Qafqazdakı bütün kənd-obalar üsyana qalxıb rus işğalçılarını ölkəmizdən çıxarırlar.
Yazıçı Elçinin “Baş” romanındakı oxşar epizodlar barədə tənqidçi Əsəd Cahangir görün bir nə deyir: “Knyazın cahangirlik ideallarının sonucu isə o olur ki, qəssab Balarza onun başını öz ət kötüyünün üstündə kəsəndən sonra ”Həyif ondan! Yaxçi kötük idi, zay oldu!" deyir. Qəssabın zahirən bayağı səslənən, amma altında bir kitablıq mətləb gizlənən sözlərindən sonra dünyanın faniliyi, cahangirlik iddiasının absurdluğunu əks etdirən bir lövhə gəlir: “Kötük isə eləcə Qoşa Qala Qapısının qabağında qaldı və bir müddətdən sonra o qış çağı hardansa bir qarğa uçub kötüyün üstünə qonaraq, knyaz Sisianovun boğazından axıb kötüyün üstündə laxtalanmış qanı dimdikləməyə başladı...”
***
Kəramət sahibi Şeyx Mirzə Məhəmməd Əxbari isə bu əməlindən sonra Qacar sarayının qəzəbinə tuş gəlir. Kimsə Fətəli şah Qacarın qulağını doldurur ki, bəs Sisianovu cəhənnəmə göndərən bu şeyx, kim bilir, bir gün oxşar əməllə səni də gəbərdə bilər.
Fətəli xanın növbəti fərmanıyla Şeyx Əxbari saraydan uzaqlaşdırılaraq uzaq Sistana sürgün edilir. Deyilənə görə, şah casusları onu yuxudaykən izləməkdən belə çəkinməyirmişlər.
***
Oxşar psixotexnologiyalardan Avropada indi “parkur” adlı idman növündə geniş istifadə olunur. Mayallaq aşa-aşa, havada salto vura-vura parkurçular öz ətraflarında xüsusi ilahi enerji fırtınası yaradır, sonra bu fırtınanı öz bədənlərinə hopdururlar. Fırtanın düz mərkəzində qərar tutunca misilsiz möcüzələr etməyə başlayırlar. Ağaclar, divarlar, damlar, məhəccərlər, sürahilər parkurda maneə sayılmır-əksinə, tramplin rolunu oynayır. Parkur fanatları “treyser” adlanır. Onlar düzgün qidalanmalı, ruh və bədən arasında müvazimət yaratmalıdırlar. Uçmaq, qanadlanmaq, yaxud Sisianov kimi bir başqa zalımı qətlə yetirmək də yalnız bu hallarda mümkün olur.