Amerikada seçkilər noyabrın 8-də keçirilsə də, hələ də müzakirələr bitməyib. ABŞ prezidenti Barak Obama seçkilərin sürpriz nəticəsi ilə bağlı son mövqeyini açıqlayıb.
Cebhe.info xəbər verir ki, B.Obama keçirdiyi mətbuat konfransında səslərin düzgün sayıldığını vurğulayıb: “Səslər bütün qaydalara uyğun olaraq düzgün sayılıb. Bizim səsverməyə müdaxilə edildiynə dair heç bir sübutumuz yoxdur”.
2016-cı ildə son mətbuat konfransını keçirən Barak Obama bununla belə kiberhücumla bağlı bir çox dəlillərin diqqətdən qaçırılmayacağını deyib. Bu hücumlar əcnəbi hakerlər tərəfindən edilib.
Prezident həmçinin qeyd edib ki, aparılan təhlillər bu hücumların Rusiyadan edildiyini söyləməyə əsas verir. Söhbət əsasən seçki öncəsi demokratların namizədi Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın yazışmalarının ictimaiyyətə açıqlanmasından gedir.
Qeyd edək ki, dekabrın 19-da Seçicilər Kollegiyası yekun səsvermə keçirəcək. Əgər həmin səsvermədə Donald Tramp 270 səs toplaya bilsə, ABŞ-ın legitim prezidenti olmaq hüququ qazanacaq. Viskonsin, Miçiqan və Kaliforniya kimi ştatlarda səslərin mübahisəli sayılmasına dair Hillari Klintonun iddiası təmin olunarsa, o zaman seçkinin nəticələri dəyişə bilər.
Ekspertlərin fikrincə, Seçicilər Kollegiyası Donald Trama səs verməsə, bu, dünya tarixində ən qalmaqallı seçkilərdən biri ola bilər. Prezident Barak Obama isə səslərin sayılmasında problem olmadığını deyib. Amma hazırki dövlət başçısı “səslərin sayılması” dedikdə ümumi seçicilərin sayını, yoxsa Kollegiya üzvlərinin səsverməsini nəzərdə tutduğunu açıqlamayıb. Barak Obamanın sadə seçicilərin səslərini nəzərdə tutduğu güman edilir.
Yəni, ABŞ prezidenti Hillari Klintona verilmiş 2 milyona yaxın artıq səsin düzgün sayıldığına, problemin Seçicilər Kollegiyasındakı səsvermənin nəticələri ilə bağlı olduğuna işarə edib. Xatırladaq ki, B.Obama Mərkəzi Kəşfiyyat İdarəsinə seçkilərə başqa dövlətlər tərəfindən kibermüdaxilələrin olub-olmadığını araşdırmaq tapşırıb. Seçicilər Kollegiyasının dekabrın 19-da keçiriləcək yekun səsverməsi zamanı MKİ-nin rəyinin əsas götürüləcəyi gözlənilir.
ABŞ prezidenti bildirib ki, G-20-yə daxil olan dövlətlərin Çində keçrilmiş zirvə toplantısı zamanı rusiyalı həmkarı Vladimir Putinə seçki proseslərinə müdaxilənin yolverilməzliyi və həmçinin bu cür hərəkətlərin cavabsız qalmayacağına dair xəbərdarlıq edib.
Lakin B.Obama haker hücumlarının H.Klintonun məğlubiyyətinə təsir göstərməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Buna baxmayaraq, ABŞ-ın dövlət adminstrasiyasının bir sıra nümayəndələri hesab edir ki, prezident seçkilərində Hillari Klintonun əleyhinə kiberhücumların təşkilinin arxasında birbaşa Vladimir Putin dayanıb. Demokratlar Partiyasının serverlərinin sındırılması barədə araşdırmalar davam etdikcə, Donald Trampın tərəfdarları arasında Putinə rəğbətin artdığı bildirilir. ABŞ kəşfiyyatının iki yüksək rütbəli nümayəndəsi NBC telekanalına açıqlamasında Putinin bu gizli əməliyyata cəlb olunması barədə məlumata malik olduqlarını vurğulayıblar.
Mənbənin açıqlamasına görə, Putin haker hücumları ilə ABŞ Demokratlar Partiyasının məxfi sənədlərini əldə etməyi tapşırıb. Bu məlumatı ABŞ xüsusi xidmət orqanları Avropadakı müttəfiqlərindən alıb. Demokratların qapalı yazışmaları seçkiqabağı kampaniyanın qızğın çağında Wikileaks saytında yer alıb və partiyanın imicinə zərbə vurub. Nəticədə Demokratlar Partiyasının Milli Komitəsinin rəhbəri Debbi Vasserman-Şuls istefa verib.
Rəsmi Vaşinqton birbaşa dəlillər təqdim etməsə də, hesab edir ki, hakerlər birbaşa Kreml üçün işləyiblər.
Müşfiq Abdulla
Cebhe.info