Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi faktını araşdırmaq üçün xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyəti dünən Ankaraya gəlib. Hər iki dövlətin yaradacağı birgə komissiya qətlin təşkilatçısını müəyyənləşdirməyə çalışacaq. Əgər sifarişçini müəyyən etmək mümkün olarsa, o zaman cinayətin hansı məqsədlə törədildiyi məlum ola bilər. Hələlik bütün ilkin ehtimallar A.Karlovun siyasi təxribat məqsədilə güllələndiyi barədə fikirlərdən ibarətdir.
Türkiyə və Rusiya isə birmənalı şəkildə bu hadisənin ikitərəfli münasibətləri pozmağa xidmət etdiyini bəyan edib. Həm Ankara, həm də Moskva daha çox bu silahlı hücumun öz düşmənləri tərəfindən həyata keçirildiyini sübut etməyə çalışır. Belə ki, Türkiyə rəsmiləri qətlin Fətullah Gülənin tərəfdarlarının təşkil etdiyi ehtimalı üzərində daha çox dayanırlar.
Ekspertlərin fikrincə, terrorun təşkilatçısı müəyyənləşsə də bu məlumat Türkiyə hakimiyyətində dövlət sirri olaraq saxlanılacaq. Türkiyə ictimaiyyətinə isə bu barədə açıqlama verilməyəcək.
Türkiyədən fərqli olaraq, Rusiya sui-qəsdi planlaşdıran qüvvələri məhv etməyə çalışa bilər. Çünki qeyd edilən üsul Kremlin ənənəvi siyasi taktikasına daxildir. Müşahidəçilərin qənaətinə görə, terrorun sifarişçisi olan dövlət və ya hərbi birləşmə üzə çıxarsa, o zaman Türkiyədən fərqli olaraq, Rusiya susmağa üstünlük verməyəcək. Federal Təhlükəsizlik Xidməti vaxtilə Çeçenistanda etdiyi kimi həmin dövlətin diplomatlarına və ya terror təşkilatının liderlərinə qarşı sui-qəsdlər həyata keçirməklə qisas ala bilər.
Ona görə də Türkiyə rəhbərliyi terror aktının FETÖ şəbəkəsi tərəfindən törədildiyinə dair iddianı qabartmaqla gülənçiləri Rusiya nişançılarının hədəfinə gətirməyə çalışır. Əlbəttə, sözügedən olayda Fətullah Gülən tərəfdarlarının rolunun nə qədər olub-olmadığını birgə yaradılmış istintaq qrupunun araşdırmaları müəyyən edəcək. Ancaq FETÖ-çülərin diplomatın öldürülməsində əlinin olduğu sübuta yetirilərsə, o zaman Gülən şəbəkəsinin Rusiya kimi böyük bir dövlətin hədəfinə çevrilməsi onların tamamilə məhvinə nail olmaq üçün prezident Ərdoğana yaşıl işıq yandırmış olar. Onu da qeyd etmək lazımdır ki, Fətullah Gülənin başçılıq etdiyi hərəkat AKP hakimiyyəti ilə daha çox Türkiyənin daxili siyasi çevrəsində mübarizəyə üstünlük verir. Prezident Ərdoğanı hakimiyyətdən salmaq üçün Suriya böhranı və ya Türkiyə-Rusiya münasibətlərinin pozulması əsas prioritet kimi götürülmür. Rusiya isə Türkiyə ilə münasibətlərin pozulmasında daha çox Qərbin maraqlı olması ehtimalı üzərində dayanır. Bu da Moskvanın iki ildən çoxdur ABŞ və Avropa Birliyi ilə düşmən münasibətlərdə olması ilə izah oluna bilər.
Son dövrlər Suriya cəbhəsində Türkiyə ilə maraqları xeyli üst-üstə düşən Rusiya bu regionda ABŞ-ı özünün başlıca geosiyasi rəqibi hesab edir. Hələb şəhərinin Rusiya-Əsəd ittifaqının nəzarətinə keçməsi Kremlin Suriya böhranında üstünlüyü ələ alması kimi qiymətləndirilir.
Bu baxımdan, rəsmi Moskva hesab edir ki, səfirin qətlə yetirilməsi Rusiyanın Qərb tərəfindən yenidən münaqişəyə cəlb etmək cəhdidir. Digər tərəfdən, Hələbin işğalından sonra Rusiya İdlib şəhərini ələ keçirmək üçün Suriyanın qərb sərhədləri boyunca Azad Suriya Ordusunun nəzarətində olan geniş bir ərazidə hərbi əməliyyatlara başlamağı planlaşdırır.Hazırda Hələb şəhərindən çıxarılan qaçqınlar da məhz həmin əraziyə təxliyyə edilir. Rusiyanın siyasi dairələri isə Andrey Karlovun öldürülməsini ABŞ başda olmaqla Qərbin Moskvanı həmin niyyətindən çəkindirmək üçün verdiyi mesajı kimi qəbul edir.
Üçüncü ehtimal qatil Mevlut Mert Altıntaşın “Əl-Qaida” terror təşkilatına yaxınlığı və rəğbətinin olması ilə bağlıdır. Yəni, atəş açmazdan öncə, polis əməkdaşı Mert Altıntaşın “Allahu Əkbər! Hələbi, Suriyanı unutmayın!” şüarını səsləndirməsi, səfiri Rusiyanın Hələbdə törətdiyi qırğına görə öldürdüyünü bəyan etməsi onun “Əl-Qaida” ilə bağlı olması qənaətini ortaya çıxarıb. Terror aktından dərhal sonra Rusiya telekanalları qatilin islam terrorçusu olduğu barədə xəbər yayıblar.
Bu barədə iddialar hələ təsdiqini tapmasa da cinayətkarın “Əl-Qaida” ilə əlaqələri üzə çıxarsa, terrorun “Ən-Nüsrə” Cəbhəsi silahlı birləşməsi tərəfindən hazırlandığına şübhə yeri qalmayacaq. Çünki Hələb şəhərində Rusiya -Əsəd-İran ittifaqına qarşı “Əl-Qaidə” terror təşkilatının bir qolu olan “Ən-Nüsrə” Cəbhəsi döyüşürdü. Rusiyanın Hələb şəhərini bombalaması nəticəsində “Ən-Nüsrə” yaraqlıları ciddi itkilər verib. Son günlər Türkiyə və Rusiya arasında əldə edilmiş razılaşmaya görə, “Ən-Nüsrə”Cəbhəsinin sağ qalan silahlıları mülki əhali ilə birlikdə Azad Suriya Ordusunun nəzarətində olan bölgəyə keçib.
Siyasi ekspertlərin təhlil etdiyi ehtimallardan biri də qətlin İran kəşfiyyatı tərəfindən törədilməsidir. Belə ki, son günlər Türkiyə ilə Rusiyanın Hələb məsələsində İranın iştirakı olmadan anlaşmasını Tehranın narazılıqla qarşıladığı bildirilir. Hələb şəhərindən qaçqınları daşıyan maşın karvanının İranın şiə milis dəstələri tərəfindən atəşə tutulması, 18 nəfərin qətlə yetirlməsi, 850 nəfərin girov götürülməsi kimi faktlar məhz İranın Türkiyə-Rusiya anlaşmasını pozmaq cəhdi hesab edilir. Ona görə də Rusiya, Türkiyə və İranın xarici işlər və müdafiə nazirlərinin dekabrın 20-də Moskvada keçirilmiş görüşündən bir gün öncə bu qətlin törədilməsi Ankara ilə Moskva arasında əldə edilmiş anlaşmanı pozmağa xidmət edə bilər.
Analitiklərin gəldiyi qənaətə görə, Moskva görüşündə tərəflərin Hələbin Rusiyanın təsir dairəsinə keçməsini tanıması paralel olaraq, həm də Suriya münaqişəsində nüfuzunu qəbul etməsi deməkdir. Eyni zamanda, Rusiya da Hələbin tutulması müqabilində Fərat çayının sol sahilini, o cümlədən, Əl-Bab şəhəri kimi strateji bir şəhəri Türkiyəyə güzəştə gedib. Suriyanın qərb və şimal əraziləri də daxil olmaqla böyük bir hissəsi hazırda Rusiya və Türkiyə arasında bölünmüş durumdadır. Bu isə İranın maraqlarına ziddir. Siyasi müşahidəçilər baş vermiş hadisə ilə əlaqədar diqqəti daha çox Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçiriləcək görüşə çəkir.
Yəni, Moskvada Rusiyanın üstünlüyünün qəbul olunması Astana danışıqlarına həlledici təsir göstərə bilərdi. Bu baxımdan, bəzi ekspertlər səfirin qətlə yetirilməsini münaqişə tərəflərinin Qazaxıstan paytaxtında keçiriləcək müzakirələrinə mane olmaq cəhdi hesab edir. Onu da qeyd edək ki, dekabrın 20-də Rusiyanın daha bir diplomatının qətlə yetirilməsi mövcud durum barədə dəqiq rəy söyləmək imkanını daha da mürəkkəbləşdirir. Rusiya Xarici İşlər Nazirliyində Latın Amerikası departamentinin şöbə rəisi Pyotr Polşikovun dünən gecə Moskvada mənzilində başından vurularaq qətlə yetirilməsi Kremli xarici siyasətdə son illərdən fərqli olaraq bir qədər ehtiyatlı addım atmağa vadar edə bilər.
Müşfiq Abdulla
Cebhe.info