İlham Əliyev sərəncam imzaladı

16-12-2016, 19:04   

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə baş vermiş hadisə zamanı itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də tapşırılıb ki, hadisə nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə də hadisə nəticəsində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirmək, hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, tabeliyində olan müəssisələrdə obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırsın və aşkar edilmiş nöqsanları aradan qaldırmaq tapşırılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğuna da baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək tövsiyə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar