Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov öldürüldü. Qətlin üzərindən xeyli müddət keçir, lakin işin məsuliyyətini heç bir terror təşkilatı üzərinə götürməyib. Qatilin hadisə yerindəcə güllələnməsi, qətli sirrə çevirdi. Niyə məhz Rusiya səfirinin vurulması bir sıra ehtimalları gündəmə gətirdi. Üzərində dayanılan əsas məqam, bunun isinən Rusiya - Türkiyə münasibətlərini pozmaq cəhdi olmasıyla bağlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu dedi, həmkarı Vladimir Putin də bunu təkrarladı.
Əgər söhbət iki dövlət arasındakı münasibətləri pozmaqdan gedirdisə, o zaman qətlin sifarişçisi Qərb, yaxud ABŞ-dan olmalıydı. Hələ güllələnmiş Karlov xəstəxanaya çatdırılmamış Ankaradan verilən ilk açıqlamada bu özünü göstərdi. Qanlı olay ABŞ-ın himayə etdiyi fətullahçı terror təşkilatının lideri Fətullah Gülənə bağlanıldı. İddia üzərindən aparılan araşdırma da qatil (polis) Mevlüt Mert Altıntaşın FETÖ ilə bağlantıları üzə çıxdı. Türk hökuməti bundan sonra Vaşinqtona müraciət etdi və himayə etdiyi Fətullah Güləni istədi. Lakin yenə rədd cavabı aldı. Ankaranın cavabı daha sərt idi: ABŞ-a qarşı dolayı yolla qətlin sifarişçisi ittihamını irəli sürdü. ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi ittihamları qəbul etmədi və bunu “gülünc” adlandırdı.
Karlov həqiqətən öldürülüb?
Nəzərə alsaq ki, Rusiya - Türkiyə münasibətlərinin isinməsindən nə Avropa İttifaqı, nə də ABŞ razı deyil, bu baxımdan sifarişin Qərbdən gəldiyi daha ağılabatandır. Lakin sui-qəsd nəzəriyyəçiləri daha ilginc iki ehtimalın üzərində də dayanmağı məqbul sayırlar. Düzdür, bu iddialar o qədər məntiqli görünmür, amma qətlin üzəri tam açılmayıb, sirr çözülənədək irəli sürülən hər iddia bizi həqiqətə bir az da yaxınlaşdıracaq. İki ehtimaldan birinə görə, Andrey Karlov öldürülməyib, bu sadəcə qurulmuş süni səhnə idi. Səfirin qatıldığı tədbirə kostyumun altından qoruyucu jiletlə gəldiyi bildirilir. Elə qətletmə prosesində də səfirin bədənindən kənara dağılan ən xırda qan izi yox idi. Halbuki ona 9 güllənin vurulduğu deyilir. 9 güllə isə o deməkdir ki, mərmilər Karlovun sinəsini darmadağın etməliydi, cəsədi qan içində olmalıydı. Vurulduqdan sonra yerə yıxılarkən ehtiyatlı davrandığı da kadrlarda açıqca görünür.
Yerə uzandıqdan sonra tam səliqəli formada idi. Qolları eyni formada yanlara açılmışdı. Ən azından ilk güllə dəyərkən ağrı hiss etməliydi və əliylə güllə vurulan yeri tutmalıydı, bu da olmadı. Əksinə səfirin qolları yana açılmışdı, halbuki əlləri cəsədinə bitişik, yaxud azacıq aralı olmalıydı. Nəzəriyyəçilər bunu Andrey Karlovun aktyorluq istedadının olmamasıyla əlaqələndirirlər.
Təkbirə qalxan sol əl, divar qarşısındakı “təhlükə”
Qatilin qətldən sonra oynadığı oyun da süni görünürdü. Sanki əzbərlənmiş sözləri təkrar edirdi. O, özünü dindar göstərmək işində də istedadlı deyildi. Gətirdiyi təkbirə (“Allahu-əkbər”) sol əlini qaldırdı. Özünü “Hollivud” film qəhrəmanları kimi aparırdı, tapançanın tutuşundan aldığı həzz də açıq formada hiss olunurdu. Üstəgəl heç bir ehtiyac olmadığı halda qatil səfirin arxa fonunda dayanmışdı.
Altıntaş o yerdə dayanmışdı ki, adətən belə görüşlərdə həmin fonda mühafizəçinin dayanmasına ehtiyac olmurdu. Arxa divar idi və buradan Karlovun həyatı üçün heç bir təhlükə yoxuydu. Bu da səhnənin qurama olduğu ehtimalını gücləndirir. Qətldən əvvəl qatilin gərgin və həyəcanlı olması da gözdən qaçmırdı. Həm də inandırıcı deyil ki, ən gizli formada sui-qəsd planlarını, başqa dövlətlərdə keçiriləcək siyasi çevrilişlərin əvvəldən üzərinin açılmasında peşəkar olan rus kəşfiyyatı bundan xəbərdar olmasın. Bu, keçmiş KQB zabiti və hər libasda SSRİ-nin ən məxfi tapşırıqlarını yerinə yetirən Putinin də profilinə uyğun deyildi.
Ürəkdayanması
Karlovu öldürmək lazım deyildi. Çünki o, Rusiyada Asiya dövlətlərini və Türkiyəni yaxşı tanıyan ən nadir diplomatlardan biri idi. Elə təyyarə böhranından sonra Rusiya - Türkiyə münasibətləri müharibə həddinə çatanda Andrey Karlov daha təmkinli davrandı.
Tərəflər arasında dialoqun qurulması işində aktiv fəaliyyət göstərdi. İyulun 15-də FETÖ-nün dövlət çevrilişinə cəhd edəcəyi məlumatını da Moskvaya Karlovun ötürməsi də iddialar arasındadır. Bu həmin xəbər idi ki, Moskva bununla Ərdoğanın hakimiyyətini və özünü xilas etdi. Ərdoğan sonradan buna bir minnət borcu kimi baxdı və Putinlə masaya oturdu. Rəfə qaldırdığı və Avropanı rus qazından asılı saxlayacaq layihələri ortaya atdı. Yəni Karlov həqiqətən ölübsə, onu güllələr yox, həyəcan və gözlənilməz ürək dayanması həyatla vidalaşdırıb.
Sifarişçi kimdir?
Andrey Karlovun öldürülmədiyi ehtimalını irəli sürən nəzəriyyəçilərə görə, oyunun sifarişçisi Rusiyadır. Tədricən “Qərb blok”undan uzaqlaşan Türkiyənin də bu oyunda iştirak etdiyi bildirilir. Dəqiq ifadə etsək, bu, Türkiyənin blokdan çıxmasına hazırlanmış legitim zəmin ola bilər. Bu, Rusiyaya o qədər lazım deyil, amma Türkiyəyə lazımdır. Çünki Türkiyə hökuməti ictimai rəylə hesablaşan azsaylı dövlətlərdən biridir. İctimai rəydə möhkəmlənmiş əsas fikir Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlıdır. Siyasi olaraq məsələ gündəmində olmasa da KİV-lər, sosial şəbəkələr, hətta çəkilən filmlər və ictimai müzakirələrdə də məsələ öz istiliyini itirməyib.
Belə olan halda cəmiyyətə Qərbi Türkiyəni parçalamağa çalışan qüvvə qismində göstərmək lazım gələ bilərdi ki, bunun da yolu Karlovun qətlindən keçirdi. İndi Türkiyənin siyasi gündəliyinə hər fürsətdə ABŞ və Aİ-nin üzərinə daha aqressiv gedilməsi mövzusu olacaq. Artıq Ankaranın Qərblə danışıq jarqonunun sərtliyi cəmiyyətə təsir etməyə başlayıb. Vətəndaşlar qətli həyata keçirməkdə ittiham olunan Fətullah Güləni ABŞ-dan tələb etməyə başlayıblar. ABŞ da qaytarmır və bu da ictimai rəydə o fikri yaradır ki, elə Gülənə tapşırığı Amerikanın özü verib. Əgər Gülən Türkiyəyə ekstradisiya olunsa, bu zaman həqiqətləri aça və ABŞ-ı ələ verə bilər. Vaşinqton da təkidlə Ankaranın tələbini geri çevirdikcə, özünə qarşı olan şübhələri artırır.
Qətlin həyata keçdiyini inanan analitiklərə görə, ABŞ buna getməzdi. Çünki başa düşə bilərdi ki, Rusiya Türkiyədə çətinliklə möhkəmlənib, belə asanlıqla çıxmayacaq. Elə Putinin ilk açıqlaması da bununla bağlı oldu ki, Türkiyə ilə münasibətlərini pozmaq istəyirlər, qətl də buna görə törədilib. ABŞ-ın Putinin belə davranacağını əvvəldən gözlədiyi şübhəsiz idi, buna görə də belə bir qərarla münasibətlərə təsir imkanlarını nəzərdən keçirəcəyi inandırıcı olmazdı.
FETÖ, yoxsa Rusiya?
İkinci ehtimal sırf Rusiya ilə bağlıdır. Yəni qətlin sifarişçisi yalnız Rusiyadır və Türkiyənin bundan əvvəldən xəbəri olmayıb. Rusiya öz səfirini qətlə yetirməklə Türkiyəyə təzyiq imkanlarını artıra bilərdi. Bu halda Türkiyə ilə danışıqlar masasında öz tələb və təkliflərini diktə edən tərəf olacaqdı. Plan dəqiqliyiylə reallaşdırılmışdı. Çünki bu, qətlə dünya savaşına yol aça biləcək təhlükəli bir qərar idi. Amma hələləlik bu ab-hava hiss olunmur. Türkiyə isə bundan özünə dəyəcək zərərlərin qarşısını əvvəldən almaq üçün qətli FETÖ və Qərbə bağladı. Bu, Putinin maraqlarına uyğundur. Çünki Ankara sifarişin daxildən verilmədiyini göstərmək üçün Qərbin üzərinə daha sərt gedəcəkdi ki, bu da münasibətləri qırmaq həddinə gətirə bilərdi.
Belə də olur. Qətldən sonra tarixdə ilk dəfə Qərb və Türkiyə biri-birinə qarşı açıq mübarizəyə keçdi. Aradakı hörmət pərdəsi də qalxıb. Şübhəsiz ki, proseslər bu məcrada davam etdikcə, Türkiyənin NATO və digər Qərb bloklarından uzaqlaşması prosesi sürətlənəcək. Lakin qətlin FETÖ tərəfindən həyata keçirilməsi ehtimalı daha güclüdür. Çünki elə qətli həyata keçirən də bu şəbəkənin üzvü idi. Burada qərarı FETÖ təktərəfli formada - ABŞ-la məsləhətləşmədən verə bilərdi. Nəticədə Gülənin özbaşına gördüyü iş ABŞ-ı pis vəziyyətdə qoydu.
Nəzərə alsaq ki, FETÖ o qədər də güclü siyasi mütəxəssislərdən ibarət komanda deyil, bu zaman da qətlin sonradan yaradacağı ağır nəticələri əvvəldən hesablamadıqları şəksizdir. Lakin qətlin sifarişçisinin kim olmasından asılı olmayaraq, bu gözlənilməz hadisə bütün hallarda Rusiyanın işinə yarayır. İndən sonra başlayacaq danışıqlar prosesində Rusiya Türkiyə qarşısında diktə edən tərəf olacaq.
Mənsur
Cebhe.info