Onlar sabitliyə təhlükə yarada bilərmi?
Tural İrfan: “Vəhabilərin elə bir təhlükəli cərəyanı var ki, onlar heç namaz da qılmırlar”
Elşad Miri: “Çıxış yolu yalnız maarifləndirmədən keçir”
Qeyri-ənənəvi təriqətlərlə bağlı narahatlıqlar artır. Hüquq- mühafizə orqanları artıq bir neçə dəfə vəhabi kimi tanınan radikal islamçılara qarşı əməlliyyat keçirib. Bu təriqətin nümayəndələri sabitliyə təhlükə yarada bilərmi?
“Onlar əqidələrini gizlədərək fəaliyyət göstərirlər”
İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda vəhabiliyin mövcudluğu aidiyyatı qurumlar tərəfindən etiraf olunmur: “Bəziləri deyir ki, vəhabilər yoxdur, onlar səlafidirlər və din azadlığı olduğu üçün biz onları ittiham edə bilmərik. Amma problem ondadır ki, vəhabi adlandırılan cərəyanın təmsilçiləri özlərini gizlətdikləri üçün daha təhlükəlidirlər. Vəhabidemir ki, mən vəhabiyəm, sadəcə deyirlər ki, biz müsəlmanıq. Məsələ budur ki, onlar özlərini müsəlman adlandırıb, əqidələrini gizlədərək fəaliyyət göstərirlər.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi qeydiyyata alanda icmanın hansı təriqətə mənsub olduğunu dərindən araşdırmır. Dini qurumlara nəzarət edən qurumlar ölkənin dini təhlükəsizliyini nəzarət altında saxlamalıdırlar, əgər saxlaya bilmirlərsə dövlətin müvafiq güc strukturlarına müraciət etməlidirlər. Əgər hansısa məsciddə axund yoxdursa, ora zərərli dini icmaların yığışması təbiidir. Özlərini gizlədən dini təriqətlərin mənsublarının sayı bilinəndən 5 dəfə çox da ola bilər. Vəhabilərin elə bir təhlükəli cərəyanı var ki, onlar heç saqqal da saxlamırlar, namaz qılmırlar. Onlar deyirlər ki, biz islam dövləti qurandan sonra bu ibadətlər bizlərə vacib olacaq. Onların da qarşısında duran ilk məsələ hakimiyyət çevrilişi etməkdir”.
Tural İrfan axund və imam təyinatları zamanı yerli kadrlara üstünlük verilməsini vacib sayıb: “Bakı İslam Universitetində təhsil alan nəinki qızlar, heç oğlanların da böyük əksəriyyəti işlə təmin olunmur. Mən özüm həmin universiteti qırmızı diplomla bitirmişəm. 4 ildir müvafiq qurumalara rəsmi və qeyri-rəsmi müraciət edirəm. Məni bu günə qədər heç bir işlə təmin etməyiblər. Bakı İslam Universitetini milli ruhda təhsil almış ilahiyyatçılarını məscidlərə təyin etmirlər. Ona görə də məzhəb qarşıdurmaları yaranır. Vəhabilər də bundan yararlanırlar və o boş qalan yerlərə dolurlar. Nə vaxt Bakı İslam Universitetinin tələbələrini axund təyin etdi ki, onlar da getmədi? Mənim öz tələbə yoldaşlarım var ki, 20 dəfə müraciət etmələrinə baxmayaraq onları heç öz kəndlərinə belə axund təyin etməyiblər. Amma onların yerinə İranda, Suriyada, Ərəbistanda 6-7 ay kurs keçmiş şəxslər kiməsə bağlı olduğu üçün axund təyin olunurlar”.
“Təkcə vəhabilərlə iş bitmir...”
İlahiyyatçı Elşad Miri isə çıxış yolunu maarifləndirmə işinin gücləndirilməsində görür.
Onun sözlərinə görə, təhlükə tək Ərəbistandan gələn vəhabilərlə bitmir, bura İran və Türkiyədən gələnləri də əlavə etmək lazımdır: “Bu gün maarifləndirmə işini gücləndirməsək, məktəblərdə, multimedia, internet resursları vasitəsilə düzgün dini təbliğat aparmasaq, təbii ki, bunu əvəzləməyə başqaları curət tapıb səylərini davam etdirəcəklər. Bu təkcə vəhabilərə aid deyil, həm də digər qruplaşmalara da aid olan bir məsələdir. Yəni, bu gün bir tərəfə radikal, digər tərəfi yumşaq yanaşmaq da düzgün deyil.
Çalışmaq lazımdır ki, bu hərtərəfli olsun. Bu gün insanlar daha çox sosial şəbəkələrdən istifadə edirlər. Bu baxımdan da güclü təşkilatlanıb, maarifləndirmə işini yaxşı qurmaqla yanlış yolda olan şəxsləri düzgün yola çəkmək lazımdır. “Caal Center”lər olmalıdır ki, insanlar onları düşündürən suallara cavab tapsınlar. O, cavablarla da digərlərinin qarşısına çıxa bilsinlər, onların dedikləri qarşısında məğlub olmasınlar. Bunun çıxış yolunu bunda görürəm”.
Vilayət Muxtar
Cebhe.info