Əjdər Ağayev: “Təhsilə ödəniş tətbiq etmək insafsızlıqdır, ədalətsizlikdir”
Azərbaycanda məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər. Bu barədə Milli Məclisin komitə iclasında 2017-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. "Böyük maliyyə vəsaitlərini cəlb etmək imkanına malik qurumlarda korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da ölkə prezidentinin apardığı siyasətdir. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətirib çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər" - nazir qeyd edib.
Samir Şərifov bildirib ki, musiqi məktəblərinin müştərək maliyyələşmə prinsiplərinə də baxıla bilər: "Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrə başlamışıq. Musiqi məktəblərində də müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər. Bir hissəsi dövlət və bir hissəsi maraqlı valideynlər tərəfindən ola bilər. Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun, yəqin ki, cüzi də olsa bu prosesdə iştirak etməlidir".
Birincisi, Azərbaycanda dövlət bağçalarının sayı uşaqların sayına adekvat deyil. Digər tərəfdən Təhsil Nazirliyinin məktəbə hazırlığın təşkili qaydalarına əsasən beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
Hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və hökumətin 2012-ci ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədlərlə tənzimlənir. “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan başlayır, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır.
Ekspertlər hesab edir ki, əgər dövlət uşaq bağçalarını ödənişli edərlərsə, aztəminatlı ailələr öz övladlarının ora qoymaqdan imtina edəcək. Nəticədə Təhsil Nazirliyinin tələblərindən biri pozulmuş olacaq. Məktəblərin hamısında heç də o şərait yoxdur ki, bütün uşaqları məktəblərdə məktəbəqədər hazırlıq qrupuna cəlb etsin. Nazir çıxışının mahiyyətində bu durur ki, bağçalar, məktəblər 50 faiz dövlət büdcəsi hesabına maliyyələşsin, 50 faiz də valideynlər tərəfindən ödənilmiş vəsait hesabına. İlkin versiyalara görə, hökumət bu addımı atmaqla dövlət uşaq bağçalarını ödənişliyə çevirmək istəyir. Baxmayaraq ki, dövlət uşaq bağçaları ödənişsizdir, amma bütün valideynlər ayda ən azı 20 manat pul ödəyir. Müəllimlərə əlavə “hörmət” də öz yerində. Paytaxt Bakıda uşaqların 49 faizinə çatacaq qədər bağça var. Ehtimal olunur ki, uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq olunaraq həmin 20 manat,yəni rüşvət rəsmiləşdiriləcək. Amma eyni zamanda rəsmi ödənişlə yanaşı həm də rüşvət saxlanacaq. Başqa sözlə, valideyn uşağını bağçada təlim-tərbiyəsi üçün həm rüşvət, həm də rəsmi ödəniş etmək məcburiyyətində qalacaq. Bu addım isə əhalidən pul yığmağa hesablanıb. Təklif olunan dəyişiklik isə əhalinin gəlirlərinə adekvat deyil
“Xalqın inamını bərpa etmək lazımdır”
Təhsil Şurasının sədri Əjdər Ağayev “Cümhuriyət” qəzetinə bildirib ki,“Təhsil qanunu” təhsil sahəsində fəaliyyətimizin əsas qanunudur:
“Bu qanunda göstərilir ki, dövlət vətəndaşların təhsil almaq hüququnu həyata keçirir. Hətta orda yazılıb ki, dövlət tərəfindən keçirilən təhsil həm icbaridir, həm də pulsuzdur. Bu qanunun qəbulundan sonra ölkədə iqtisadi baxımdan müəyyən dəyişikliklər baş verir. Son illər ölkədə maliyyə çətinliyi hiss olunmaqdadır. Amma bütün bunlara baxmayaraq təhsil elə bir sahədir ki, valideyn hesabına ödənişlər hesabına nəisə qurmaq nə sərfəlidir, nə də perspektivlidir. Hələ 1941-45-ci illərdə Azərbaycanda məktəbəqədər təhsil də işləyirdi, məktəb də işləyirdi. Müəllimlər orduya getmişdi, orta məktəbi yeni bitirənlər müəllimlik edirdi. Hətta o zaman pulsuz konfranslar keçirilirdi ki, xalq ruhdan düşməsin. Bütün fəaliyyətlərdə xalqın gələcəyə inamını təmin etmək lazımdır. Xalqın inamı varsa, orda yüksəliş var, inam qırılarsa, orda yüksəliş olmur. Buna görə də təhsil sahəsi müəssisələrinin bütünlüklə bazar münasibətləri şəraitində hamıya aid müştərək və yaxud tək ödənişli həyata keçirilməsi inamı qırır. Burda müəyyən qrafalar olmalıdır. Bəlkə də var, amma bizə məlum deyil. Ölkədə varlı, orta bir də kasıblar sinfinin nümayəndələri var. Varlı insanlar pul verib öz uşaqlarının təhsil təminatlarını həyata keçirir. Qaldı ki, orta və kasıb adamlara gündəlik necə dolanacağını fikirləşir. Ölkədə bütün kommunal xidmətlərin, dərman preparatlarının qiyməti qalxıb. Bunlar böyük problemlərdir. Üstəlik təhsilə də ödəniş tətbiq etsələr bu, insafsızlıqdır, ədalətsizlikdir, qanunun pozulmasıdır”.
Ekspert qeyd edib ki, səslənən təklif hələlik maliyyə nazirinin mövqeyidir. O hesab edir ki, məsələyə açıq gözlə, siyasi baxımdan fərasətlə baxan Milli Məclisin deputatlarıtənzimləmə aparacaq: “Təhsil ona görə ümumidir ki, bütün regionlarda və bütün sinifdən olan insanların təhsili olsun və onlar bir-birini başa düşə bilsin. Yüksək səviyyəli insan aşağı səviyyəlini lazımi keyfiyyətə malik olmadığına görə, o birisi vurub əzə bilər. Ölkədə siyasi əhvalın sabitlik durumunun yaradılması üçün təhsilin ümumiliyi vacibdir. Təhsildə dövlət büdcəsi imkanlarından istifadə əsasdır. Buna görə də düşünüb daşınmaq lazımdır.Nazirlər elə düşünməlidir ki, narazıçılığa yer olmasın. Səslənən təkliflər yenidən nəzərdən keçirilməlidir. Hamı üçün optimal olan bir variant təklif olunmalıdır”.
“Direktorlar var ki, təmənna umurlar”
Məlumat üçün bildirək ki, hər il dövlət büdcəsindən məktəblərə müəyyən xərclər üçün 500-600 manat civarında vəsait ayrılır. Buna baxmayaraq yenə də süpürgə pulu, fond pulu və sair yığılır. Maraqlıdır, bağçalara vəziyyət necədir? Əjdər Ağayev bildirib ki, bağçalarda vəziyyət fərqlidir. Nəzərdə tutulan vəsait orta məktəblərin hamısına verilmir: “Bu məsələnin özündə də bir anormallıq var. Qərarda var ki, həmin vəsait ödənilsin. Amma bəzən həmin vəsait məktəblərə gedib çatmır. Buna görə də məktəblər zərurətdən irəli gələn məsələlərə özləri baxır. Yeni təyin olunmuş direktorlar heç bir neqativ hala yol vermir. Valideynlərdən təmənnalıq gözləmədən işləməyə çalışırlar. Amma həmin vəsait də çatmayanda böyük əziyyət çəkirlər. Amma elə məktəb direktorları da var ki, onlar 500 manatlıq vəsaiti də alırlar, üstəlik valideynlərlə əlaqə saxlayıb müəyyən təmənna umurlar. Bizim həm uşaq bağçalarımız, həm də ümumtəhsil məktəblərimiz ciddi nəzarət altında deyil. Burda nə dövlət, nə də vətəndaş nəzarəti var, xaos vəziyyət yaranıb. Məsələyə dövlət səviyyəsində yanaşılıb sistemə salınması təşkil olunmalıdır”.
Təhsil Şurasının sədri əlavə edib ki, qanunda uşaq bağçasının gəlirli fəaliyyəti göstərə bilməsi barədə müddəa var: “Uşaq bağçasında da gəlir ola bilər?! Qanunun özündə qaydaya salınmalı kifayət qədər müddəalar var. Bağçalar müxtəlif tədbirlər həyata keçirdir. O da məlumdur ki, uşaq bağçalarında çox az əməkhaqqı var. Bir var kiminsə cibinə girib çıxarasan, zor tətbiq edəsən, bir də var ki, valideynlər yığışıb qrup halında adama 25-30 manat verib tədbir keçirdirlər. Bu, hər bir təhsil müəssisəsində mümkündür. Eyni zamanda bu, valideyn şurasının qərarı ilə olur. Amma valideynlər bağçaya 100 manata qədər vəsait ödəyir. Təbii ki, onlar cinayət işi görür”.
Yeganə Oqtayqızı
Cebhe.info